AB-nin Orta Dəhliz bəyanatı Azərbaycanın kəskin etirazını doğurdu...

Əli Orucov: “Ermənistanın Orta Dəhlizdə olmayan rolunu hansısa formada gündəmə gətirməyin mənası yoxdur”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccüblənib:
“O, orada özlərinin Avropanın “qlobal qapısı” adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı, Xəzər daşımaları – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır”.
“Reallıqda onlar özləri yaxşı bilirlər ki, bu məsələdə erməni tərəfinə ehtiyac yoxdur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Orta Dəhlizin Ermənistan-Türkiyə sərhədlərinin açılmasına heç bir dəxli yoxdur: “Avropa İttifaqı rəsmiləri bilmir ki, Ermənistandan ötrü hansı oyunlardan çıxsınlar. Bu, 90-cı illərdə neft kəməri məsələsini xatırladır. O vaxt Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdi. Ancaq Qərb çalışırdı ki, Azərbaycan neftini dünya bazarına çıxaracaq kəmər Ermənistandan keçsin. Ortada işğal faktı ola-ola biri Ermənistana demirdi ki, əraziləri azad edin, sonra kəmər ölkənizdən keçsin. İndi də həmin Avropa İttifaqı Ermənistana Zəngəzur dəhlizi ilə bağlı zərrə qədər də olsun təzyiq göstərmir. Halbuki, Zəngəzur dəhlizi bizim üçün nə qədər vacibdirsə, Avroitttifaq üçün də o qədər böyük əhəmiyyət kəsb edir. Çünki Aİ ilə Çin və Orta Asiya arasında ən qısa ticarət yoludur. Zəngəzur dəhlizinin işə düşməsi həm daşıma xərclərinə müsbət təsir edəcək, həm də yüklərin nisbətən daha tez ünvanına çatdırılmasına şərait yaradacaq. Zəngəzur dəhlizindən bir kəlmə danışmırlar, amma Türkiyə ilə sərhədlərin açılmasından, Ermənistanın Orta Dəhlizə “töhfəsindən” danışırlar. Məgər Baki-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizi tamamlamır? İlbəil Çin və Orta Asiya ölkələrinin bu xətt boyunca yükdaşımaları artır. Üstəlik, Ağbənddən İrana körpü, yol çəkilir. O məqsədlə ki, daşımalar artacaq və təkcə BTQ kifayət etməyəcək. Bir sözlə, Ermənistanın Orta Dəhlizdə olmayan rolunu hansısa formada gündəmə gətirməyin mənası yoxdur. Bu ölkənin Türkiyə ilə sərhədləri açılsa da, açılmasa da sözügedən dəhliz fəaliyyətdədir. Sadəcə, Ursula Fon der Lyayen Ermənistanın olmayan rolunu şişirtməkdən ötrü müxtəlif tədbirlərdə bunu gündəmə gətirir. Reallıqda onlar özləri yaxşı bilirlər ki, bu məsələdə erməni tərəfinə ehtiyac yoxdur. Sadəcə, Ermənistanla bağlı siyasi məqsədlər olduğundan belə deyirlər”.
Vidadi ORDAHALLI