Müharibədən sonra "müharibə, ya sülh" - seçimi Ermənistan edəcək...

Mətin Məmmədli: “Ermənistan dövləti, cəmiyyəti, əhalisi hazırda seçim qarşısındadır”
Məlum olduğu kimi, Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda iştirak edib. Forumda çıxış edən ölkə başçısı bir sıra mövzulara toxunub.
O cümlədən, qeyd edib ki, müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır: “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”.
“Bundan sonra Ermənistan qərar verməlidir ki, Azərbaycanla münasibətləri hansı istiqamətdə aparacaqlar”
Məlum məsələ ilə bağlı fikir bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan dövləti, cəmiyyəti, əhalisi hazırda seçim qarşısındadır: “Onlar ya Azərbaycanın təklif etdiyi şərtləri qəbul edib, ölkəmizlə sülh müqaviləsi imzalayıb, normal münasibətlərə başlayacaq, bununla da Ermənistan təcavüzkar siyasətindən xilas, təcrid olacaq. Bu, Ermənistanın siyasi, iqtisadi, təhlükəsizlik maraqlarına daha çox uyğundur. Ya da ola bilsin ki, Ermənistan yenə də özünün qeyri-konstruktiv, rasional siyasətini davam etdirəcək, Azərbaycanın haqlı, legitim tələblərini qəbul etməyib, sülh müqaviləsini imzalamayacaq. Bu hal Ermənistan üçün ciddi fəsadlar yarada bilər. Ermənistan qeyri-konstruktiv siyasətini davam etdirsə özünün təcrid vəziyyətini davam etdirəcək. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan sülh müqaviləsinə qarşı çıxmaqla silahlanır, revanşizm meylləri artır. Belə olarsa, Azərbaycan bu proseslərə sakit reaksiya verməyəcək. Məlumdur ki, uzun illər Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkmişik, çoxlu sayda insan öz yurdundan yuvasından didərgin düşdü. Belə bir faciənin yenidən baş verməsinə imkan verə bilmərik”.
Həmsöhbətimizin sözlərinə görə, münaqişə bitsə də Ermənistanla yekun sülh əldə edilməyib: “Artıq bundan sonra Ermənistan qərar verməlidir ki, Azərbaycanla münasibətləri hansı istiqamətdə aparacaqlar”.
Günel CƏLİLOVA