Trampın seçilməsində erməniləri məyus edən məqamlar...

Arzuxan Əlizadə: “Departamentin bir sıra yüksək vəzifəli məmurları özlərini ermənidən çox erməni kimi aparırdılar”
Onlar (Ermənistan) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi.
Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək.
“Əvvəlki ABŞ hakimiyyəti nəinki Ermənistana iqtisadi tranşlar ayırırdı, həm də hərbi sahədə əməkdaşlığa başlamışdı”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, həqiqətən də onların Demokratlar Partiyasından gözləntiləri böyük idi: “Demək olar bütün erməni lobbisi, erməni əsilli ABŞ vətəndaşları demokratların namizədi Kamala Harrisə səs verib. Çünki Bayden administrasiyası Birləşmiş Ştatların milli maraqlarına qarşı gedərək Cənubi Qafqazda Ermənistanı himayə edirdi. Əvvəlki ABŞ hakimiyyəti nəinki Ermənistana iqtisadi tranşlar ayırırdı, həm də hərbi sahədə əməkdaşlığa başlamışdı. 2023-cü ilin avqustunda ABŞ-Ermənistan birgə hərbi təlimləri keçirildi. ABŞ hərbi təlimatçılarını Ermənistana göndərdi. Biləvasitə Bayden administrasiyasının təlimatı ilə 2024-cü ildə təkcə USAİD tərəfindən Ermənistana edilən maliyyə yardımlarının həcmi 250 milyon dollara çatdırıldı. Bu, Ermənistan kimi ölkə üçün böyük məbləğ idi. Üstəlik, Bayden dönəmində Dövlət Departamenti Ermənistanın XİN funksiyasını yerinə yetirirdi. Departamentin bir sıra yüksək vəzifəli məmurları özlərini ermənidən çox erməni kimi aparırdılar. Yeri gəldi-gəlmədi Azərbaycanı hədəf alırdılar. Ona görə də Ermənistan hakimiyyəti və erməni lobbisi çox istəyirdi ki, Demokratlar Partiyasının namizədi qalib gəlsin. Çünki bu, Ermənistana iqtisadi, hərbi yardımların nəinki davamı, hətta artırılması ola bilərdi. Trampın seçkilərdə qələbəsi bu planları pozdu. Artıq həm USAİD-in fəaliyyəti dayandırılıb, həm də ABŞ 90 gün bir sıra ölkələrə maliyyə yardımlarını dayandırıb. Ermənipərəst konqresmen Menendez həbsdə yatır. Ona görə də bütün ermənilər bundan məyusdular və bir sıra çirkin planlarını həyata keçirə bilmirlər”.
Vidadi ORDAHALLI