Bakıda gizli İsrail-Türkiyə danışıqları - kritik razılaşma əldə olundu, İsrail ağır şərtlər qoyur...

Məlum olduğu kimi, Azərbaycan İsrail və Türkiyə arasında Suriya üçün münaqişənin aradan qaldırılması mexanizminin yaradılması üzrə ilk texniki görüşə ev sahibliyi edib. Görüş yəhudi dövlətinin ötən həftə Ankaranın nəzarəti ələ keçirmək istədiyi aerodromları bombalamasından sonra keçirilib.
Benyamin Netanyahu hökuməti Türkiyə bazalarının onun aviasiya azadlığına mane olmasını istəmir. Yəhudi tərəfinin fikrincə, Ankara Suriyanın şimal bölgələrində formalaşdırdığı təsir zonasında qalarsa, İsrail tərəfi kifayət qədər məmnun olardı.
İndi bütün ziddiyyətlərin Azərbaycanda çözülməsi üçün müvafiq addımlar atılır. Netanyahunun ofisi İsrail və Türkiyə arasında ikitərəfli məsləhətləşmələrin aparıldığını açıqlayıb. Onun ofisinin məlumatına görə, İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbinin başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən Müdafiə Nazirliyi və təhlükəsizlik qurumlarının nümayəndələri türkiyəli həmkarları ilə danışıqlar aparmaq üçün Bakıya səfər ediblər. İsrail baş nazirinin ofisinin bəyanatında deyilir: “İsrail Azərbaycan və prezident İlham Əliyevə mühüm danışıqlara ev sahibliyi etdiyinə görə təşəkkür edir, bu danışıqlar zamanı tərəflər regiondakı maraqlarını qeyd ediblər və təhlükəsizliyin sabitliyini qorumaq üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər”. Bir sıra nəşrlərin mənbələrinin bildirdiyinə görə, ölkələr əvvəllər Rusiya və İsrail arasında mövcud olan modelə uyğun olaraq Suriya üçün münaqişənin aradan qaldırılması mexanizminin işə salınması barədə razılığa gəlməyə çalışıblar. Danışıqlardan xəbərdar olan mənbə “Yedioth Ahronoth” nəşrinə bildirib: “İsrail açıq şəkildə bildirdi ki, Suriyada xarici qoşunların yerləşdirilməsi ilə bağlı hər hansı dəyişiklik, xüsusən də Palmira bölgəsində türk bazalarının yaradılması qırmızı xəttdir və etibara zərbə hesab olunacaq. İsrail keçmişdə belə təhdidlərin qarşısının alınmasının Dəməşq hökumətinin vəzifəsi olduğunu açıq şəkildə bəyan edib”. Onun sözlərinə görə, yəhudi dövlətini təhlükə altına qoyan istənilən hərəkət Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın hakimiyyəti üçün təhlükə olacaq. Bundan əvvəl regional nəşrlər Türkiyənin mərkəzi Homs əyalətindəki Tiyas bazasına nəzarət etmək üçün Dəməşqdəki keçid administrasiyasından icazə aldığını bildirmişdilər. Palmira ərazisindəki aerodrom da ayrıca müzakirə olunub. “The Middle East Eye” nəşrinin mənbələrinin məlumatına görə, hərbi obyektlərdə Türkiyə istehsalı olan zərbə silahları və hava hücumundan müdafiə sistemləri olmalı idi. İsrail təhlükəsizlik güclərindəki mənbələr “Yedioth Ahronoth” bildirblər ki, Türkiyənin Suriyanın mərkəzi bölgəsindəki bazaları İsrail Hərbi Hava Qüvvələrinin əməliyyat azadlığını təhdid edir. 2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin süqutuna qədər İrana yaxın qüvvələr bölgədəki infrastrukturun çoxuna nəzarət edirdi.
Ekspertlərə görə, Türkiyə ənənəvi təsir zonasında – Suriyanın Türkiyə sərhədlərinə bitişik olan şimal bölgələrində qalarsa, İsrail bunu dəstəkləməyə hazırdır. Ankara bazalarının respublikanın cənubunda və mərkəzində yerləşdirilməsini nəzərdə tutan variantlar istisna edilir. Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, Suriya Türkiyənin köməyi ilə bütün problemləri, o cümlədən müdafiə sahəsində də məsələlərin öhdəsindən gələ bilər: “Əvvəlcə niyyətimiz, sonra fürsətimiz və nəhayət, görmə qabiliyyətimiz var”. Nazir əlavə edib ki, Türkiyə özünə hücum etməyən heç bir ölkəyə açıq hücum etməyəcək: “Lakin qonşu ölkədə bizə zərər verə biləcək qeyri-sabitlik yaranarsa, passiv qala bilmərik. Biz addımlar atacağıq, amma diplomatik addımlardan başlayacağıq. Biz təkcə İsraillə deyil, Suriya ərazisində heç bir ölkə ilə münaqişəyə girmək fikrində deyilik". Türkiyə ilə münaqişə riski hazırda Suriyada İsrail Müdafiə Qüvvələrinin qoşunlarının üzləşdiyi yeganə təhlükə deyil. İsrail KİV-i xəbər verir ki, Suriyanın cənub rayonlarında anti-İsrail əhval-ruhiyyəsi güclənir.Bu məlumatlara görə, yerli sakinlər İsrail hərbçilərinə müqavimət göstərmək üçün səfərbər olurlar. Son həftələr bufer zonada cənublularla yəhudi dövləti qüvvələri arasında gərginlik xeyli artıb. Keçən həftə Nava şəhərində İsrail ordusu ilə Suriya əhalisi arasında ən böyük qarşıdurma baş verib. Bu, yerli din xadimlərinin cənubluları açıq şəkildə israillilərlə qarşıdurmaya çağırmasından sonra baş verib. Yaxın Şərq üzrə ekspert Anton Mardasovun verdiyi məlumata görə, Netanyahu ABŞ prezident administrasiyasındakı əhval-ruhiyyəni yaxşı hiss edir və Vaşinqtonun maraqlarına zidd hərəkətlərin nə vaxt mümkün olduğunu, nə vaxt isə etməməyin daha yaxşı olduğunu anlayır: “Buna görə də, əlbəttə ki, Donald Trampın Netanyahu ilə görüşdə Ərdoğan və Türkiyə ilə bağlı mövqeyi və ictimai müsbət şərhləri rol oynadı: İsrailin baş naziri dialoqun intensivləşdirilməsi və konkret məqamlarla doldurulmasının lazım olduğunu açıq şəkildə başa düşdü. Bakının hər iki tərəflə əlaqələrini nəzərə alsaq, Azərbaycandakı görüş bunu asanlaşdıra bilər. Maraqlıdır ki, Netanyahu ABŞ-a İsrail və Türkiyə texniki danışıqlarda razılaşdıqdan sonra gəlib. Ola bilər ki, bu, inandırılmalı olan oyunçu kimi görünməmək üçün qəsdən edilib. Eyni zamanda, Ankara Qəzza, indi isə Suriya məsələsində israillilərə qarşı sərt ritorikasına baxmayaraq, İsrail tərəfi ilə münasibətlərin statusunu aşağı salsa da, onların dəyərini anlayaraq bütün əlaqələri kəsməyib. Aydındır ki, Türkiyənin son bir neçə həftə ərzində Suriyaya həqiqətən də əlavə qüvvələr və resurslar daxil etməsinə baxmayaraq, Homsda türk bazasının yerləşdirilməsi ilə bağlı xəbərlər danışıqlar ərəfəsində vəziyyətin sınağı idi”.
Tahir TAĞIYEV