Ermənistan həm sazişdən danışır, həm də sərhədlərdə xarici missiyanı gücləndirir - paradoks...

Ermənistan hakimiyyətinin addımları göstərir ki, onlar bizim düşündüyümüz - səmimi sülhə nail olmaq fikrində deyil
Erməni mediasının verdiyi məlumata görə, bu ilin mart ayından etibarən Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyası gecə vaxtı təhlükəsizliyi yaxşılaşdırmaq və potensial gərginliyi azaltmaq üçün Ermənistan-Azərbaycan sərhədində gecə patrullarının sayını artırıb. Missiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, müşahidəçilərimiz gecə-gündüz daimi mövcudluğu təmin etməklə, gecə-gündüz əlaqə saxlayırlar".
Ermənistan hökuməti həm sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını deyir, həm də mülki müşahidə missiyasının intensivləşdirilməsi barədə xəbər yayır. Son zamanlar dəfələrlə təkrarlanırdı ki, sülh müqaviləsinin 17 maddəsindən ikisi hələ razılaşdırılmayıb. Lakin bir neçə həftə əvvəl, təxminən mart ayının 13-də Ermənistan tərəfi məlumat yaydı ki, sülh sazişinin bütün maddələri artıq razılaşdırılıb. Bunu Azərbaycan tərəfi də təsdiqlədi. Sülh müqaviləsinin razılaşdırılmayan iki maddəsi də razılaşdırılıb. Bunlar beynəlxalq məhkəmələrdə qarşılıqlı iddaların geri götürülməsi və sərhəddən üçüncü qüvvələrin geri çəkilməsi idi. Ermənistan hər iki maddə ilə razılaşdığını bəyan edib. Amma razılaşmaya əsasən, bu maddənin tələbləri sülh sazişi qüvvəyə mindikdən sonra içra ediləcək. Bununla belə, Ermənistan sülh sazişinin müvafiq maddəsinə razılaşdıqdan sonra Azərbaycanla şərti sərhəddə üçüncü qüvvələrin aktivliyini artırırsa, artıq bu razılaşdırılmış maddəyə sadiqliyi şübhə altına alır. Ermənistan sülh mıqaviləsi qüvvəyə mindikdən sonra Aİ Mülki Müşahidəçılərini sərhəddən kənarlaşdıracaqsa, indidən həmin missiyanın aktivliyini arırmaq əvəzinə azaltmalıdır. Çünki prosesin adaptasiya və kəşfiyyat dönəmi olmalıdır. Ermənistan səmimi olaraq Azərbaycan-Ermənistan şərti sərhədindən Aİ-nin mülki müşahidə missiyasını geri çəkmək fikrindədirsə, indidən onsuz sərhəd mühafizəsinin təmin edilməsinə öyrəşməlidir. Lakin tam tərsinə olaraq bu missiyanın fəaliyyəti getdikcə intensivləşirsə, sülh sazişi imzalanandan sonra Ermənistan fakt qarşısında qaldığını deyə bilər ki, həmin missiya olmadan sərhədin qorunmasını təmin edə bilmir. Bundan sonra isə yenidən tərəflər arasında konfliktin dərinləşməsi prosesi başlaya bilər. Maraqlı qüvvələr aktivləşərək yenidən münaqişə ocağı qalaya bilərlər.
Azərbaycan hökuməti, əlbəttə, iki ölkə arasında munasibətin normallaşması istiqamətdə yaranmış tarixi fürsətdən faydalanaraq, öz qonşusu ilə münadibətləri nizama salmaqda maraqlıdır. Bu, Azərbaycan üçün də kifayət qədər sosial, mənəvi, siyasi və iqtisadi dividendlər verə bilər. Məsələn, birinci növbədə münaqışədən qurtularıq. Bundan dolayı sosial problemlər yaranmaz. Beynəlxalq tərəfdaşlarımız regiona "münaqişə zonası" etiketi vurmaz. Bu isə əlaqələrimizin və əməkdaşlığımızın daha da genişlənməsinə bir vəsilə olar.
Eyni zamanda, qonsuluq münasibətlərimiz yaranarsa, zaman-zaman etimad əsasında ölkələrimiz arasında ticarət dövriyyəsi yaranar və genişlənər, Ermənistan bizim iqtusadi imkanlarınızdan, biz isə onların iqtusadi imkanlarından faydalanmaq fürsəti qazanarıq.
Lakin Ermənistan hakimiyyətinin addımları göstərir ki, onlar bizim düşündüyümüz - səmimi sülhə nail olmaq fikrində deyil. Pasinyan komandasına yalnız "sülh sazişi" adı altında bir sənəd imzalamaq lazımdır ki, Ermənistanı üzvlüyə qəbul etmək üçün Avropa İttifaqını fakt qarşısında qoysun. Ermənistan Aİ-yə qəbul olandan sonra onun imkanlarından istifadə etməklə yenidən Azərbaycana qarşı revanşist məqsədlərini həyata keçirmək niyyətindədir. Ona görə də Azərbaycanın konstitusiyaya dəyisiklik və Minsk qrupunun buraxılması şərtini yerinə yetirmək istəmir.
Akif NƏSİRLİ