Xankəndidən Ermənistana deyildi - Azərbaycanla barışın, sərhədlər açılsın...

Türkiyə prezidentinin Təhlükəsizlik və Xarici Əlaqələr üzrə müşaviri Çağrı Erhan Xankəndidə keçirilən ADA Universitetinin 7-ci Siyasət Forumunda çıxışı zamanı bildirib ki, İrəvan Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərini qəbul etməyənə qədər Ankara Ermənistana qarşı hər hansı müsbət addım atmaqdan imtina edir.
Erhan həmçinin qeyd edib ki, bəzi Qərb ölkələrində, xüsusən də Fransada ermənipərəst mövqelər Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səyləri ləngidir. Müşavir əlavə edib ki, Paris Avropa İttifaqının təsisatlarında Azərbaycana qarşı regionda sülhün bərqərar olmasına töhfə verməyən qərarlar qəbul edir.
Məsələni şərh edən rusiyalı analitik Andrey Petrov bildirir ki, Ermənistanın Türkiyə sərhədlərini açmaq zərurəti Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün ən yaxşı stimullardan birinə çevrilə bilər: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması hazırda Ermənistan hakimiyyətinin irəliləyiş motivasiyasının olmaması səbəbindən dalana dirənib. Azərbaycan ordusu Xankəndidəki separatçıların ocağını ləğv etdikdən sonra respublikanın təhlükəsizliyi təmin olunub və Bakı İrəvan üçün heç bir təhlükə yaratmır. Ermənistan hakimiyyəti indi yalnız nizamlanmanın müstəqil istiqaməti kimi qeyd edilən sərhədin delimitasiyası ilə maraqlanır və onlar bütün digər danışıqlar yollarına digər ölkələrlə - Rusiya, Fransa və ABŞ-la xarici siyasət sövdələşmə alətləri kimi baxırlar. Ona görə də Ermənistan Azərbaycanın sülh müqaviləsi imzalamaqla bağlı şərtlərini (ATƏT-in Minsk qrupunu ləğv etmək və Ermənistan Respublikasının Konstitusiyasından Azərbaycan torpaqlarına iddiaları çıxarmaq) şərtini yerinə yetirməkdən dərhal imtina etdi: Paşinyan hökuməti sənədi razılaşdırmaqla ilk növbədə özünü sülhməramlı kimi göstərməyə çalışır. Xüsusən də o, Donald Tramp administrasiyası qarşısında özünü sülhməramlı kimi göstərməyə can atır. Azərbaycanı genişmiqyaslı hərbi əməliyyatlara təhrik etməyə çalışır. Yəni Amerikanın Cənubi Qafqazda siyasətini tarazlaşdırmaq ümidi Ermənistan ordusunun Qarabağ müharibəsində tam məğlubiyyətə uğramasına və Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə mütləq üstünlüyünə baxmayaraq, İrəvan hərbi təxribatlar törətməyə cəsarət etməkdə davam edir”.
Andrey Petrov hesab edir ki, belə bir vəziyyətdə Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yanaşması Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq motivasiyasının mühüm elementinə çevrilir: “Paşinyan hökuməti Türkiyə sərhədinin sözdə deyil, əməldə açılmasında maraqlıdır. Bunu Marqara keçid məntəqəsinin açılmasına hazırlığın tam başa çatdırılması sübut edir. Ermənistanın Türkiyəyə birbaşa yollara ehtiyacı var. Lakin 33 il əvvəl Bakı naminə Ermənistan sərhədini bağlayan Ankaranın prinsipial mövqeyinə qarşı heç bir şey edə bilməzlər - bu səbəbdən Türkiyə Azərbaycanın ilkin şərtləri ilə bağlı Ermənistan hakimiyyətinə inamla təzyiq edə bilər. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün ən yaxşı strategiya Paşinyan hökuməti üçün diskomfort yaratmaqdır”. Bu arada Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin inşasını başa çatdırıb. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan qeyd edib: “Marqara keçid məntəqəsində tikinti işləri başa çatıb. Sərhədin açılması siyasi məsələdir və bu, təkcə Ermənistanın mövqeyindən asılı deyil”. Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən bağlıdır. Ermənistan hökuməti 2021-ci ildə Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirib. Ankara və İrəvan bunun üçün xüsusi nümayəndələr təyin edib. 2023-cü ilin yanvarında Ankara birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığı barədə İrəvanı məlumatlandırıb. Həmin ilin martında isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəd keçidinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılıq əldə olunduğunu bəyan edib. Amma sərhədin davamlı işlk olmasl üçün Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da bildirib ki, Ermənistanla sərhədlər Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən sonra açılacaq. O, rəsmi Bakı ilə İrəvan arasında danışıqlaƏr prosesinin davam etdiyini qeyd edərək deyib: “Biz danışıqların mümkün müsbət başa çatması ssenarisinə hazır olmalıyıq. Əgər normallaşma prosesi müsbət sonluqla başa çatarsa, onda biz sərhəd qapılarını aça bilərik”. Rəsmi Ankaranın şərtlərindən biri isə İrəvanın saxta erməni tarixi və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsidir. Ermənistan rəsmiləri iddia edirdi ki, ilkin şərtlərlə normallaşma prosesini irəli aparmaq mümkün deyil. Rəsmi İrəvanın konstitusiyaya dəyişikliklə bağlı əməli addım atmaması Ankara və Bakının etirazları ilə qarşılanır.
Ramil QULİYEV