Azərbaycanın yeni strategiyası - Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi bir araya gətirmək...

Tofiq Abbasov: "Son illər Qərb ölkələrinin araşdırmaçıları və beyin mərkəzləri Qafqaz bölgəsini və Mərkəzi Asiyanı eyni regiona şamil edirlər"
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda suallara cavab verərkən Azərbaycanın dünyanın bir neçə regionunu birləşdirən nəqliyyat qovsağı rolunu oynamasından söhbət açıb.
Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələri və dünyanın bu 3 hissəsini bir araya gətirmək üçün oynadığı rol nədən ibarət ola bilər? Azərbaycan bu üç regionun əlaqələndiricisi ola bilərmi?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Tofiq Abbasov bildirdi ki, Azərbaycan bu prosesdə nəinki əlaqələndirici ola bilər, hətta artıq bu funksiyanı özündə daşıyır və onu uğurla həyata keçirir: "Bizim üçün bütün istiqamətlər önəmlidir. Fəal inteqrasiya prosesini həyata keçirən ölkə kimi, Azərbaycan hökuməti və ictimai qüvvələr bu prisesdə aktiv mövqedən çıxış edirlər. Son illər Qərb ölkələrinin araşdırmaçıları və beyin mərkəzləri Qafqaz bölgəsini və Mərkəzi Asiyanı eyni regiona şamil edirlər. Digər tərəfdən onlar həm də Qafqaz bölgəsini Yaxın və Orta Şərqin bir hissəsi kimi nəzərdən keçirirlər. Birincisi, bu, Azərbaycannın yerləşdiyi regionun coğrafi parametirləri ilə bağlıdır. Çünki Azərbaycan nəqliyyat dəhlizlərinin kəsişdiyi bir məkanda yerləşir. Biz bütün istiqamətlərdə kommunikasiyaları işlək vəziyyətdə saxlaya bilirik. Biz ölkə olaraq nəqliyyat habı (qovşaq) rolunu oynayırıq və bizim bütün istiqamətlərdə tərəfdaşlarımız var. Ona görə də biz geosiyasi anlamda özümüzü interkonnektor (sinxron şəbəkələri birləşdirən qovşaq) kimi təsdiqləmişik. Şərq-Qərb və Şimal-Cənub öz yerində, həm də Cənub-Qərb, Cənub-Şərq, Şimal-Şərq və Şimal-Qərb istiqamətlərində Azərbaycan yalnız yaşıl işıqdan istifadə edir. Özü də, tərəfdaşları da bundan bəhrələnir. Bu işlərdə əsas rol oynayan şəxs Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev cənablarıdır.
Bizim üçün düşmən anlayışı yoxdur. Ermənistandan başqa bizim heç bir ölkə ilə problemimiz yoxdur. Onlar da problemi özü yaradıb. Əlbəttə, bizim də tərəfdaşlarımız arasında problemlər yaranır. Amma Azərbaycan diplomatiyası proqmatik mövqe tutmaqla çalışır ki, dialoq prosesi qırılmasın. Bunun vasitəsi ilə biz öz istəklərimizi tərəfdaşlarımıza çatdırırıq və onların da fikirlərini dinləyirik. Bu da etimadın bərpa edilməsi və möhkəmləndirilməsı üçün münbit şərait yaradır.
Azərbaycan diplomatiyası dialoqa həmişə açıqdır. Bizim Ermənistanla problemlərimiz ona görə yaranır ki, biz dialoqa açıq, onlar isə bağlıdır. Ona görə də Azərbaycanla bütün regionlardan ölkələr ünsüyyət qura bilir. Biz real inteqrasiyanın daşıyıcıları olaraq çalışırıq ki, kommunikasiyaları daha çox şaxələndirək. Bu təkcə enerji daşıyıcıları ilə bağlı deyil. İndi Avropa qaz təminatında bütün ümidlərini bizə bağlayıb. Digər təhlükəsizlik məsələlərində də biz etibarlı tərəfdaşıq. Eləcə də geosiyasi anlamda biz açıq və anlaşılan siyasət yürüdürük deyə, bizimlə təmas qurmaq, əməkdaşlığı genişləndirmək istəyən ölkələrin sayı durmadan artır. Bu, böyük siyasətin həm yazılan, həm də yazılmayan qanunudur ki, əgər uğur qazanmaq istəyirsənsə çalış səni gözü götürməyənləri neytirallaşdırasən, onlarla sabit və orta səviyyəli münasibət qurmalısan. İmkan varsa bu düşməçiliyi dostluğa çevirməyi bacarmalısan. Bunu Azərbaycan diplomatiyası məharətlə həyata keçirir. Elə bir seçim yoxdur ki, biz onun qarşısında aciz qalaq. Əvvəlki illərdə bəzi problemlər var idi. Həmin problemlərin qısa müddətdə həlli Azərbaycan diplomatiyasının çevikliyinin göstəricisidir. Biz qarşı tərəfi dinləməyi bacarmaqla yanaşı, istəyimizdir ki, bizi də eşitsinlər. Bu qarşılıqlı olanda yol rəvanlaşır. Sözügedən standartlar dünya birliyi üçun ən vacib xüsusiyyətlərdir ki, onun sayəsində qlobal gərginlik aradan qaldırılır. Düzdür, bu bir gündə, bir ayda baş tutan məsələ deyil. Amma hər halda buna can atmaq lazımdır ki, yavaş-yavaş anlaşılmayan məsələlərin hamısı öz həllini tapsın. Odur ki, Azərbaycan diplomatiyası, Azərbaycan dövləti və xalqı istəyir ki, sabitlik və sulh şəraitində həm özümüz yaşayaq, inkişaf edək, həm də digərləri üçun bu şəraitin yaranmasına töhfə verək".
Dəniz NƏSİRLİ