Dövlət orqanlarının səlahiyyətlərində dəyişikliklər dövlət quruculuğunda vacib addımlardır...

Hüquqi dövlət quruculuğu prosesində islahatarın rolunun çox böyük olduğu məlumdur. Dövlət qurumlarının fəalliyyətində, idarəetmədə yeniliklərin və islahatların aparılması müsbət nəticələrə gətirib çıxarır.
Dövlət qurumu nə deməkdir? Dövlət orqanı və ya dövlət qurumu dövlətin idarə edilməsi və fəaliyyətinə cavabdeh olan orqandır. Dövlət qurumları müxtəlif növlərdə olur. Fərqli istifadələrə baxmayaraq, dövlət qurumları çox vaxt nazirlikdən və hökumət tərəfindən yaradılan digər təşkilatlardan ayrıdır.
Biz son dövrlərdı bir sıra dövlət qurumlarının səlahiyyətlərində dəyişikliklər edildiyini görürük. Elə dövlət qurumları var, müəyyən istiqamətlərdə səlahiyyətləri məhdudlaşdırılır, elə qurumlar da var ki, onlara əlavə səlahiyyətlər verilir. Dövət qurumların fəaliyyət istiqamətlərində bu kimi dəyişikliklərin baş verməsi, şübhəsiz ki, hüquqi dövlət quruculuğuna xidmət edir. Səlahiyyətlərin artırılması dövlətin maraqlarına, mənafelərinə uyğundur.
Hansı dövlət qurumlarına yeni səlahiyyətlər verilib?
Mart ayında Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Əsasnaməyə edilən əlavəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə verilib.
Digər bir məsələ isə mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiqlənməsidir. Bu qaydaların təsdiqlənməsi ilə bağlı Nazirlər Kabineti müvafiq qərar imzalayıb.
Qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə daha bir səlahiyyət verilib. Belə ki, Agentlik mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Digər bir vacib addım isə vergi sahəsində atıldı. Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqlədi.
Dəyişikliklə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli və 16 dekabr tarixli 98-VIIQD nömrəli qanunları) 164.1.19-1-ci maddəsinə "orqan (qurum)" sözlərindən sonra ", Azərbaycan Respublikasının Baş Prokurorluğu" sözləri əlavə edilsin.
Beləliklə, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı və satışı Baş Prokurorluq tərəfindən verilmiş təsdiqedici sənəd əsasında ƏDV-dən azad olunur.
ADSEA-ya verilən səlahiyyətlər...
Bəzi dövlət qurumlarının səlahiyyətləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) verilib.
Azərbaycan Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Əsasnamə”sinə uyğun fəaliyyətlərin icrası ilə əlaqədar suların istifadəsi və mühafizsəi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra qurumlarından bu səlahiyyətlərin ötürülməsi istiamətində işlər görülür.
Belə ki, Milli Hidrometeorologiya Xidməti üzrə səth suları üzərində gündəlik və periodik ölçmələrin aparılması səlahiyyətinin ötürülməsi məqsədilə:
Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan 40 avtomatlaşdırılmış və 36 ənənəvi (o cümlədən 5 su anbarı, 2 göl, 29 çay üzərində) hidroloji məntəqələrin Xidmətə təhvil verilməsi;
Milli Hidrometeorologiya Xidmətinin balansında olan 38 avtomat hidroloji stansiyanın ilkin dəyəri, mədaxil tarixləri, texniki göstəriciləri və aid olduğu bölmə barədə məlumatların Xidmətə təqdim edilməsi;
Geoloji Kəşfiyyat Agentliyi üzrə yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə:
363 müşahidə quyusu və həmin quyuların parametrləri barədə müvafiq məlumatların Xidmətə verilməsi.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi üzrə yerüstü (çaylar, göllər, su anbarları, Xəzər dənizi və s.) suların monitorinqinin aparılması məqsədilə:
Respublikanın səth sularında (çaylar, göllər, su anbarlarında) suların kəmiyyəti və keyfiyyəti üzrə monitorinq və ölçmə işlərinin nəticələrinə dair məlumatların Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xidmətə təqdim edilməsi;
Xəzər dənizinə axıdılan tullantı yerlərinin koordinatları, yerləşdiyi ünvan, götürülən və analiz aparılan nümunələr barədə məlumatların Xidmətə təqdim edilməsi;
2025-ci ildən Xəzər dənizinə axıdılan axarlarda monitorinq və nəzarət tədbirlərinin Xidmətə tərəfindən həyata keçirilməsi;
Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında fəaliyyət göstərən çimərlik ərazilər barədə məlumatların Xidmətə təqdim edilməsi;
2025-ci ildən Azərbaycan Respublikasının ərazisinə daxil olan transsərhəd çaylarda hər dekadada suyun keyfiyyət monitorinqinin Xidmət tərəfindən aparılması;
Dövlət Ekoloji Ekspertiza Agentliyi üzrə:
“Su Obyektlərindən Xüsusi məqsədlər üçün İstifadəyə İcazə” sənədi verilmiş subyektlər barədə müvafiq məlumatların ADSEA-ya təqdim edilməsi və bu işlərin 2025-ci ildən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən davam etdirilməsi.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti üzrə:
Sudan qanunsuz istifadə olunmasının, həmçinin su obyektlərinin çirklənməsinin qarşısının alınması məqsədilə qanunvericiliyinin tələblərinə uyğun tədbirlərin görülməsi səlahiyyəti ADSEA-ya ötürülmüşdür.
Bu məsələlərlə bağlı adı çəkilən qurumlarıln Əsasnaməsində müvafiq dəyişikliklərin edilməsi istiqamətində işlər aparılır.
Bunlar 2025-ci ildə qəbul olunmuş rəsmi qaydalardır ki, bunlara görə bir neçə quruma yeni səlahiyyət verilib.
Ümumiyyətlə, hüquqi dövlət quruculuğu yolunda məhkəmələr də daxil olmaqla dövlət qurumlarına əlavə səlahiyyət verilməsinin vətəndaşlar üçün xidmətlərin də əlçatan olmasını təmin edir.
Ekspertlər bildirirlər ki, bəzi qurumların səlahiyyətinin artırılması həmin sahələrin mərkəzləşdirilmiş qaydada inkişaf etdirilməsinə yönəlib. Bütün hallarda bunun dövlət idarəçiliyinə, bu istiqamətdə görülən işlərə müsbət təsir etdiyini deyən ekspertlər hesab edirlər ki, hər qurum öz üzərinə düşən işi ləyaqətlə görərsə bu dövlətin inkişafına xidmət deməkdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.