Qırğızıstanda çevriliş cəhdi - BƏƏ mərkəzli qrupun qanlı planları ifşa edildi...

Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Milli Təhlükəsizlik Dövlət Komitəsi dövlət çevrilişi etmək məqsədi ilə kütləvi üsyanlar təşkil etməyə və etnik qarşıdurmanı qızışdırmağa hazırlaşdığı iddia edilən qrupa qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Qeyd edilir ki, adı açıqlanmayan qruplaşmanın ölkədəki bütün üzvləri saxlanılıb və kütləvi üsyan cəhdinin qarşısı alınıb. Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçan bir nəfərin başçılıq etdiyi qruplaşma ilə bağlı araşdırma aparıldığı bildirilən açıqlamada, saxlanılanların “çevriliş etmək məqsədi ilə kütləvi üsyanlar təşkil etməyə və etnik qarşıdurmanı qızışdırmağa” hazırlaşdıqları bildirilir.
"Bu qrup döyülmüş və yarıçılpaq bir qadının kömək üçün qışqırdığı saxta videoçarx çəkməyi planlaşdırırmış. Bu yolla yerli əhalini əcnəbi vətəndaşlara qarşı qızışdırmaq, kütləvi iğtişaşlar törətmək istəyiblər. Daha sonra xüsusi təlim keçmiş silahlı dəstələr Bişkekin müxtəlif yerlərində əcnəbilərin iş yerlərində və yaşayış yerlərində toqquşmalar və hücumlar təşkil etməyi planlaşdırıblar" – deyə açıqlamada bildirilir.
Təşkilatçıların tutulması istiqamətində işlərin davam etdiyi bildirilən açıqlamada, qrup üzvlərinin sosial şəbəkələrdə qiyam və hökumətə qarşı üsyana çağıran paylaşımlar etdiyi qeyd edilib. Bildirilir ki, saxlananlardan çox sayda silah-sursat götürülüb.
TAHİR