Mirzoyan Azərbaycanın konstitusiya ilə bağlı tələbindən yayındı

Ermənistan XİN rəhbəri Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmaq, o cümlədən diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyini bəyan edib. “Türkiyə və Ermənistan anlayır ki, danışıqların son məqsədi diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması da daxil olmaqla münasibətlərin tam normallaşmasıdır”. Bu barədə şənbə günü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. Antalyada keçirilən Diplomatik Forum çərçivəsində jurnalistlərə açıqlama verən Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündə ikitərəfli münasibətlər və regional inkişafı müzakirə edib. “Biz hər ikimiz başa düşürük ki, son məqsəd münasibətləri tam normallaşdırmaq, o cümlədən diplomatik münasibətlər qurmaq və bütün sərhədləri açmaqdır”, - deyə Mirzoyan bildirib. Görüşdə münasibətlərin normallaşdırılması üçün potensial imkanlar da müzakirə olunub. "Bizim dialoqumuz təkcə rəsmi diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı deyil. Söhbət iki ölkə arasında baş verə biləcək genişmiqyaslı ticarətdən gedir. Biz bəzi birgə enerji layihələri və tranzit imkanlarını da müzakirə etdik", - deyə Mirzoyan qeyd edib. Ermənistanın xarici işlər naziri əlavə edib ki,bundan başqa, biz beynəlxalq forumlarda əməkdaşlıq mövzusuna toxunduq. Çünki reallıq göstərir ki, bəzən, məsələn, Yaxın Şərq məsələlərinə gəldikdə, bizim baxışlarımız, təsəvvürlərimiz güman ediləndən də yaxın olur", Mirzoyan vurğulayıb ki, Ankara ilə İrəvan arasında “hava məkanından istifadə” kimi sahələrdə artıq müəyyən konkret addımlar atılıb və hər iki ölkənin ekspertləri Marqara-Əlikan sərhəd-keçid məntəqəsi və Gümrü-Qars dəmir yolu ilə bağlı müzakirələr aparıblar. Bununla belə, o, bəzi sahələrdə irəliləyişin dalana dirəndiyini də etiraf edib. “Bizim aramızda üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasporta malik Ermənistan və Türkiyə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı razılaşmamız var idi: “Təəssüf ki, bu saziş hələ də həyata keçirilməyib”. Azərbaycanla Ermənistan arasında münasibətlərə, Azərbaycanla sülh danışıqlarına gəlincə, Mirzoyan bildirib ki, saziş imzalanmağa hazırdır. Azərbaycanın sülh sazişi çərçivəsində ATƏT-in Minsk qrupunun buraxılması şərtini şərh edən Mirzoyan bəyan edib ki, əgər münaqişə yoxdursa, “bu Minsk qrupuna da ehtiyac yoxdur”. Nazir qeyd edib ki, İrəvan eyni gündə Azərbaycanla sülh sazişi və Minsk qrupunun buraxılması ilə bağlı sənəd imzalamaq istəyir. Azərbaycanın ərazi bütövlüyünə təminat şərti kimi Ermənistanda konstitusiya dəyişikliyi tələbinə cavab verən Mirzoyan bildirib ki, artıq kifayət qədər təminatlar mövcuddur. Və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması qarşıdan gələn sülh sazişinə daxil ediləcək. Mirzoyan onu da qeyd edib ki, saziş imzalandıqdan sonra Ermənistan artıq Aİ-nin monitorinq missiyasının olmasını da tələb etməyəcək.
Surxay Əliyev