Cənubi Qafqazda "yad və doğma ölkələr" ola bilməz - Avropa Komissiyası yolu dəyişməlidir...

Abutalıb Səmədov: "Bölgə, Avropa və dünya üçün əhəmiyyətinə görə Azərbaycan Gürcüstan və Ermənistandan daha vacibdir"
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunaraq deyib: “Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.
Azərbaycan prezidenti bu ifadəsi ilə nə demək istəyir, nələri nəzərdə tutur?
Baki-xeber.com saytına açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki,
Avropa Komissiyası Avropa İttifaqının ali icra orqanıdır, onun hökuməti kimi çıxış edir: "Bu səbəbdən bu hökumətin icra orqanının ayrı-ayrı dövlətlərə münasibətdə tutduğu mövqe bütövlükdə Avropa İttifaqının və Avropa Parlamentinin fəaliyyətini istiqamətləndirir. Avropa Komissiyası ədalətsiz mövqe tutanda, təbii ki, Avropa Parlamenti də, digər orqanlar da bu ədalətsizliyi daha iri miqyasda təkrar edirlər. Avropa Komissiyasına 27 komissar daxildir. Onların böyük əksəriyyəti göz önündə olmur. Ancaq biz xarici siyasət üzrə komissar Cozef Borrelli yaxşı tanıyırıq. Onun ədalətsiz, bəzən hətta faşist bəyanatları bizə yaxşı məlimdur. Borrellin Azərbaycana qarşı nə qədər ədalətsiz mövqe tutduğunu unutmamışıq. Avropa Komissiyasının Cənubi Qafqaz ölkəsinə və Türkiyəyə münasibəti onun nə qədər reallıqlardan uzaq olduğunu bariz şəkildə göstərir.
Türkiyə 1999-cu ildən Avropa İttifaqına üzvlüyə namizəddir. 2000-ci ilin əvvələrində bu barədə müzakirələr də başlanmışdı. Lakin bu müzakirələri düyünə saldılar. Açıq şəkildə göstərdilər ki, Türkiyəni Avropa İttifaqına qəbul etmək fikirləri yoxdur. Prosesi uzatdılar və bununla kifayətlənməyib, Avropa Komissiyasının Qonşuluqla Genişlənmə Baş Direktorkuğunda struktur dəyişikliyi apardılar. Avropa Komissiyasıda çox böyük bir kontingent işləyir - bu komissiyasının 16 mindən çox işçi personalı var. Həmin Qonşuluqla Genişlənmə Baş Direktorluğunda struktur dəyisikliyi nəticəsində Türkiyəni Balkan dövlətləri ilə üzvlüyə namizəd olan dövlətlər sırasından çıxarıb, Cənubi Afrika və Orta Şərq qrupuna daxil etdilər. Yəni bir vaxtlar Türkiyə Birliyə namizədlikdə mütərəqqilərdən ibarət bir qrupda yer alırdısa, indi artıq Tunis, Əlcəzair, Fələstin, Liviya və Suriya kimi ölkələrlə bir qurupdadır. Bununla da Türkiyəyə açıq şəkildə göstərilir ki, onun ən azı yaxın 20-30 ildə Avropa İttifaqının üzvü olması mümkün deyil. O da 20-30 ildən sonra Avropa İttifaqı mövcud olsa...
Eyni münasibət Cənubi Qafqaz ölkələrinə də var. Məlumdur ki, Gürcüstan Ukrayna və Moldova ilə birlikdə Avropa Birliyinə üzv olmaq üçün müraciət etmişdi. 14 dekabr 2023-cü ildə AI Şurası Gürcüstanı namizəd ölkə elan etdi. Ancaq 2008-ci ildə Gürcüstanın əraziləri işğal edilib - Cənubi Osetiya və Abxaziya Gürcüstanın nəzarətindən çıxarılıb. Azərbaycan-Ermənistan konfliktində olduğu kimi danışıqlar uzanır, heç bir real irəliləyiş yoxdur. Bütün bu reallıqları nəzərə alan Gürcüstan belə bir qərar qəbul etdi ki, əvvəl torpaqlar azad olunmalıdır, bundan sonra Avropa İttifaqına və NATO-ya qəbulla bağlı düşünmək olar. Bu istiqamətdə real addımlar atılmağa başlandı. Buna görə dərhal Gürcüstan gözdən salındı. Bu gün Gürcüstan Avropa Komissiyası üçün ən arzuolunmaz dövlətlərin başında gəlir. Əvəzində Avropa Komissiyasının müəyyən baxışlarına uyğun bəyanatlar verən Ermənistan qısa müddətdə Avropa Birliyinin sevimlisinə çevrildi. Aİ-nin müxtəlif struktur və qurumlarından Ermənistana yardımlar edilməyə başladı. Hətta "Sülh Fondu" adlanan qurumdan da Ermənistana silah yardımı edildi. Bu gün də Azərbaycanla Ermənistan arasında mövcud olan müəyyən problemlərdə Avropa Komissiyası həmişə Ermənistanın tərəfindən çıxış edib. Dəfələrlə deyilməsinə baxmayaraq, Avropa İttifaqı müşahidələrini bölgədən çıxarmaq istəmir. Aİ anlamaq istəmir ki, onlar bölgədə sülhə və sabitliyə deyil, gərginliyə xidmət edirlər. Azərbaycanın dəfələrlə bu məsələni qaldırmasına baxmayaraq, hələ heç bir nəticə yoxdur.
Eyni münasibəti biz Avropa Birliyinin vasitəçiliyi ilə aparılan danışıqlarda da gördük. Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı keçirilən danışıqlarda əgər ilk dövrlərdə Avropa Birliyi və onun rəhbəri obyektiv mövqe tuturdusa, Ermənistanın mövqeyinin dəyişməsindən - anti-Rusiya mövqeyi tutmasından sonra açıq şəkildə ermənipərəst münasibət sərgiləməyə başladı. Ermənistan Avropa Birliyinin sevimlisinə çevrildi. Bu da ona gətirib çıxardı ki, Avropa Birliyi danışıqlar prosesindən uzaqlaşdırıldı. Çünki vasitəçi tərəf tutmamalıdır, ədalətli mövqedən çıxış etməlidir. Tərəf tutduğu andan vasitəçilik səlahiyyəti itirilir. Azərbaycan prezidenti də məhz bu məqama diqqət çəkmək istəyir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bölgə, Avropa və dünya üçün əhəmiyyətinə görə Azərbaycan Gürcüstan və Ermənistandan daha vacibdir. Avropa Komissiyası bunu anlamalıdır, reallıqları dərk etməlidir və ədalətli olmağa cəhd göstərməlidir. Sevimli, yaxud ikinci dərəcəli dövlətlər kateqoriyası olmamalıdır. Yalnız bu halda Aİ və Avropa Komissiyasına dünyada etimad göstərilər, nüfuzu artar və dünyada real gücə çevrilə bilər".
Dəniz NƏSİRLİ