Şimali Kipri “unudan” bəzi türk dövlətlərinə Əliyev nümunə jesti göstərdi...

Azər Həsrət: “Prezident İlham Əliyev məsələyə tam çılpaqlığı ilə aydınlıq gətirdi və Azərbaycanın mövqeyinin hər zamankı kimi sarsılmaz və birmənalı olduğunu nümayiş etdirdi”
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Azərbaycan dövlətindən qardaş münasibəti gördüyü məlumdur. Azərbaycan ŞKTR-ni dəstəkləyir, onun maraqlarını açıq şəkildə müdafiə edir.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı qardaş ölkəyə dəstəyini bir daha nümayiş etdirib.
Prezident Əliyev deyib: “Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı”.
Azərbaycan Prezidenti əlavə edib: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq, Türk Dövlətləri Təşkilatına üzv olan bəzi türk respublikaları yunan Kipri ilə siyasi-diplomatik əlaqələr qurub.
Bildiyimiz kimi, Qazaxıstan, Özbəkistan və Türkmənistan Türkiyənin Güney Kıbrıs adlandırdığı, rəsmi adı Kipr Respublikası (yunan Kipri) olan ölkədə səfirlik açıb. Qazaxıstanın Kiprdə ilk səfiri olan Nikolay Jumakanov etimadnaməsini prezident Nikos Xristodulidisə təqdim edərkən deyib ki, Qazaxıstan Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Bildirək ki, Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bütün adanı əhatə edir. Türkmənistanın Kiprdə ilk səfiri Toyli Komekov bu ölkənin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb. Görüşdən sonra X sosial şəbəkəsində paylaşım edən Kombos Türmənistanın Kiprdə səfirlik açmasını “ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi” kimi qiymətləndirib. İlk olaraq 2024-cü il dekabrın 19-da Özbəkistanın səfiri (həmçinin, İtaliyadakı səfir) Abat Fayzullayev öz etimadnaməsini Kipr prezidentinə təqdim edib. Bu ölkələr Kipri daha əvvəl tanısalar da, Türkiyə ilə münasibətlərə zərər verməmək üçün ora səfir təyin etməmişdilər.
Bir neçə gün əvvəl Türkmənistan, Özbəkistan və Qazaxıstanın Şimali Kipr əleyhinə atdıqları addımlar hara, Prezident Əliyevin atdığı addım hara. Prezident Əliyev qardaş respublikaya dəstəyini göstərir, adı çəkilən respublikalar isə onun mənafeyinə zidd addımlar nümayiş etdirir.
Hər iki respublika yunan Kiprində səfirlik açıb. Türkmənistan yunan Kiprinin ərazi bütövlüyünü dəstəkləyən bəyanat verdi. Türkmənistan bilmir ki, onun bu addımı Şimali Kiprin mənafelərinə ziddir? Yunan Kiprinin "ərazi bütövlüyü" deyəndə Şimali Kipr də onun tərkibində getməlidir. Bu, Türkmənistanın və Qazaxıstanın yanaşmasıdı.
Azərbaycan Prezidentinin yanaşması isə belədir ki, Şimali Kipr Türk Respublikası bizim üçün vacibdir, o dövləti qurmaq onların haqqıdır, bu dövlətin qalması, inkişafı üçün əlimizdən gələni edəcəyik.
“...Qardaş qardaşa məhz belə gündə lazımdır, belə gündə dəstək, dayaq olmalıdır”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə təəssüflə bildirdi ki, son günlər bu məsələni müzakirə etməkdəyik. “Türk Dövlətləri Təşkilatının üzvü olan qardaş ölkələr Türkmənistan, Özbəkistan və Qazaxıstan Kiprin güney kəsimində səfirlik açıb. Özü də buna heç bir ciddi zərurət olmadan. Çünki Kiprin güney kəsimi bu adı keçən dövlətlərin heç bir rayonu qədər də deyil. Yəni dünya iqtisadiyyatında, dünya siyasətində hər hansı bir rolu yoxdur. O türk dövlətlərinin bu Kipr kəsiminə heç heç bir ehtiyacı yoxdur. Buna baxmayaraq, onlar ard-arda düzülüb gedib orda səfirlik açdılar və bununla da əslinə qalanda ortaq türk ruhuna zərbə vurmuş oldular. Biz bundan narahat idik. İstər Türkiyədə, istərsə də Quzey Kıprıs Türk Cumhuriyyətində bu gəlişmənin ardından gözlər Azərbaycanda idi. Azərbaycanın nə edəcəyi onlar üçün də, bizim üçün də maraqlı idi. Əlbəttə, Azərbaycanın birmənalı mövqeyi ilə bağlı hər hansı narahatlığımız yox idi, ola da bilməzdi. Çünki Prezident İlham Əliyev dəfələrlə özünün çıxışlarında, Quzey Kıprıs Türk Cumhuriyyətinin cumhur başqanı Ersin Tatarla, eləcə də başqa nümayəndələrlə görüşündə həmişə birmənalı mövqe nümayiş etdirib. ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Quzey Kıprıs Türk Cumhuriyyətinin cumhur başqanının müşavirinin sualına cavab olaraq Prezident İlham Əliyev məsələyə tam çılpaqlığı ilə aydınlıq gətirdi və Azərbaycanın mövqeyinin hər zamankı kimi sarsılmaz və birmənalı olduğunu nümayiş etdirdi. İndi izləyirəm, qardaş Türkiyədə, eləcə də qardaş Quzey Kıprıs Türk Cumhuriyyətində bunu çox yüksək səviyyədə dəyərləndirirlər. Quzey Kıprıs Türk Cumhuriyyətinin cumhur başqanı Ersin Tatar ayrıca bir açıqlama yayıb, Prezident İlham Əliyevə təşəkkür edib. Əlbəttə, qardaş qardaşa məhz belə gündə lazımdır, belə gündə dəstək, dayaq olmalıdır. Bu Azərbaycandır. Əslinə qalanda, türk dövlətlərinin və türk xalqlarının birləşdirilməsində mərkəz fiqur Azərbaycandır, mərkəz lider Azərbaycanın Prezidentidir. Təbiidir ki, qardaş Türkiyə, onun cumhur başqanı Rəcəb Taib Ərdoğanla birlikdə. Yəni biz buyuq, belə də davam edəcəyik. Əlbəttə ki, Türküstandakı bu türk dövlətlərinin yanaşması bizi də üzür”-deyə bildirdi.
A.Həsrət ümid edir ki, o ölkələrin belə yanaşmasının arxasında pis niyyətlər yoxdur, əksinə, bəlkə də bu, Quzey Kıprıs Türk Cumhuriyyətinin bir reallıq üçün tanınmasında gələcəkdə işə yaraya biləcək. Türküstan dövlətlərinin Avropa Birliyi ilə intensiv münasibətlər fazasına keçdiyini deyən A.Həsrət vurğuladı. “Ümid etmək istərdik ki, bu münasibətlər fazasında Quzey Kıprıs Türk Cumhuriyyətinin məsələsi də həllini tapar. Yəni Türküstandakı türk dövlətləri bu məsələdə yardımçı ola bilərlər. Hər halda baxaq, gözləyək. Heç kimi, heç bir dövləti kəsib ata bilmərik, onlar bizimdir, yanlışı ilə, doğrusu ilə biz onları qucaqlamağa davam etməliyik” - deyə A.Həsrət bildirdi.
İradə SARIYEVA