Ermənistan ancaq bu şərtlə Azərbaycan-Gürcüstan birliyinə qoşula bilər...
Ceyhun Məmmədov: “Azərbaycanla Gürcüstanın müttəfiqliyi bölgəmizə sülhün gəlməsidir”
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında həm region, həm də dünya üçün olduqca vacib mesajlar verib, çağırışlar edib. Prezident Əliyev Avropa İttifaqına, eləcə də region dövlətlərinə yönəlik fikirlər bildirib, Gürcüstan və Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsinin vacib olduğunu bəyan edib.
Prezident İlham Əliyev çıxışında deyib: “...Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır.
Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu, ədalətsizlikdir. Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik.
Əvvəlki suallar zamanı müzakirə etdiyimiz kimi, Cənubi Qafqazda imkanları nəzərdən keçirdikdə bizim əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur. Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o qara məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik”.
Prezident İlham Əliyev forumda çıxışında onu da bildirdi ki, biz Avropa Birliyi, Avropa Komissiyası, Avropa Parlamenti ilə əməkdaşlıq etməyə hazırıq, ancaq Gürcüstanın maraqlarını qurban vermək bahasına yox. Məsuliyyəti öz üzərimizə götürməliyik, yəni Azərbaycanla Gürcüstan məsuliyyəti öz üzərinə götürməlidir, Ermənistan da konstitusiyanı dəyişsə gəlib bu prosesə qoşulacaq.
Bu siyasət Qafqazda bundan sonrakı proseslərdə Azərbaycanın Gürcüstanla birlikdə Ermənistana qarşı ittifaqının daha da gücləndirilməsinə gətirib çıxara bilərmi?
“Gürcüstan Azərbaycanla bir yerdə Ermənistanı bu prosesə cəlb etmək və Ermənistanın bölgəmizdə sülh prosesinə maneçiliyini aradan qaldırmaq üçün...”
“Gürcüstan Azərbaycanla bir yerdə Ermənistanı bu prosesə cəlb etmək və Ermənistanın bölgəmizdə sülh prosesinə maneçiliyini aradan qaldırmaq üçün...”
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a şərhində “Burda söhbət ondan gedir ki, bu gün Avropa təsisatları, Avropa Şurası, Avropa Parlamenti Azərbaycana və Gürcüstana qarşı ikili standartlarla davranmağa davam edir. Hər iki ölkəyə qarşı davamlı olaraq tədbirlər keçirir, addımlar atır. Cənab Prezidentin dediyi ondan ibarətdir ki, bu təsisatlar, bu qurumlar xalqın iradəsi ilə hesablaşmalıdır, xalqın iradəsini qəbul etməlidirlər. Onlar bunu nəzərə almalıdırlar, xalqın iradəsi əsas götürülməlidir, başqa məsələlər yox”-deyə bildirdi.
C.Məmmədovun fikrincə, bu gün reallıq ondan ibarətdir ki, üç Cənubi Qafqaz respublikasına münasibət tamam fərqlidir və eyni deyil, bu da birmənalı olaraq Azərbaycan tərəfindən ədalətsiz bir yanaşa kimi qəbul edilir. “Bu gün Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirirlər, tam müstəqil olaraq öz xarici dövlət siyasətini yerinə yetirirlər. Ermənistanda isə vəziyyət bir az fərqlidir, onlar bunu nəzərə almalıdırlar. Cənab Prezident çıxışında bəzi məsələləri də qeyd etdi. Düşünürəm ki, burda Azərbayanın Gürcüstanla kiminsə əleyhinə ittifaqından söhbət getmir. Söhbət ondan gedir ki, bu iki ölkə arasında yaxşı münasibətlər var. Cənubi Qafqazda təhlükəsizliyə, əməkdaşlığa ən böyük zərər vuran, xələl gətirən, problem yaradan Ermənistandır. Burda Azərbaycanla Gürcüstan bir yerdə anlaşaraq bölgəyə sülhün gəlməsi üçün addımlar atmalıdırlar. Ermənistan bu yöndə təxribatlarına, addımlarına son qoymalıdır. Burda Azərbaycanla Gürcüstanın müttəfiqliyi bölgəmizə sülhün gəlməsidir. Cənab Prezident qeyd etdi ki, Gürcüstan tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlik bir sıra təkliflər verib. Yəni müttəfiqlik bu məcrada ola bilər. Amma biz bunu Ermənistanın əleyhinə bir fərqlilik kimi formalaşdırmamalı və qəbul etməməliyik. Yəni biz məsələyə belə yanaşmalıyıq ki, Gürcüstanla Azərbaycan Ermənistanı bu prosesə cəlb etmək və Ermənistanın bölgəmizdə sülh prosesinə maneçiliyini aradan qaldırmaq üçün əməkdaşlıq edə bilərlər. Bu bizim bölgəmizdəki proseslərə birmənalı olaraq öz müsbət töhfəsini verəcək”-deyə C.Məmmədov bildirdi.
İradə SARIYEVA