"Qlobal qapı" və ya "bir kəmər bir yol" demək fərq etməz - əsas oyunçu Azərbaycanla Çindir...

Azərbaycan və Çin bu gün Avrasiyada çox önəmli tərəfdaşlar hesab olunur. Qeyd edək ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından artıq 33 il keçir. Bu illər ərzində əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Onu da qeyd edək ki, iki ölkə arasında münasibətlər dövlətlərin liderlərinin də xüsusi maraq dairəsində yer alır. Bu məqam prezidenti İlham Əliyevin "Yeni dünya nizamına doğru" mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forumda bir daha diqqət mərkəzinə gətirilib. Burada səslənən fikirlərdən bir daha bəlli olub ki, Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Bu arada onu da xatırladaq ki, ki, 2019-cü ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin bu səfəri çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənəd imzalanıb. ADA Universitetində çıxışı zamanı isə dövlət başçısı imzalanan sənədlər sırasında Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannaməni də xüsusi qeyd edib: “Həmin Bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən yaşıl enerji sahəsində. Deyə bilərəm ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri Günəş panelləri təchizatçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Biz, həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq. Müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqa başlayırıq. Hesab edirik ki, bu, uğurlu proses ola bilər. Çünki artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir. Bizim üçün də təchizatın coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmaq maraqlı olar. Orta Dəhlizə - Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada “qlobal qapı” adlandırmağa çalışırlar. Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq “Bir kəmər, bir yol” layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur. Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər”. Bu arada qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Avropa ilə Asiya arasında ticarət yollarının yeni marşrutlarının yaranması prosesi Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini xeyli artırıb. Azərbaycan Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.
Dünyanın aparıcı dövlətlərindən olan Çinlə imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha yaxından əməkdaşlıq etmək mümkün oldun. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bakı və Pekin arasında nəqliyyat-logistika, iqtisadi-enerji sahələrində həyata keçiriləcək layihələr xeyli intensivləşib. Azərbaycan-Çin münasibətlərinin mühüm inkişafı enerji, elektroenergetika sektorunda da özünü qabarıq göstərir. Bu kontekstdə Çinin müvafiq şirkətləri Azərbaycanın enerji sektoruna xüsusi maraq göstərir. “Yaşıl enerji” Çinlə Azərbaycan arasında inkişaf etməkdə olan münasibətlərin mühüm istiqamətlərindən biridir. “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında Çinin “Dongfang” şirkətinin iştirakı, “Acwa Power” şirkətinin Azərbaycanda yaşıl enerji ilə bağlı inşa etdiyi stansiyanın texniki təminatında Çin şirkətlərinin rolunu rəsmi Bakı yüksək qiymətləndirir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan-Çin əməkdaşlığı sadəcə, nəqliyyat-logistika sahələri ilə məhdudlaşmır. Bu əlaqələr bir çox istiqamətləri əhatə edir və həyata keçirilməkdə olan layihələrin miqyası hər keçən il daha da genişlənir. Bütün bunlar iki ölkənin də maraqlarına cavab verir. Elə o səbəbdən, qarşıdakı dövr ərzində Azərbaycan-Çin münasibətlərinin daha dinamik inkişafı gözlənilir. Azərbaycan uzun illərdir ki, xarici siyasət hədəflərindən biri Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə edilməsinə çalışıb. Nəticə də göz önündədir. İqtisadi əlaqələrdən bəhs edərkən, ilk növbədə, vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan mühüm siyasi-iqtisadi əməkdaşlıq əlaqələri regionlararası əməkdaşlıq və inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır. Ümumən, Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. O da mühüm nüansdır ki, separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir. Ümumən Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirir.
Tahir TAĞIYEV