Azərbaycan bu ölkədə ilk səfirlik açan dövlət ola bilər... Prezident çağırış etdi...

Məhərrəm Zülfüqarlı:"Azərbaycan bu sahədə cəsarətli addımlar ata bilər, digər türk respublikaları da Azərbaycandan nümunə götürər"
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar türk dövlətlərinə ölkəsində səfirlik açmaları ilə bağlı çağırış edib.
O, bu barədə IV Antalya Diplomatiya Forumunda çıxışında deyib.
E.Tatar bəzi türk dövlətlərinin Kiprin yunan hissəsini tanımaq cəhdlərinə münasibət bildirərək qeyd edib ki, bu, Avropa İttifaqının (Aİ) təlqinləri ilə həyata keçirilir: “Mən türk dövlətlərini eyni münasibəti Şimali Kiprlə də qurmasını istərdim”- o deyib.
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi təmsil olunması təklifini ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev irəli sürdü və Şimali Kipr bu təşkilatda müşahidəçi üzv kimi təmsil olunur.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib: "Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı".
Prezident Əliyev əlavə edib: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.
Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.
Bu gün Şimali Kiprin prezidenti də türk dövlətlərinə çağırış edib ki, gəlin, bu ölkədə səfirlik, konsulluq açın.
Azərbaycanın o məsələdə ən qabaqcıl bir ölkə kimi Şimali Kiprdə səfirlik açması nə zaman mümkün olar? Bunu tezliklə etmək olarmı?
"Azərbaycanın qardaş respublikanın müstəqilliyini tanıması və orda konsulluq, səfirlik açması üçün tam şərait yaranıb"
Siyasi ekspert Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycanın Türk Kiprində səfirlik, ya konsulluq açması aktuallaşıb və bu proses tez bir zamanda başlamalıdır.
"Quzey Kıbrıs Türk Cumhuriyyəti ilə bağlı məsələlər, əvvəlki illərdə olduğu kimi, bu gün də aktualdır. Əvvəlki dövrlərdə Azərbaycan üçün siyasi vəziyyət tamamilə başqa cür idi. 44 günlük müharibədən və 23 saat 45 dəqiqlik lokal antiterror tədbirlərindən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra vəziyyət tamamilə dəyişib. Nəyə görə? Yəni torpaqlarımız işğal altında olduğu dövrdə Quzey Kıbrıs Türk Cumhuriyyətini tanısaydıq, orda səfirlik, konsulluq açsaydıq, onda Azərbaycana düşmən olan ölkələr qondarma "Dağlıq Qarabağ" rejimini tanıya bilərdi. Rusiya da, Ermənistan da riyakarlıq edərək qondarma "respublikanı" tanımırdı, özlərini elə göstərirdilər ki, problemə guya heç bir qarışacaqları yoxdur, Azərbaycanın ərazilərini işğal edən guya Qarabağdakı ermənilərdir".
M.Zülfüqarlı hesab edir ki, torpaqlarımız işğaldan azad ediləndən sonra tamamilə yeni siyasi reallıqlar formalaşıb və biz bu gün bu addımı ata bilərik. "O dövrdə biz o addımı atsaydıq, qardaş türk respublikası olan Quzey Kıbrıs Türk Cumhuriyyətini tanısaydıq, orda səfirlik, konsulluq açsaydıq, onda Ermənistan və onun havadarları da işğalda olan torpaqlarımızda bu addımı atardılar. İndi Azərbaycan qalib dövlətdir, böyük gücə malikdir, qardaş Türkiyə, Pakistan kimi müttəfiqləri var. Azərbaycan bu sahədə cəsarətli addımlar ata bilər, digər türk respublikaları da Azərbaycandan nümunə götürər. Hesab edirəm ki, Azərbaycanın qardaş respublikanın müstəqilliyini tanıması və orda konsulluq, səfirlik açması üçün tam şərait yaranıb.
Yəni birinci konsulluğun açılması, sonra digər əməkdaşlıqların inkişafı mümkündür. Bu bizə də, qardaş Quzey Kıbrıs Türk Cumhuriyyətinə də hava-su kimi lazımdır. Azərbaycan dövləti, Azərbaycan Prezidenti, Azərbaycan xalqı bu istiqamətdə bütün lazımı addımları atır. Fikrimcə, bu işdə ilk olaraq Azərbaycan addım atacaq və o biri türk respublikaları da onun ardınca gedib Quzey Kıbrıs Türk Cumhuriyyətində öz konsulluqlarını, səfirliklərini açacaqlar. Bu olduqca vacib bir məsələdir".
İşlədiyi universitetin kollektivi ilə birgə Quzey Kıbrısda olduğunu deyən M.Zülfüqarlı bildirdi ki, o çox böyük imkanlara malik bir respublikadır: "Quzey Kıbrısda yaşayan türklər deyirdilər ki, bir millət, üç dövlət. Üç dövlət, bir millət şüarında Azərbaycanı, Türkiyəni və özlərini birləşdirirlər. Buna görə də, biz qardaş Türkiyənin yanında olmalıyıq, çünki Quzey Kıbrıs Türk Cumhuriyyətinin yaradıcısı qardaş Türkiyə olub. Bu gün Quzey Kıbrıs Türk Cumhuriyyəti ilə bağlı addım atmaq üçün Azərbaycanın hər cür imkanı var. Gələcəkdə bu proses digər türk dövlətləri tərəfindən də dəstəklənərsə Quzey Kıbrıs Türk Cumhuriyyəti öz bayrağını BMT qarşısında dalğalandıra bilər. Biz bunu çox arzulayırıq və onun gerçəkləşməsi üçün əlimizdən gələni edirik".
İradə SARIYEVA