Rusiya Qafanda konsulluq açmağa tələsir - Paşinyanın atacağı addımdan(?) qorxur...

Sahil Kərimli: “Bu, əslində Rusiyanın Ermənistan üzərində öz siyasi təzyiqini, təsirini saxlamaq məqsədi daşıyır”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, 2025-ci ilin may ayına qədər Rusiyanın Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğunun açılmasıyla bağlı konkret tarix məlum olacaq. Bu barədə Zaxarova Xarici İşlər Nazirliyinin həftəlik brifinqində danışıb.
“Konsulluğun açılması "ticarət və investisiya əməkdaşlığının dərinləşməsinə və bu ərazi ilə Rusiyanın regionları arasında əlaqələrin qurulmasına əhəmiyyətli təkan verəcək", - deyə Zaxarova qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, açılışı “mütərəqqi rus diplomatlar qrupu” həyata keçirir. Onun sözlərinə görə, bu qrupun işi yanvar və mart aylarında Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirliklərinin rəhbərləri tərəfindən müzakirə olunub. 2023-cü ilin noyabrında Rusiya hökuməti Ermənistanın Sünik vilayətinin Qafan şəhərində baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Konsulluğun 2024-cü ilin əvvəlində açılacağı gözlənilirdi, lakin bu proses ləngidi.
Rusiyanın Qafanda baş konsulluğa nə qədər ehtiyacı var? Qafan hara, Rusiya hara? Rusiya niyə Qafanda baş konsulluq açır? Qafanda rus yaşamır. Qarabağdan ruslar çıxıb, Qafan da kiçik bir yer, orda konsulluq nəyə lazımdır?
Ola bilərmi, Rusiya ehtiyat edir ki, Paşinyan İranla sərhəddə ABŞ-ın, Qərb ölkələrinin hərbi bazalarını və sairi yerləşdirə, gətirib onların orda konsulluqlarını aça bilər? Ehtimal varmı ki, Rusiya Paşinyanın bu addımlarını önləmək üçün orda konsulluq açır ki, Qərb ölkələri gətirib burda baza yerləşdirməsin, konsulluq açmasın?
“Rusiya ehtiyat edir ki, Paşinyan Qərb ölkələrinin, ABŞ-ın Qafanda hərbi baza yaratmasına, konsulluq açmasına şərait yarada bilər”
Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün həm Rusiya, həm ABŞ regionda, Cənubi Qafqazda öz siyasi maraqlarını qoruyub saxlamaq, daha böyük siyasi rıçaqlar əldə etmək üçün bütün mümkün planlarını işə salıblar. “Uzun illər Rusiyanın vassalı olan Ermənistan üzərində də bu gün həmin planlar daha açıq şəkildə özünü büruzə verir və Ermənistanda Qərbin, xüsusilə Avropa İttifaqının “missiyasının” yerləşdirilməsi, eyni zamanda ABŞ-nın hərbiçilərin Ermənistan ərazisinə gətirilməsi ilə bağlı böyük miqyasda oyunlar oynanılır. Buna paralel olaraq Rusiyanın da Ermənistandan əl çəkmək niyyətində olduğu görsənmir. Rusiya nəyin bahasına olursa olsun çalışır ki, Ermənistan üzərində öz təsir imkanlarını daha da artırsın. Bu baxımdan, Rusiyanın Qafanda baş konssulluq açması məsələsi də bu gün gündəmdədir”.
S.Kərimlinin fikrincə, Rusiya çalışır ki, bununla balansı qorusun. “Rusiya çalışır ki, bununla ABŞ-ın, Qərb dairələrinin Ermənistana nə qədər təsiri varsa Rusiya da öz təsirini o qədər artırmış olsun. Yəni görünən odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına da bu cür amillər çox ciddi təsir göstərir. Ermənistan faktiki olaraq müstəqil siyasət yürüdə bilmir, yaxud buna imkan verilmir ki, o müstəqil olsun. Ermənistan Qərbin, Avropa İttifaqının, ABŞ-ın məngənəsi altında sıxılır. Eyni zamanda bu pressinq Rusiya tərəfindən də Ermənistana tətbiq olunur. Burda paralel İran məsələsi də var. Təbiidir ki, İran da Ermənistanı heç cür rahat buraxmır, İran da öz maraqlarını təmin etmək üçün Ermənistana müəyyən təzyiqlər göstərir. Bu reallıqlar ondan ibarətdir ki, Rusiya Qafanda baş konssulluq açmaqda qərarlıdır, buna nail olmaq üçün bütün imkanlarını ortaya qoyub. Bu, əslində Rusiyanın Ermənistan üzərində öz siyasi təzyiqini, təsirini saxlamaq məqsədi daşıyır” - deyə S.Kərimli qeyd etdi.
S.Kərimli eyni zamanda bildirdi ki, Rusiya Ermənistan rəhbərliyinin atacağı addımları önləmək istəyir: “Burda bir məsələ də var ki, Rusiyanın Paşinyana etimadı yoxdur. Bu baxımdan, Rusiya ehtiyat edir ki, Paşinyan Qərb ölkələrinin, ABŞ-ın Qafanda hərbi baza yaratmasına, konssuluq açmasına şərait yarada bilər. Bu isə onun maraqlarına tamamilə ziddir. Ona görə də, tezliklə bu addımı gerçəkləşdirmək niyyətindədir”.
İradə SARIYEVA