ABŞ-Azərbaycan münasibətlərində “böhran dövrü” - Buşla Trampın arasında nə baş verdi?...

Təbriz Musayev: “Bayden qədər tərəfkeş, ermənipərəst mövqedən çıxış edən ikinci ABŞ prezidenti təsəvvür etmək çətindir”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub:
“Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq. Biz təkcə çox sayda hərbçilərimiz vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu ilə və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin etdik. Bu, Prezident Buş administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildi. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət, ciddi şəkildə olmasa da, bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi”.
Prezident Əliyev onu da qeyd edib ki, Bayden dönəmində ABŞ ilk dəfə idi Azərbaycan-Ermənistan münasibətlərində rəsmən tərəf tutdu: “Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu. Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Bəli, demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini biz hamımız bilirdik. Lakin buna baxmayaraq, Amerikanın prosesdə vasitəçilik tarixində heç vaxt onlar Ermənistana münasibətdə birtərəfli mövqe tutmamışdılar”.
“Lakin bu o demək deyil ki, Demokratlar Partiyası Azərbaycana qarşı düşmən mövqedən çıxış edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, sabiq prezident Cozef Bayden qədər tərəfkeş, ermənipərəst mövqedən çıxış edən ikinci ABŞ prezidenti təsəvvür etmək çətindir: “Düzdür, Demokratlar Partiyası hakimiyyətdə olanda ermənilərə xüsusi simpatiya olur. Bunun dəfələrlə şahidi olmuşuq. Demokrat Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın iştirakı ilə 2009-cu ilin oktyabrında Sürix protokolları imzalandı. O zaman Qarabağ məsələsi həll olunmadan Obama administrasiyası Ermənistan-Türkiyə sərhədlərinin açılmasına can atırdı. Həmin dönəmdə dövlət katibi olan Hillari Klinton ermənilərə xüsusi sevgisi ilə seçilirdi. Ancaq onların bu cəhdi alınmadı. Lakin bu o demək deyil ki, Demokratlar Partiyası Azərbaycana qarşı düşmən mövqedən çıxış edir. Çünki 1993-2000-ci illərdə də hakimiyyətdə Demokratlar Partiyası idi. Ancaq gəlin görək həmin dövrdə Azərbaycan hansı uğurlara nail olub. 1994-cü ilin 20 sentyabrında Azərbaycan xarici neft şirkətləri ilə müqavilə imzaladı. ABŞ bu sazişə xüsusi dəstək verdi. BP-dən sonra aparıcı xarici şirkətlər ABŞ-a məxsus idi. 1997-ci ilin yayında mərhum prezident Heydər Əliyevin bir neçə günlük ABŞ-a uğurlu səfəri oldu. Ovaxtkı ABŞ prezidenti Bill Klinton Heydər Əliyevi yüksək səviyyədə qarşıladı. ABŞ-la Azərbaycan arasında bir neçə müqavilə imzalandı və s. Bundan başqa, 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində ABŞ-ın dəstəyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəklişinə dair saziş imzalandı. Deməyim odur ki, Baydenin prezidentliyi dönəmindəki qədər heç bir ABŞ administrasiyası erminilərin maraqlarından bu qədər aşırı çıxış etməyib. Bayden ABŞ-ın tərəfsiz mövqe tutmasını bilavasitə pozdu. Respublikaçılar isə Azərbaycanla münasibətlərdə daha sağlam və praqmatik mövqedən çıxış edirlər. Məhz onların hakimiyyəti dönəmində bədnam 907-ci düzəliş donduruldu. Çox güman ki, Tramp bu siyasəti davam etdirəcək. 907-ci düzəlişi nəinki donduracaq, hətta birdəfəlik ləğv edəcək”.
Vidadi ORDAHALLI