Hələ də yaşadılan “Böyük Ermənistan” xülyasının iki mənbəyi var...

Ceyhun Məmmədov: “Belə qüvvələr əsasən Ermənistanda təmərküzləşib”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, hələ də “böyük Ermənistan” xülyaları ilə yaşayanlar var:
“Biz, eyni zamanda, ayıq-sayıq olmalıyıq. Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini, demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır”.
Maraqlıdır, “böyük Ermənistan” xülyası ilə yaşayan əsas qüvvələr Ermənistanın özündədir, ya xarici ölkələrdədir?
“Çünki erməni cəmiyyəti xəstədir və uzun illər onları boş xəyallarla bəsləyiblər”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, cənab Prezident ADA-da keçirilən tədbirdə çox ciddi və mühüm mesajlar verdi. Bir daha bəyan etdi ki, Ermənistan revanşizm siyasətini davam etdirir. Hər vasitə ilə bu siyasəti həyata keçirməyə çalışır. Sözügedən proses özünü açıq-aydın bütün istiqamətlərdə göstərir. Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın bu günə kimi bir daha sərgilədiyi bu mövqe onu ifadə edir ki, Azərbaycan erməni tərəfin bu siyasətini görür və izləyir. O cümlədən, bu prosesin hansı dərəcədə bölgəmiz üçün zərərli olduğunu təhlil edir. Bir sözlə, Ermənistan revanşizm siyasətinə son qoymalıdır və bu siyasəti davam etdirməməlidir. Ermənistan 30 il ərzində bu xam xəyalların qurbanı oldu və onun əziyyətini uzun müddət çəkdi. Ona görə də bu kimi cəhdlər Ermənistan tərəfindən təkrarlanmamalıdır. Yəni Ermənistan anlamalıdır ki, real addımlar atmalıdır. Əgər Ermənistan Konstitusiyasını dəyişmirsə, Minsk Qrupunu ləğv etmirsə, deməli İrəvanın burada çox ciddi niyyət və məqsədləri var. O üzdən, proseslərin gedişatı Ermənistandan asılıdır. O ki qaldı “böyük Ermənistan” xülyası ilə yaşayan əsas qüvvələrin sayına, belə qüvvələr əsasən Ermənistanda təmərküzləşib. Çünki erməni cəmiyyəti xəstədir və uzun illər onları boş xəyallarla bəsləyiblər. “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayıblar. Xaricdəki erməni lobbisi də bənzər mövqedən çıxış edir, amma onların sayı dağınıqdır”.
Vidadi ORDAHALLI