İstanbulda 6 saat davam edən Rusiya-ABŞ danışıqları başa çatdı – Vaşinqton və Moskvadan ilk açıqlama...

İstanbulda Rusiya-Amerika danışıqları başa çatıb. Danışıqlarda Rusiya nümayəndə heyətinə bu ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə məsləhətçisinin müavin Sonata Koulter rəhbərlik edib.
Təxminən 6 saat davam edən danışıqlara Rusiyanın İstanbuldakı Baş Konsulluğu ev sahibliyi edib və danışıqlara yalnız bir dəfə nahar fasiləsi zamanı ara verilib. Görüş zamanı iki ölkənin səfirliklərinin normal fəaliyyətinin təmin edilməsi məsələsi müzakirə olunub.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər Amerika hakimiyyəti tərəfindən müsadirə edilmiş altı Rusiya diplomatik əmlakının geri qaytarılması üçün “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər. Qeyd edilir ki, Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev görüşdə sözügedən obyektlərə Rusiya nümayəndələrinin təftiş və zərərin qiymətləndirilməsi məqsədilə dərhal daxil olmasının vacibliyi bildirib.
Görüşlər zamanı iki ölkənin diplomatik nümayəndəliklərinin fasiləsiz bank və maliyyə xidmətləri alması üçün razılıq əldə olunub. Bundan əlavə, diplomatların xidmət etdikləri ölkələrdə viza prosedurlarının və səyahətlərinin asanlaşdırılması da müzakirə olunub.
Tərəflər həmçinin məsləhətləşmələrin növbəti raunduna qədər “qarşılıqlı məqbul həllərin hazırlanması” barədə razılığa gəliblər. Yeni görüş tarixi hələlik açıqlanmayıb.
ABŞ Dövlət Departamenti də danışıqların “konstruktiv atmosferdə” keçdiyini açıqlayıb. ABŞ tərəfi Moskvadakı səfirliyə yerli işçilərin işə götürülməsinə qadağa qoyulmasının “sabit kadr strukturunun saxlanmasına əsas maneədir” olduğunu bildirib və bu məsələ ilə bağlı narahatlığını ifadə edib.
TAHİR