Rusiya Ermənistanı Aİİ-dən çıxarmaq anonsunu verdi...

Rusiya son günlərdə Ermənistana yönəlik hədələrin sayını yenidən artırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiya yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə mövcud iqtisadi əlaqələrinə yenidən baxılmasına gətirib çıxaracaq.
Yəqin ki, bu, Ermənistan əhalisi üçün də daxil olmaqla, kifayət qədər ağrılı proses olacaq: “Söhbət Rusiya və ya başqasının çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı istisna etmək və ya ona zərər verməməkdən getmir. Ötən il ticarət dövriyyəmiz təqribən 12 milyard dollar təşkil edərək əhəmiyyətli artım nümayiş etdirib. Bizim heç bir şəkildə Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz”.
Onun sözlərinə görə, məsələ budur ki, obyektiv olaraq Aİ və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil, çünki bu ittifaqlar müxtəlif gömrük və tarif tənzimləmələrinə malikdir: “Mahiyyətcə fərqli iqtisadi bloklardır. Müvafiq olaraq, erməni tərəfdaşlarımız müəyyən məqamda hansı istiqamətə getdiklərinə qərar verməli olacaqlar: Avropa İttifaqına inteqrasiya və ya Aİİ vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsi”. Qaluzin əlavə edib ki, Aİ-yə inteqrasiya qərarının nəticəsi əhalisi də daxil olmaqla, Ermənistan üçün kifayət qədər ağrılı olacaq: “Ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nələri itirəcəyini və Avropa İttifaqına daxil olmaqla əslində nə qazanacağını öz əhalisinə izah edəcək. Digər tərəfdən, indiki mərhələdə Avropa İttifaqı Ermənistan və digər ölkələr üçün nədir? Bu, giriş üçün qeyri-müəyyən perspektivləri olan tələblər və meyarlar toplusudur. Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Aİİ xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq.Bu, yəqin ki, kifayət qədər ağrılı proses olacaq, o cümlədən təəssüf ki, Ermənistan əhalisi üçün. Ehtimal etmək məntiqlidir ki, ölkə rəhbərliyi Aİİ-dən çıxmaqla nələri itirə biləcəyini, Avropa İttifaqına üzvlükdən əslində nə qazana biləcəyini öz əhalisinə izah edəcək. Bunların hamısı əsasən efemer ideologiyalardır və real iqtisadi əməkdaşlıq deyil. Hətta bu gün Ermənistanın Aİ ölkələrinin hər biri ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır. Onu da qeyd edək ki, Aİ Ermənistanın əsas iqtisadi tərəfdaşı və strateji müttəfiqi olan Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır. Bu, Rusiyaya strateji məğlubiyyət vermək və ölkəmizi zəiflətmək, Ukrayna böhranının siyasi-diplomatik yolla həllinə, sülhə nail olmağa yönəlmiş istənilən hərəkətləri əngəlləmək, Rusiya ilə onun MDB, ATƏİB-dəki strateji tərəfdaşları və müttəfiqləri arasında münasibətlərə zərbə vurmaq cəhdlərindən ibarətdir. Rəsmi İrəvanda ümid edirəm ki, onlar bu vəziyyəti görürlər və buna uyğun qiymət verirlər. İndiyə qədər Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir strukturundan çıxmayıb. Onun ötən il, 2024-cü ildə Aİİ-yə uğurlu sədrliyini yüksək qiymətləndiririk, buna görə də əməkdaşlığımız davam edir. Ölkənin nümayəndələri MDB orqanlarının bütün tədbirlərində, bütün ekspert görüşlərində də fəal iştirak edirlər”. Baş verənləri şərh edən “armenianreport” portalı yazır ki, bunlar rusların daha sərt ritorikaya keçməsinin göstəricisidir: “Belə bir vaxtda Moskvada Avrasiya forumu keçirilir. Tədbirdə həm Ermənistan Respublikasının vətəndaşları, həm də Rusiya diasporunun və Rusiya siyasi elitasının nümayəndələri iştirak ediblər. Onlar burada yenidən Ermənistana sevgilərini bəyan ediblər. Bizi dəhşətli nəticələr doğuracaq Aİ-yə qoşulmaqdan çəkindirməyə çalışıblar. Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Boris Çernışov isə ölkəmizə “Ermənistanın azad, müstəqil, suveren olmasını, inkişaf etməsini” arzulayaraq, “Rusiya ilə Ermənistan arasında tarixi əlaqələri pozmağa çalışan” qüvvələrin olmasından şikayətlənib.
Görünür, ermənilərə təkcə kötək deyil, kökə də göstərmək lazım olduğunu anlayan təşkilatçılar sözü RT və “Sputnik”in baş redaktoru Marqarita Simonyana veriblər. O, daha sərt olub. O, Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi vəziyyətini simulyasiya edib: "Rusiya çox kədərlənəcək. Amma Ermənistan, çox güman ki, mövcud olmayacaq. Dəhşət budur”, - deyə baş redaktor bildirib. Bəs “Avrasiya platformalarında” bizə nə təklif edirlər? Cəngəllik qanunları və vassallıq. Rusiya mahiyyətcə orta əsrlər ölkəsi kimi qalır. Bəli, Marqarita Simonyan haqlıdır, Ermənistan həqiqətən də “heç mövcud olmamaq” təhlükəsi altındadır. Hökumətimiz son dərəcə onurğasızdır. Amma bu təhlükə - bizim məhvimiz - Rusiyanı tərk etdiyimizə görə deyil. Və bu vəziyyətdən çıxmağımız üçün bizi qorumaq istəməyən və müttəfiqlik öhdəliklərini yerinə yetirmək niyyətində olmayan zəiflərdən uzaq olmaq lazımdır. Avropa ölkələri ilə daha güclü əlaqələr qurulmalıdır. Bəli, onların da öz problemləri var, o cümlədən müxtəlif ölkələrindən gələn miqrantlarla, amma ən azından orada öz iradəsini nümayişkaranə şəkildə, yerli padşahların göstərişi ilə mərkəzə diktə edən, qanunları pozan, orta əsrlərə aid, qaranlıq nizamlar quran muxtariyyətlər yoxdur”. Hələlik Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqından ayrılmasına imkan verməyəcəyini göstərməyə çalışır. Əks halda cəza tədbirlərini işə salacağnı rəsmən, amma hələ ki dolayı yolla ifadə edir. Erməni ekspert Mika Badalyan məsələ ilə bağlı bildirir: ““Erməni cəmiyyəti Rusiya ilə əlaqələrin vacibliyini dərk edir və bu şəraitdə əlaqələrin möhkəmləndirilməsində xalq diplomatiyasının rolu son dərəcə vacibdir. Ermənistan hakimiyyətinin Rusiyaya münasibəti tamamilə qərəzlidir və respublikanın milli maraqlarına tamamilə ziddir. Onlar ölkənin maraqlarından çıxış etmir və Rusiya ilə əlaqələri pozmağa çalışırlar. Bu da Ermənistan dövləti üçün ölümə bərabərdir. Xalq Rusiya ilə əlaqələrin oynadığı rolu anlayır, bütün riskləri dərk edir və ölkə rəhbərliyinin iddialarının əksinə olaraq, Avropa İttifaqına daxil olmaq üçün heç də həvəsli deyil. Belə bir şəraitdə xalq diplomatiyasının qurulması son dərəcə vacibdir”.
Nahid SALAYEV