İran - Azərbaycan münasibətləri hələ də səfirlikdə terror məsələsindən asılı qalır...

Sədrəddin Soltan: “Tehran hakimiyyəti ilk növbədə Azərbaycan qarşısında öhdəlikləri icra etməlidir”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub. Ölkə başçısı məlum məsələyə toxunaraq qeyd edib ki, biz faciəvi hadisələri unuda bilmərik:
“Həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminik. Bu hadisədən iki il keçib və hadisəni törədən hələ də cəzalandırılmayıb. Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.
“Cinayətkarların - terror aktı təşkil edənlərin, törədənin cəzalanması İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikdən gələn vəzifələrinin icrasıdır”
Prezidentin məlum çıxışı ilə bağlı fikir bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dövlət başçısı, İran da daxil olmaqla, bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istədiklərini bildirib: “Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq. O, İranda keçirilən növbədənkənar prezident seçkisi prosesindən məmnun olduğuna toxunaraq bildirib ki, biz İrandan müsbət mesajlar eşitdik. Prezident Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hücumuna toxunaraq deyib ki, terror hücumundan iki ildən artıq keçsə də cinayəti törədən hələ də cəzalandırılmayıb. Dövlət başçısı bununla İran hakimiyyətinə münasibətlərin normallaşması üçün istiqamət verib. Tehran hakimiyyəti Azərbaycan dövlətinin ərazi bütövlüyü və suveren hüquqlarının pozulmasına göz yumub, bunu təmin etməyib, beynəlxalq hüququ pozub. Cinayətkarların - bu aktı təşkil edənlərin, törədənin cəzalanması İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikdən gələn vəzifələrinin icrasıdır. Hüquqlarının pozulmasına laqeyd yanaşdığı üçün Azərbaycanın İrandakı hakimiyyətə etibarı yoxdur, etimad göstərmir. Odur ki, Tehranın ilk növbədə bu mərhələni uğurla aşaraq, Azərbaycan qarşısında öhdəlikləri icra etməsi lazımdır. Qarşı tərəfə inam və etimad olmazsa, onunla iqtisadi, ticarət və başqa sahələr üzrə əməkdaşlıq etmək məntiqi olmaz”.
Günel CƏLİLOVA