Ərdoğan azərbaycanlı alim Aygün Attarı böyük vəzifədən niyə çıxardı...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attarı vəzifədən çıxarıb. Azərbaycan mətbuatı bu barədə Türkiyə mediasına istinadən məlumat verib.
Qeyd olunur ki, Aygün Attar Təhlükəsizlik və Xarici Siyasət Şurasından xaric edilib.
Xatırladaq ki, azərbaycanlı alim 2021-ci ildə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilmişdi.
Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinat almadığını Aygün Attarın özü də təsdiqləyib.
Ərdoğan Aygün Attarı tutduğu vəzifədən niyə çıxarıb? Səbəb nə ola bilər?
Tənzilə Rüstəmxanlı: "Özünün açıqlaması belədir ki, başqa bir yerdə çalışacağına görə öz ərizəsi ilə ordan gedib"
Millət vəkili Tənzilə Rüstəmxanlı "Bakı-Xəbər"ə bildirdi ki, məlumatına görə, A.Attar bu vəzifədən öz ərizəsi ilə çıxıb. "Aygün Attar Türkiyədə kifayət qədər tanınan, xidmət göstərən bir insandı. O öz açıqlamasında deyib ki, onu başqa bir yerdə dəyərləndirəcəklər. Açıqlamasına baxsanız, görərsiniz. Burda kiminsə açıqlamasına nə ehtiyac var?
Bu barədə mənim ətraflı məlumatım yoxdur. Məlumatım odur ki, Aygün Attar Türkiyədə çalışan bir elm adamıdır, Azərbaycanla, Zəngəzurla bağlı dövlətin nəzarətində, nəzdində çap olunan bir neçə kitabın müəllifidir. Uzun illərdir Türkiyədə yaşayır, Türkiyə vətəndaşıdır və bəlkə də Türkiyədə universitet rektoru olmuş ilk azərbaycanlı elm adamıdır.
Özünün açıqlaması belədir ki, başqa bir yerdə çalışacağına görə öz ərizəsi ilə ordan gedib. Yəni çıxarılmayıb"-deyə millət vəkili bildirdi.
Aqil Ələsgər: "Aygün xanım da daxil olmaqla şuradakı başqa şəxslərin səlahiyyət müddəti başa çatıb, yeni üzvlər təyin olunub"
"Yeni Çağ" media qrupunun rəhbəri Aqil Ələsgər də "Bakı-Xəbər"ə bildirdi ki, burda söhbət A.Attarın vəzifəsindən kənarlaşdırılmasından getmir: "Əvvəla, bir məsələyə aydınlıq gətirmək lazımdır ki, əbədi vəzifə deyilən bir şey yoxdur. Vəzifə verilir, vəzifə alınır, bunu iki ölkə arasındakı münasibətlərlə əlaqələndirməyin, ona başqa bir rəng verməyin özü Türkiyə siyasətini, Türkiyə cəmiyyətinin məsələlərə münasibətini bilməməkdən irəli gəlir. Burda məsələ Aygün xanımın və yaxud digərinin işdən, vəzifədən çıxarılması məsələsi deyil. 2023-cü ildə İbrahim Kalın Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədri idi. İbrahim Kalın başqa bir vəzifəyə getdiyi üçün faktiki olaraq bu qurumun yenilənməsi lazım idi. Türkiyə prezidenti Ərdoğan tərəfindən şuranın yeni üzvləri təsdiq olunub. Aygün xanım da daxil olmaqla şuradakı başqa şəxslərin səlahiyyət müddəti başa çatıb, yeni üzvlər təyin olunub. Məsələ bu qədər bəsitdir".
A. Ələsgər dedi ki, bunu fərqli şəkildə yozmaq, fərqli yönlərə yönləndirmək təəssüf doğurur. "Onlar dörd il müddətinə seçilmişdi, indi səlahiyyət müddətləri başa çatıb və yenidən təsdiq olunmayıblar. Yəni Aygün Attarın "vəzifəsindən çıxarılması"ndansa" yenidən təsdiq olunmayıb" kimi yazmaq daha doğru olar, nəinki "Ərdoğan hansısa bir azərbaycanlı alimi işdən çıxardı, qovdu" yazmaq.
Eyni zamanda Azərbaycan-Türkiyə münasibətləri elə bir fövqəl səviyyədədir ki, hansısa şəxslərin, fərdlərin məsələlərdəki rolları çox minimal xarakter daşıyır. Bu gün Türkiyə-Azərbaycan münasibətləri İlham Əliyev və Ərdoğan sayəsində elə bir səviyyəyə çatdırılıb ki, bu gün orda, yaxud burda hansısa kiminsə vəzifədə olması və ya olmaması məsələyə o qədər də təsir etmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Türkiyə Cumhuriyyətinin qurulmasında Azərbaycandan olan ziyalıların, aydınları çox ciddi xidmətləri olub.
Azərbaycan türkləri də Cumhuriyyətin təməl daşlarını atanlardandır. Yəni Türkiyə Cumhuriyyətində, Türkiyə ictimai rəyində Azərbaycanın rolu, Azərbaycana olan münasibət çox fərqlidir, yüksək səviyyədədir, çox müsbətdir. Bu baxımdan yenə də deyirəm, bunu fərdi məsələlərlə, kiminsə vəzifəyə təyin olunub-olunmaması ilə müqayisə etmək olduqca yanlışdır"-deyə A. Ələsgər bildirdi.
İradə SARIYEVA