Kiçik addımlarla böyük etimad quruculuğuna doğru - Bakı-İrəvan prosesində Əliyevin yeni taktika təklifi...

Qulamhüseyn Əlibəyli: “Etimad mühiti yaratmaq üçün müəyyən addımlara ehtiyac var”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, kiçik addımlarla biz Azərbaycanla Ermənistan arasında etimadsızlığı azaltmağa çalışa bilərik:
“Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq”.
“Erməni tərəfi bir tərəfdən sülhdən danışır, o biri tərəfdən Azərbaycanı nüfuzdan salmağa çalışır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında etimadın yaranması üçün, tərəflərin bir-birinə etimad göstərməsi üçün uzun müddət tələb olunduğunu xüsusi vurğuladı: “Ancaq kiçik addımlarla da olsa bu prosesin başlanmasının zəruriliyini qeyd edib. Doğrudan da haqlıdır. Çünki Ermənistan cəmiyyəti son 200-300 il ərzində o qədər zəhərlənib ki, bunu qısa bir müddətdə ortadan qaldırmaq real deyil. Çünki onlar Azərbaycanı, türkü bütövlükdə özlərinin düşməni hesab edirlər. Çünki bu cəmiyyət xəstədir. Belə bir vəziyyətdə erməni cəmiyyəti Azərbaycana etimad göstərmir. Ancaq onlar haqsızdır. Çünki etimad qarşılıqlı olmalıdır. Təkcə Azərbaycan cəmiyyətinin etimad göstərməsi kifayət deyil. Erməni tərəfi bir tərəfdən sülhdən danışır, o biri tərəfdən Azərbaycanı nüfuzdan salmağa çalışır. Bir tərəfdən qarşılıqlı münasibətlərin normallaşmasından danışırlar, o biri tərəfdən sərhəddə müəyyən gərginlik törədirlər. Belə olan halda, təbii ki, Ermənistana hansısa inamdan söhbət gedə bilməz. Ona görə də bunu aradan qaldırmaq lazımdır. Çünki Ermənistan da anlayır ki, Azərbaycanı buradan sıxışdırıb çıxara bilməyəcəklər. Baxmayaraq ki, müəyyən tarixi ərazilərdən azərbaycanlıları sıxışdırıb çıxarıblar, yoxdan Ermənistan yaradıblar. Bütün bunların fonunda biz anlayırıq ki, daimi düşmənçilik olmaz. Çünki eyni coğrafiyada yaşayırıq. O üzdən, etimad mühiti yaratmaq üçün müəyyən addımlara ehtiyac var. Prezident Əliyev də bu prosesin başlanması üçün ilkin olaraq hansı tədbirlər görülməli olduğunu təxminən müəyyən edib. Bunlardan biri də Ermənistandan keçən çay hövzələrinin zəhərləndirilməsinin dayandırılması olmalıdır. Beynəlxalq hüquqda transsərhəd çay anlayışı var. Yəni çay bir neçə ölkənin ərazisindən keçirsə, birgə tədbirlər görülməlidir”.
Vidadi ORDAHALLI