Antalya Diplomatik Forumu Azərbaycanın əla nümayiş platforması olacaq...

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın yeni inkişaf dövrü başlanıb. Ölkənin gələcək uzunmüddətli dayanıqlı inkişafına diqqət yetirməsi, bu istiqamətdə davamlı titanik işlər həyata keçirməsi prezident İlham Əliyevin milli maraqların qorunmasına, müdafiəsinə əsaslanan sistemli, hərtərəfli düşünülmüş və məqsədyönlü fəaliyyətinin əsasında yer alır.
Ümumiyyətlə, uzaqgörən siyasi lider kimi İlham Əliyev prezidentliyinin ilk günlərindən Azərbaycanın transformasiyası, onun müasir, iqtisadi cəhətdən inkişaf etmiş, siyasi cəhətdən güclü dövlətə çevrilməsi üçün müvafiq addımlar atıb və atmaqdadır. Bütün bunlar həm də onunla nəticələnib ki, Azərbaycan beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi qəbul olunub. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünya birliyində sabitlik, inkişaf məkanı olaraq tanınır.
Bununla yanaşı, müxtəlif beynəlxalq tədbirlərə prezident İlham Əliyevin və digər dövlət rəsmilərinin dəvəti Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və dövlət başçısının dünya siyasətçiləri sırasında yüksək mövqeyinin bir daha təsdiqidir. O da faktdır ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünya səviyyəli tədbirlərdə fəal iştirak edir və mühüm qlobal məsələlərin həllinə töhfə verir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrliyi bunun bariz nümunəsidir. Ötən il Azərbaycanın COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi də ölkəmizə göstərilən beynəlxalq etimadın bir göstəricisidir. Azərbaycan son illər ərzində mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edərək bu etimadı dəfələrlə doğruldub. Hər bir beynəlxalq tədbir Azərbaycanın öz siyasəti və mövqeyi ilə bağlı mesajlarının bu mötəbər platformalar vasitəsilə çatdırılması və səmərəli müzakirələrin keçirilməsi üçün əlverişli imkan yaradır. Bu platformalarda Azərbaycan təkcə öz maraqlarını deyil, həm də beynəlxalq ədalətin təmin olunmasını müdafiə edir və bu istiqamətdə təşəbbüskar kimi çıxış edir. Xatırladaq ki, son bir neçə ildə prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, prezident İlham Əliyev aprelin 11–13-də Türkiyənin Antalya şəhərində keçiriləcək IV Antalya Diplomatiya Forumunda iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Qeyd edək ki, Dördüncü Antalya Diplomatik Forumu Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusu ilə açılıb. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya hesab olunur. Onu da bildirək ki, forumda 140 ölkədən 450-yə yaxın nümayəndə həm müasir şəraitdə dialoqun qurulması məsələlərini, həm də müxtəlif regionlarda münaqişələrin həlli yollarını müzakirə edəcək. Mövzuların çeşidi müxtəlif regionlardakı vəziyyəti əhatə edir: Yaxın Şərqdən Asiya-Sakit okean regionuna, Afrikadan Latın Amerikasına qədər. Qlobal gündəm, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə və humanitar problemlər də diqqət mərkəzində olacaq. Forum çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçiriləcək. İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir. Ankaranın birbaşa xarici siyasət maraqları sferasına daxil olan məsələlərə xüsusi diqqət yetirilməsi planlaşdırılır. Təşkilatçılar bildiriblər ki, forum iştirakçıları arasında 20-dən çox dövlət və hökumət başçısı, 2 parlament sədri, 74 nazir, 23 nazir müavini və 11 parlament üzvü var. Forumun işini 50 ölkədən minə yaxın jurnalist işıqlandırır. Ümumiyyətlə, üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur. Heç şübhəsiz, prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə Azərbaycan və Türkiyə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq. Dövlət başçsının Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Türkiyə-Azərbaycan münasibətlərinin özünəməxsus xarakteri və sabitliyi regional inteqrasiya və ümumi inkişaf baxımından nümunəvi model rolunu oynayır. Azərbaycanın artan beynəlxalq nüfuzu həm də iqtisadiyyat, enerji və nəqliyyat sektorlarında həyata keçirdiyi irimiqyaslı layihələrlə sıx bağlıdır. Bu gün ölkəmiz regionun enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biridir. rezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmiz nəqliyyat və logistika sektorunda da mühüm təşəbbüslərlə çıxış edir. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər görülən işlər Azərbaycanın regionda əsas nəqliyyat mərkəzinə çevrilməsini təmin edir. Bu layihələr Asiya ilə Avropa arasında təkcə regional deyil, həm də strateji əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Bütün bu fəaliyyətlər fonunda prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir.
Ramil QULİYEV