AŞPA-nın qərəzi üzündən Azərbaycan Avropa Məhkəməsini boykot etdi...

Abutalıb Səmədov: "Çox təəssüf ki, Azərbaycan hakimiyyəti belə bir qərar vermək məcburiyyətində qaldı...
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq:
"Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrıseçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər".
Prezidentin bu mövqeinə sizin münasibətiniz necədir?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, Azərbaycan 2002-ci ilin 15 aprelində Avropa İnsan Hüquqları Konvensiyanın və onun protokollarının ratifikasıya edilməsi barədə sənədi depositariyaya təqdim etdi: "Həmin gündən həm Avropa İnsan Hüquqları Konvensiyası, həm də onun protokolları qüvvəyə minmiş sayıldı. Həmin vaxtdan etibarən Azərbaycanın yurisdiksyası altında olan şəxslərin, o cünlədən vətəndasların, vətəndaşlığı olmayan və hüquqi şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yarandı. 2002-ci ildən Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarları ardıcıllıqla icra etməyə başladı. Çox təəssüf ki, bu müddət ərzində Avropa Şurası Azərbaycana qarşı dəfələrlə ədalətsiz qərarlar verdi. 2024-cü ilin yanvarında isə ümumiyyətlə Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin qəbul edilməməsi barədə Parlament Assambleyası qərar qəbul etdi. Buna etiraz əlaməti olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaslığını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldi və bu barədə bəyanat verdi. AŞPA Azərbaycanı nədə günahlandırır? Qəbul edilən qətnamədə deyilirdi ki, Bakı ölkədə demokratiyanın təmin edilməsi, qanunun aliliyi prinsipinin gözlənilməsi, insan hüquq və azadlıqlarına hörmətlə yanaşılması kimi öhdəliklərini yerinə yetirmir. Daha sonra qeyd edilir ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi təmin edilmir, məhkəmə hakimiyyəti müstəqil deyil, eyni zamanda qanunverici hakimiyyət icraedici hakimiyyət qarşısında çox zəifdir. Eyni zamanda, AŞPA-nin qəbul etdiyi qətnamədə Azərbaycan və onun hakimiyyətini demokratik institutların funksional fəaliyyətini təmin etməməkdə günahlandırırdı. Qətnamədə çirkli pulların yuyulmadı, mütəşəkkil cinayətkarlıqla mübarizə, korrupsiya, ən əsası LGPT qruplarının hüquqlarının qorunmaması, jurnalistlərin həbsə atılması və s. məsələləri Azərbaycan hakimiyyətinin günahı kimi qeyd edirdilər. Sonrada isə əsas məsələnin üzərinə gəlinirdi ki, Dağlıq Qarabağda ermənilərin hüquqları təmin edilməyib, Laçın dəhluzi uzun müddət qapalı saxkanılib və 100 mindən çox erməni bölgəni tərk etmək məcburiyyətində qalıb. Əslinə qalsa, AŞPA-nı qane etməyən, onu narahat edən sonuncu məsələlər idi. Azərbaycan da buna qəti surətdə etiraz etdi. Nümayəndə heyətimiz bəyan etdi ki, dəfələrlə Qarabağla bağlı məsələ qaldıranda bizə deyilib ki, AŞPA həmin məsələni müzakirə edəcək format deyil. Onların fikrincə, Dağlıq Qarabağla bağlı məsələlər AŞPA-da deyil, digər formatlarda müzakirə edilməli idi. Lakin eyni məsələ ermənilər tərəfindən qoyulanda Azərbaycana qarşı qəbul edilən qətnamədə ermənilərin hüquqlarınin pozulması, "onların Azərbaycanı tərk etməyə məcbur olunması", Laçın dəhlizinin uzun müddət qapalı saxlanılması kimi məsələlər həqiqətə uyğun olmayan şəkildə həmin qətnanədə öz əksini tapdı. Təbii ki, Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı, Avropa İnsan Hüquqları Məhkəməsi hakimlərinin seçilməsində iştirak etmədi. Azərbaycan prezidentinin ADA Universitetindəki çıxışında o məhkəmələrin çıxardığı qərarların Azərbaycanda icra edilməyəcəyini bəyan etdi. Azərbaycan prezidenti açıq şəkildə dedi ki, Avropa Məhkəməsinin heç bir qərarı bizim üçun heç bir qüvvəyə malik deyil, biz qərarları verən hakimlərin kim olduğunu bilmirik. Azərbaycana qarşı olan haqsızlığa, ayriseçkiliyə və təcrid siyasətinə etiraz olaraq bəyan edildi ki, bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarları icra etməyəcəyik.
Çox təəssüf ki, Azərbaycan hakimiyyəti belə bir qərar vermək məcburiyyətində qaldı, çox təəssüf ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq məcburiyyətində qaldı. Vəziyyətin bu yerə gəlib çıxmasında günahkar Azərbaycana qarşı ədalətsiz mövqe tutan Avropa Şurası və Parlament Assambleyasıdır. Əgər nə vaxtsa münadibət dəyişərsə, yəqin ki, ortaya çıxan bu problemləri də aradan qaldırmaq mümkun olacaq. Münasibət dəyişməyəcəyi təqdirdə AŞPA Cənubi Qafqazda lider dövlət olan Azərbaycanla hec bir münadibət qurmadan fəaliyyət göstərmək məcburiyyətində qalacaq. Bundan da, sözsüz ki, həm Azərbaycan, həm də Avropa Şurası itirəcək. Ümid edək ki, onlar da öz fəaliyyətinə tənqidi nöqteyi-nəzərdən yanaşmağa başlayar və vəziyyəti düzəltmək üçün müəyyən addımlar atılar. Əks halda Azərbaycanla Avropa Şurasının münasibətlərini bərpa etmək çox çətin olacaq".
Dəniz NƏSİRLİ