“Azərbaycan Konstitusiyasında ərazi iddiaları var” fikri məhv edildi...

Elşad Həsənov: “Ermənistan rəsmilərinin sözü ilə əməli bir deyil və onlara etibar etmək olmaz”
Ermənistandan fərqli olaraq, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır. Bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən panel müzakirəsində Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyana cavabında deyib.
Mirzoyan analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını iddia edib. Nazir Bayramov isə cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı, Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı. Bayramov onu da vurğulayıb ki, Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan, sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq.
“Bir tərəfdən sülh müqaviləsinin imzalanması, o biri tərəfdən Konstitusiyada ərazi iddialarının qalması yolverilməzdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, artıq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin maddələri razılaşdırılıb: “Artıq martın 13-də bu haqda Ermənistan tərəfi bizim bütün tələblərimizə cavab verməyə hazır olduğunu bildirib. O cümlədən, sülh müqaviləsi mətninin hazır olduğunu bildiriblər. Ancaq əsas məsələ Ermənistan Konstitusiyası ilə bağlıdır. Məsələ ondadır ki, Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiası məsələsi hələ də qalır. Təbii ki, ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı Ermənistan bizim fikirlərimizi dəstəkləmir. Antalyada keçirilən tədbirdə də cənab Bayramov məhz bu məsələni qabartdı. Sözügedən məsələ ilə bağlı açıq və dəqiq danışdı. Bütövlükdə, Prezident Əliyev bu barədə dəfələrlə bildirib. Bildirib ki, Ermənistanın Konstitusiyasında ərazi iddialarını çıxarmasa və Minsk Qrupunun buraxılmasına səs verməsə, sülh sazişi imzalanmayacaq. Çünki bir tərəfdən sülh müqaviləsinin imzalanması, o biri tərəfdən Konstitusiyada ərazi iddialarının qalması yolverilməzdir. Dünyanın heç bir yerində belə halın mövcud olması mümkün deyil. Biz də bunu dəfələrlə bildirmişik. Mirzoyan isə deyir ki, sülh sazişini imzalayan vaxt eyni vaxtda Minsk Qrupunun buraxılmasına Ermənistan razılıq verəcək. Fikrimcə, belə yanaşma aldadıcı oyundur. Paşinyan çıxışlarında real Ermənistandan danışır, amma praktikaya gəldikdə isə, addımlar atmır. İndi də Mirzoyan utanmadan deyir ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var. Hardadır elə bir maddə? Biz deyirik ki, Ermənistandan qovulan azərbaycanlılar dinc yolla öz dədə-baba torpaqlarına qayıtmalıdılar. Məgər bu, ərazi iddiasıdır? Bütün bunlar onu göstərir ki, Ermənistan rəsmilərinin sözü ilə əməli bir deyil və onlara etibar etmək olmaz”.
Vidadi ORDAHALLI