Tramp yenə fikrini dəyişdi, İranı güc yolu ilə çökdürməyə qərar verdi

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı yüksək səviyyəli birbaşa danışıqların olacağını deyəndə hamını təəccübləndirdi. O, danışıqların aprelin 12-də Omanda keçiriləcəyini açıqladı. İranın bu məsələ barədə susmaq istəyib-istəmədiyi bəlli deyil. Amma xarici işlər naziri Abbas Əraqçi Tehran vaxtı ilə gecəyarısı aydınlatma vermək ehtiyacı hiss elədi, danışıqların Trampın dediyinin əksinə, birbaşa olmayacağını söylədi.
Tərəflər bu görüşü mümkün danışıqlarla bağlı kəşfiyyat xarakterli adlandırıb. Tramp Vaşinqtonun son məqsədini aydın bildirib: İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz. Amma aydın deməyib ki, bu, nüvə proqramına məhdudiyyət qoymaq deməkdir, yoxsa onu tamamilə dayandırmaq. Tramp qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq: “Bir az vaxtımız var. Bir az vaxtımız var, çünki onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən çox şey istəmirəm. Onların nüvə silahı ola bilməz. Əgər bunu hərbi yolla etmək lazımdırsa, biz bunu hərbi yolla edəcəyik. İsrail açıq şəkildə bu işdə çox fəal iştirak edəcək. Onlar liderlər olacaq. Amma heç kim bizə cavabdeh deyil. Biz istədiyimizi edirik”. İsrailin baş naziri Binyamin Netanyahu bu yaxınlarda Trampın İranla razılaşma əldə etmək üçün diplomatik səylərini dəstəklədiyini bildirib və əlavə edib ki, İran heç vaxt nüvə silahı istehsal etməməlidir. Trampın dəfələrlə hərbi güc tətbiq etməklə hədələmələrinə cavab olaraq İran ABŞ-a “sərt cavab” vəd edib və Vaşinqtonu vəziyyəti gərginləşdirməməyə çağırıb. Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkof Oman danışıqlarında ABŞ nümayəndə heyətinə başçılıq edəcək. O, daha əvvəl deyib ki, Vaşinqton elə bir yoxlama proqramı yaratmaq istəyir ki, heç kəs İranın nüvə materialından silah düzəldəcəyindən narahat olmasın. ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uolts isə bildirir ki, administrasiya “tam dayandırılma” istəyir: “İran nüvə proqramından elə əl çəkməlidir ki, bunu bütün dünya görə bilsin”. Nüvə proqramının tam dayandırılması tərəfdarları deyirlər ki, bu, İranın nüvə silahı əldə etməyəcəyini təmin etməyin ən etibarlı yoludur. Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun İran proqramının baş direktoru Behnam Taleblu bildirir ki, Tramp silahlara nəzarətə razılaşmamalıdır: “İranın atom proqramını məhdudlaşdırmağa çalışmaqdansa, onu birdəfəlik məhv etməlidir”. Onun fikrincə, buna sanksiyaları gücləndirmək, İsraillə birgə təlimlər keçirmək yoluyla, təzyiq vasitəsilə nail olmaq olar və vacibdir. İsrailin baş naziri Benyamin Netanyahu da İranın nüvə proqramının tamamilə dayandırılması tərəfdarıdır. Bəzilərinin fikrincə, İrandan proqramı tam dayandırma tələbinə Tehran siyasi intihar kimi baxa bilər. Nyu Yorkda yerləşən Avrasiya Qrupunda İran üzrə aparıcı təhlilçi Qreqori Brü deyir ki, belə bir tələblə Tehranla danışıqlara başlamaq alınmaz, İranın nüvə proqramını nəzarətdə saxlayacaq yoxlama mexanizmi gələcək danışıqlar üçün azından əsas yaradardı: “Vaşinqton İranın nüvə proqramının məhvində israr edərsə, danışıqlar çox tez bitər, hərbi eskalasiya riski artar”. Trampın 2018-ci ildə çıxdığı 2015-ci il nüvə sazişinin müddəti oktyabrda bitir. Bu zaman BMT-nin Təhlükəsizlik Şurası İrana sanksiyaları yenidən tətbiq edə bilməyəcək. Yəni, Qərbin vaxtı da tükənir, hövsələsi də. Tramp xəbərdarlıq edib ki, razılaşma əldə olunmasa, İranı bombalayacaq. Fransa deyib ki, yeni razılaşma olmazsa, hərbi qarşıdurma ehtimalı demək olar qaçılmaz olacaq. Birləşmiş Ştatlar regionda hərbi gücünü artırır. İranın dəstəklədiyi husi yaraqlılara hava zərbələri endirir. Təhlilçi Brü İran rejimi üçün riskin çox böyük olduğunu bildirir. Taleblu isə inanır ki, islam respublikası risk məsələsinə ehtiyatlı yanaşır, hərbi qarşıdurma riskinə getmək istəməz.
Bu şəraitdə ABŞ-ın müdafiə naziri Pet Hegşet bildirb ki, İran B-2 bombardmançılarının son yerdəyişmələri fonunda artıq qərar verməlidir. Xtırladaq ki, ABŞ-ın Yəməndəki bombardmanları və İranla gərginliyin artması fonunda mart ayında Hind okeanındakı Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi bazasına altı B-2 bombardmançı təyyarəsi yerləşdirilib. Amerikalı siyasi analitik Peter Teyz bildirib ki, İran ciddi iqtisadi geriləmə ilə üzləşir. Vaşinqton tərəfindən tətbiq edilən ticarət və iqtisadi sanksiyalar, ABŞ Administrasiyasının İsrailə göstərdiyi dəstək Tehrana Tramp administrasiyası ilə diplomatik müzakirələrə başlamaq üçün təzyiq göstərən əsas geosiyasi amillərdir:
“Gözlənilən danışıqlar çərçivəsində İranın silahlı qüvvələrə aid infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar atıla bilər. İranın nüvə zənginləşdirmə proqramını dinc məqsədlərlə məhdudlaşdırması məsələsi əsas diqqət mərkəzindədir. Bu danışıqların Oman Sultanlığında keçirilməsi planlaşdırılır. Bildirilir ki, bu seçim həm neytral platforma olması, həm də müxtəlif kommersiya layihələri baxımından uyğundur. Bununla belə, Bakı kimi tarixi irsi olan şəhərlər də belə müzakirələr üçün münasib alternativlərdən biri ola bilərdi”.
Nahid SALAYEV