İran-Ermənistan sərhədində “terrorçu qruplar” - fars-erməni rejimi nəsə hazırlayır...

Əli Mustafa: “Ermənistan-İran birgə hərbi təlimlərinin əsas hədəfi Azərbaycandır”
Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 9-10 aprel tarixlərində Ermənistan Respublikası silahlı qüvvələri və İran İslam Respublikası silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri birgə təlimlər keçirəcək.
Ermənistan ordusunun bölmələri Ermənistan ərazisində, İran ordusunun bölmələri isə İran ərazisində təlimlər keçirəcək. Məlumatda qeyd olunub ki, "təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının neytrallaşdırılmasını nəzərdə tutur”.
Pezeşkianın Bakıya səfər etməyə hazırlaşdığı ərəfədə belə birgə təlimlərin keçirilməsi nə deməkdir? Həm də İran-Ermənistan sərhədində sərhəd-keçid məntəqələrinə terrorçu qrupların hücum təhlükəsi haradan gələ bilər, bu nə hazırlıqdır? Burda kənarda axı üçüncü dövlət yoxdur. Çünki iki ölkə sərhədinə yaxın yalnız Azərbaycandır. Deməli, bu təlimlər Azərbaycana qarşı keçirilir.
“Biz bilirik ki, bu iki ölkə bir proksi qüvvə kimi zaman-zaman üçüncü qüvvələrə fayda verib”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün nə Ermənistan, nə də İran ərazisində nəzarətsiz terrorçular var: “Varsa belə, onlar Ermənistanın himayəsində olan terror qruplarıdır. Ona görə də belə bir tərtibat, məsələnin rəsmiləşdirilməsi obyektiv və səmimi deyil. Bu baxımdan hesab edirəm ki, Ermənistan-İran birgə hərbi təlimlərinin əsas hədəfi Azərbaycandır. Nə vaxtsa bunların Azərbaycanla bir problemi olarsa, o halda özlərinin hərbi qüvvələrini koordinasiyalı şəkildə ölkəmizə qarşı yönləndirə bilərlər. Digər tərəfdən də İran-Birləşmiş Ştatlar münasibətləri ilə bağlı yaranmış gərginliyin fonunda bir az problemlər var. Daha çox ehtimal edilir ki, ABŞ Ermənistan ərazisindən İrana hücum edə bilər. Bəlkə də bu kimi informasiyaları neytrallaşdırmaq üçün belə bir əməkdaşlıq formatına baş vurublar. Bu da mümkündür. Yaxud da ola bilsin, İran Ermənistanın niyyətlərini müəyyən etmək üçün bu təlimdən istifadə etməklə nələrisə müəyyən etmək istəyir. Hər halda, bütün hallarda İran-Ermənistan əməkdaşlığı, birgə təlimləri region, Azərbaycan üçün, hətta beynəlxalq birlik üçün yaxşı heç nə vəd etmir. Biz bilirik ki, həm İran, həm də Ermənistan bir proksi qüvvə kimi zaman-zaman üçüncü qüvvələrə fayda verib. Digər regiona aid olmayan qüvvələrə əlaltılıq ediblər. Ona görə də biz bütün bunları ciddi şəkildə nəzərə alıb təhlil etməliyik”.
Vidadi ORDAHALLI