Azərbaycanla ABŞ arasında “siyasi düşmənçilik” salan digər qurumların “dərsi veriləcək”...

Hüseyn İbrahimov: “Demokratiya, insan hüquqları adı altında bu təsisatlar milyonları mənimsəyib”
Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu son deyil. USAİD nəhənglərdən biridir, bu, tamamilə korrupsiyaya uğramış təşkilatdır. Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
“Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyən dövlət başçısı diqqətə çatdırıb ki, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır: “Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq”.
“Tramp doğru olaraq bu təsisatlara qarşı kəskin addımlar atır və onların fəaliyyətini məhdudlaşdırır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Prezidentin beynəlxalq forumda toxunduğu məsələlər həm beynəlxalq münasibətlərdə gedən proseslərin təhlili baxımından, eləcə də ölkəmizin milli maraqlarının müasir dünyada qorunması aspektində çox mühüm tədbirlərdən biri idi: “Prezident İlham Əliyev dünyanın müasir mənzərəsinin bir çox reallıqlarını ətraflı təhlil etdi. Haqlı olaraq bəzi beynəlxalq təsisatların fəaliyyətini ciddi tənqid etdi. Eyni zamanda ABŞ-ın hazırkı prezidenti Donald Trampın atdığı addımların perspektivinə də diqqət çəkdi. Təbii ki, bütün bunlar müasir dünya reallığında özünü göstərir və göstərəcək. Demokratiya, insan hüquqları adı altında bu təsisatlar milyonları mənimsəyiblər. Birləşmiş Ştatların vergi ödəyicilərinin vəsaitlərini göyə sovurublar. Ölkələr arasında düşmənçilik toxumu səpərək bundan öz mənafeləri üçün istifadə ediblər. Korrupsiyaya uğramış USAİD və digər təsisatlar ABŞ üçün bir yükə çevrilib. İnsan hüquqlarından dəm vuran “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatlar isə müəyyən dairələrin siyasi sifarişlərini yerinə yetirməklə məşğuldular. O baxımdan bu kimi təsisatların mövcudluğu Birləşmiş Ştatların milli maraqları üçün təhdid yaradır. Ölkələri ABŞ-la üz-üzə qoyur. Tramp doğru olaraq bu təsisatlara qarşı kəskin addımlar atır və onların fəaliyyətini məhdudlaşdırır. Prezident Əliyevin sözügedən təsisatlarla bağlı səsləndirdiyi fikirlər onu göstərir ki, yeni dünya düzəninə bu kimi təşkilatlarla gedən dövlətlər artıq öz hədəflərini müəyyənləşdirə bilməyəcəklər. Çünki bu günlərdə həm ABŞ prezidenti, həm də Böyük Britaniya baş naziri qloballaşmanın başa çatdığını bildirdi. Bu, həm də dünyaya verilən bir mesaj idi. Yəni dünyada yeni tendensiya başlayır”.
Vidadi ORDAHALLI