Bakıda Türkiyə ilə İsrail arasında Suriya zirvəsi - Azərbaycan iki ölkə arasında gərginliyi azaltmaq üçün hərəkətə keçdi

Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından bölgədə nüfuzunu daha da gücləndirən Türkiyə ilə İsrail arasında son vaxtlar yenidən gərginlik yaranıb.
İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkə ilə çox yaxşı münasibətlərin olduğunu vurğulayaraq, Türkiyə-İsrail münasibətlərinin normallaşması üçün bundan sonra da çalışacaqlarını qeyd edib.
Bunun ardınca Azərbaycan Türkiyə ilə İsrail arasında gərginliyi azaltmaq üçün hərəkətə keçib. Bu çərçivədə Türkiyə və İsrail rəsmiləri Suriyada gərginliyin azaldılması mexanizminin yaradılması üçün ilk görüşü Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirib.
İsrailin KAN televiziyasının yaydığı məlumata görə, Türkiyə və İsrail nümayəndə heyətləri Suriyada qarşıdurmanın qarşısının alınmasını müzakirə edib, lakin tərəflər razılığa gələ bilməyib.
Qeyd edilir ki, iki ölkə arasında danışıqlar yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iştirakı ilə 12-20 aprel Pasxa bayramından sonra davam edəcək.
KAN həmçinin iddia edib ki, Türkiyə İsrail nümayəndə heyətinin təyyarəsinin görüş üçün Azərbaycana gedərkən Türkiyə hava məkanından istifadəsinə mane olub.
TAHİR