Tramp Azərbaycanın Avropadan gözləntilərinə "son qoydu"...

Azər Həsrət: “Avropa Birliyindən bizə ümid yoxdur, qərəzlidirlər, birtərəflidilər, özəlliklə də Fransa ən öndə getdiyinə görə ermənipərəstdilər”
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə bağlı gözləntiləri dəyişib və Trampın hakimiyyətə gəlişi ilə bu dəyişiklik tamamlandı.
Prezident bu barədə bildirib: “...Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrinizin mövzusu da dəyişib.
Prezident Trampın hakimiyyətə gəlməsi ilə bu dəyişiklik tamamlandı. Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur. Bir ölkə olaraq Azərbaycan özünü bu regionda rahat hiss edir”.
Prezidentin bu fikirləri nə deməkdir?
“ABŞ Avropa Birliyi ilə ənənəvi münasibətləri dəyişir və belə bir şəraitdə Azərbaycan da hər şeydən öncə öz təhlükəsizliyini önə çəkməlidir “
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a şərhində “Bu suala cavab verməmişdən əvvəl xatırlatmaq istərdim, Prezident İlham Əliyev 2024-cü ilin fevralında növbəti dəfə xalqdan etimad alıb Prezident seçildikdən sonra andiçmə mərasimi zamanı bir fikir sələndirdi ki, bizi heç kim heç yerdə gözləmir, bizim ailəmiz türk dünyasıdır, bütün perspektivimiz buna bağlıdır. Yəni ordan hərəkət edərək bu suala cavab vermək istərdim. Əslinə qalanda, bu gün Prezidentin o fikri səsləndirməsi yeni bir məsələ deyil, zatən ona qədər Prezident artıq o istiqaməti bizə nişan vermişdi. Əlbəttə ki, əvvəlki illərdə də bu istiqamətlə bağlı fikirlər səsləndirilib. Yəni Azərbaycan Avropa Birliyinin birtərəfli və qərəzli mövqeyindən illərdir əziyyət çəkir. Təbiidir, o əziyyətin nəticəsi olaraq biz düşünürük ki, Avropa Birliyi Azərbaycana münasibətdə ədalətli mövqe tutmayacaq. Tutmayacağı təqdirdə, də təbiidir ki, biz Avropa Birliyindən çox şey gözləyə bilmərik”-deyə bildirdi.
A.Həsrətin fikrincə, Trampın hakimiyyətə gəlməsi ilə bu məsələnin tam olaraq dəqiqləşdirilməsinə gəlincə, məsələ ondadır ki, Tramp ABŞ prezidenti olaraq vəzifəsinə başlayan kimi Avropa Birliyi ilə ölkəsi arasındakı münasibətlərə yeni ovqat gətirib: “Faktiki olaraq, Avropadan qarşılıqlı aslılığı sıfıra endirib və Avropa həyəcan içindədir. Yəni Amerika meydandan çəkiləcəyi təqdirdə Avropanın, özəlliklə də Rusiyanın təhlükəsi ilə üz-üzə qalma məsələsi var. Təbiidir ki, belə bir şəraitdə Azərbaycan Avropa Birliyi ilə eyni mövqedən çıxış edib Rusiya ilə qarşıdurmaya da gedə bilməz. Yəni bizim strateji maraqlarımız bunu mümkün etmir. Azərbaycan illərdir ki, Rusiya ilə münasibətləri ağılla, təmkinlə idarə edir və bundan sonra da belə etmək fikrindədir. Amma biz nə görürük? Onu görürük ki, Trampın hakimiyyətə gəlişindən sonra Avropa Birliyi, Avropa ölkələri ilə Rusiya arasındakı münasibətlərdə daha üst gərginlik dövrü başlamaqdadır. Təbiidir ki, burda Azərbaycan tərəf olmalı deyil. Tərəf olacağımız təqdirdə biz çox ciddi zərər görə bilərik.
Düşünürəm ki, cənab Prezident ADA universitetinin Qarabağda keçirdiyi beynəlxalq forumda sualara cavab verərkən məhz bu fikri nəzərdə tutub. Yəni Avropa Birliyindən bizə ümid yoxdur, qərəzlidirlər, birtərəflidilər, özəlliklə də Fransa ən öndə getdiyinə görə ermənipərəstdilər. İkinci tərəfdən də, ABŞ Avropa Birliyi ilə ənənəvi münasibətləri dəyişir və belə bir şəraitdə Azərbaycan da hər şeydən öncə öz təhlükəsizliyini önə çəkməlidir”.
İradə SARIYEVA