Fransa əlcəzairli mühacir müxalifətçini oğurlatdı, aləm bir-birinə dəydi...

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib. “France24” telekanalının xəbərinə görə, Fransanın xarici işlər naziri Jan Noel Baro deyib ki, Əlcəzairin müvafiq qərarı bu ölkənin üç vətəndaşının Fransada həbs olunması ilə bağlıdır: “Əgər rəsmilərimizin ölkədən çıxarılması qərarı qüvvədə qalarsa, bizim dərhal cavab verməkdən başqa seçimimiz olmayacaq”.
Aprelin 11-də Paris prokurorluğu Əlcəzairin ölkədəki konsulluq rəsmisi də daxil, üç əlcəzairlini adam oğurluğunda ittiham edib. Bu şəxslər 2024-cü ilin aprelində sosial media inflüenseri Əmir Buxorsun Paris ətrafında oğurlanmasında şübhəli biliniblər. Buxors Əlcəzair hökumətinin tənqidçisidir və “TikTok” platformasında bir milyondan çox izləyicisi var. O, 2016-cı ildən Fransadadır və 2023-cü ildə siyasi sığınacaq alıb. Buxors 2024-cü ilin aprelində oğurlanıb və, vəkilinin sözlərinə görə, ertəsi gün sərbəst buraxılıb. Əlcəzair hökuməti həmin inflüenserin məhkəmə qarşısına çıxması üçün ölkəyə qaytarılmasını tələb edir. Ona qarşı fırıldaqçılıq və terrorla bağlı ittihamlar irəli sürülüb və haqqında doqquz beynəlxalq həbs orderi çıxarılıb. Bunlar fonunda Əlcəzair Fransanın bu ölkədəki səfiri Stefan Romateni Fransada konsulluq əməkdaşının həbsi ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb. Əlcəzair Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransadakı konsulluq işçilərindən birinin həbs edilməsi ilə bağlı Fransa səfiri Romata sərt etiraz notası təqdim edilib. Bəyanatda Əlcəzair Xarici İşlər Nazirliyinin baş katibi Lounes Mekramanın Fransa səfiri Romateni nazirlik binasında qəbul etdiyi və Əlcəzairin Fransa məhkəmə orqanlarının forma və məzmunca diplomatik toxunulmazlığa malik konsulluq məmuru haqqında qərarına qarşı olduğu vurğulanıb. Xarici İşlər Nazirliyi qeyd edib ki, konsulluq əməkdaşı diplomatik kanallar vasitəsilə əvvəlcədən xəbər verilmədən ictimai yerdə saxlanılıb. Qeyd edək ki, daha əvvəl Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Onlardan birinin – Dualemnin deportasiya edilməsi və dərhal geri qaytarılması isə diplomatik münasibətləri daha da gərginləşdirib. Fransa tərəfindən təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin gün bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzairin bu reaksiyası qarşısında Fransa bəyan edib ki, influenseri qəbul etməməklə Əlcəzair Parisi alçaltmağa çalışır. Bu arada onu da qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl rəsmi Rabatın statusu qeyri-müəyyən olaraq qalan Qərbi Sahara üçün Mərakeşin suverenliyi altında muxtariyyət planını qəbul etdikdən sonra iki ölkə arasında münasibətlər pisləşib. Qeyd edək ki, Makron Mərakeş Kralı VI Məhəmmədə hakimiyyətinin 25-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubunda bildirmişdi ki, Fransa Qərbi Saharada 1976-cı ildən bəri səngiməyən münaqişənin həlli ilə bağlı Mərakeş planını dəstəkləyir. Fransa prezidentinin mövqeyi Əlcəzair rəhbərliyinin kəskin tənqidinə səbəb olmuşdu. Əlcəzairin Xarici İşlər Nazirliyi həddindən artıq narazılığının əlaməti olaraq səfirinin Parisdən geri çağırıldığını və iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı salındığını elan etmişdi. Əlcəzair və Mərakeşin maraqları “tanınmamış muxtariyyət” olan Qərbi Sahara ərazisində toqquşur. Xatırladaq ki, Mərakeş, Əlcəzair və Mavritaniya ilə həmsərhəd olan bu ərazi 1976-cı ildə ispanların keçmiş müstəmləkələrini tərk etdikdən sonra “İspan Saharası”nın yerində qurulmuşdu. 266 min kvadratkilometrlik ərazi Mərakeş və Mavritaniya arasında bölünmüşdü. Bununla belə, o zaman yaradılan “Polisario Qurtuluş Cəbhəsi” üsyançı hərəkatı 1976-cı ildə “Sahara Ərəb Demokratik Respublikası”nı elan etmişdi. Üsyançıların təzyiqi ilə Mavritaniya 1979-cu ildə qoşunlarını geri çəkmiş və nəticədə ərazinin 80 faizi hərbi cəhətdən daha güclü olan Mərakeş Krallığının nəzarəti altına keçmişdi. “Polisario Cəbhəsi” hazırda yalnız Mavritaniya sərhədi boyunca əraziyə və Əlcəzairlə sərhəddəki dar bir zolağa nəzarət edir. O vaxtdan həmin ərazi Əlcəzair və Mərakeş arasında münasibətlərə mənfi təsir göstərir. Fransa da bundan yararlanmağa can atır.
Hazırda münasibətlərdə davam edən gərginlik Fransa hakimiyyətinin yanlış siyasətinin növbəti təzahürüdür. Ümumiyyətlə, indi bir çox ölkələr, o cümlədən də Əlcəzair Makron hakimiyyətinin iç üzünü ifşa edir, Parisin kolonialist siyasət yürütdüyünü faktlarla sübuta yetirir. Bunun nəticəsidir ki, son 1 ildə Fransa silahlı birləşmələri artıq bir neçə Afrika ölkəsini tərk etmək məcburiyyətində qalıb - bu ölkələr, yeni mərhələdə özünün iqtisadi azadlıqlarını da əldə ediblər. Bu günə qədər müstəmləkəçi siyasətə və soyqırıma məruz qoyulmuş, milli sərvətləri talan edilmiş ölkələr artıq Parisə qarşı açıq etiraz səslərini ucaldırlar. Əlcəzair və Fransa arasında isə heç vaxt dostluq münasibətləri olmayıb. İki ölkənin münasibətlərinə Fransanın işğalçılıq keçmişi hələ də güclü təsir göstərir. Burada onu da qeyd edək ki, Parisin keçmiş müstəmləkələrin müstəqil siyasət yürütmək cəhdlərinə isterik reaksiyası bu günə qədər Fransanın müstəmləkə zülmündən əziyyət çəkən Afrika ölkələrinin öz faktiki müstəqilliklərinə doğru irəliləməsinə mane olmur. Fransanın öz qoşunlarını qitənin növbəti ölkəsindən, bu dəfə münasibətləri korlamağı bacardığı Çaddan çıxarmağa məcbur olması da bunun təsdiqidir. Təbii ki, bu işdə Azərbaycanın rolu böyükdür. Ölkəmizin təşəbbüsü ilə başlanan Bakı Təşəbbüs Qrupu hərəkatı bütün dünyada Fransa kolonializminin ifşasında mühüm rol oynayıb.
Samirə SƏFƏROVA