Suriyanın yeni hakimiyyəti Ermənistanla yanlış siyasət aparır – “Azərbaycan unutmayıb”...

İlyas Hüseynov: “Hazırkı Suriya hakimiyyəti hadisələrdən nəticə çıxarmalıdır, keçmişə nəzər salmalıdılr və bilməlidir ki...”
Ermənistanın Suriyanın devrilən prezidenti Bəşər Əsəd rejimi ilə çox yaxın əlaqələri olduğu, erməni terror qruplaşmalarının Əsəd tərəfdarları ilə birgə suriyalılara, dinc əhaliyə zülm etdiyi, divan tutduğu bütün dünyaya məlumdur. Bilirik ki, Ermənistan hökuməti Bəşər Əsəddən sonra indi də yeni hökumətə yarınmağa, Suriyaya humanitar yardımlar göndərməyə maraq göstərir. Halbuki, Ermənistanın buna heç bir mənada haqqı yoxdur. Bu, “başını yarıb ətəyinə qoz tökməyə” bənzəyir ki, Suriyanın yeni hökuməti Ermənistana bunun üçün heç bir şans verməməlidir.
İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Ermənistanın Suriyanın keçmiş hökumətilə çox yaxın olduğunu, birgə əməllərini ifşa edib.
Prezident İlham Əliyev deyib: “Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi”.
Ermənistanın rəhbərliyi ilə Suriyanın ovaxtkı rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan Prezident Əliyev bildirib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.
Prezident çox dəqiq ifadə edir və bildirir ki, Suriyanın yeni hökuməti gərək unutmasın, əvvəlki hakimiyyətlə bərabər Ermənistan da Suriya xalqına zülm edirdi, ermənilər orda xalqa divan tuturdu.
Ermənistan isə indi Suriyaya humanitar yardım göstərir. Bu, Ermənistanın xeyrinədir, Ermənistana bu şansı vermək olmaz ki, Suriyaya humanitar yardım göstərsin, Suriya hökuməti gərək bunu nəzərə alsın.
“Cənab Prezident bütün baş verən proseslərə doğru qiymət verir...”
Məsələyə şərh verən politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı nəinki ölkəmizdə, daha geniş coğrafiyada müzakirə olunur: “Çünki söylənilən fikirlər milli, regional və qlobal əhəmiyyətlidir. Bu xüsusda Yaxın Şərq problematikasına da Prezident toxunub və burda Suriyada gedən proseslər xüsusi diqqət çəkir. Ona görə ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriyanın yeni hökumətini dəstəkləyir. Lakin burda xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın ikiüzlü və riyakar siyasəti də göz önündədir. Vaxtlə Ermənistanın rəhbərliyi Bəşər Əsədə yardımlar göndərirdi və Rusiya ilə birlikdə burda müxtəlif əməliyyatlarda erməni hərbiçilər də iştirak edirdilər. Bu, Ermənistan tərəfindən elə təqdim olunur ki, sanki belə hadisələr baş verməyib və Ermənistan Suriyaya humanitar yardım göndərməyə cəhd göstərir. Burda qardaş Türkiyəyə də Ermənistan mesajlar ötürməklə məşğuldur”.
İ.Hüseynovun sözlərinə görə, amma məsələnin mahiyyəti bundan ibarətdir ki, əvvəlki Suriya hakimiyyəti ilə əməkdaşlıq edən Ermənistanın indki hakimiyyətlə əməkdaşlığı baş tutmayacaq. Hazırkı Suriya hakimiyyəti hadisələrdən nəticə çıxarmalıdır, keçmişə nəzər salmalıdılr və bilməlidir ki, Ermənistan əvvəlki hakimiyyəti dəstəkləyib, Suriyada gedən proseslərə birbaşa qoşulmuşdu, hərbi seqmentdə də iştirakı mövcud idi. Belə olan halda humanitar məqsədlərlə Ermənistanın Suriyaya yardımlar göndərməsi tamamilə ikiüzlü yanaşmanın göstəricisidir və burda erməni xisləti də özünü göstərməkdədir. Cənab Prezident bütün baş verən proseslərə doğru qiymət verir və bildirir ki, burda həqiqətləri təhrif etmək istəyi də görünməkdədir”.
İ.Hüseynov hesab edir ki, Suriyanın yeni rəhbərliyi, yeni kabineti baxmayaraq həssas bir dövrü yaşayır, keçid mərhələsindədir, lakin tarixə də, reallığa da, gələcəyə də doğru qiymət verəcək.
İradə SARIYEVA