ABŞ Əfqanıstana yenidən hərblə qayıtdı - inanılmaz dönüş...

Ramil Məmmədli: “Taliban buna getməklə, bunun müqabilində ABŞ-dan nələrsə almaq istəyir”
ABŞ Taliban hökumətinin istəyi ilə Əfqanıstanın şərqində, Kabilin şimalında yerləşən Baqram Hərbi Hava Bazasına nəzarəti bərpa edib.
Bu barədə Əfqanıstanın “Khaama Press” agentliyi məlumat yayıb.
Məlumata görə, keçən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Maykl Ellis də daxil olmaqla yüksək səviyyəli kəşfiyyat rəsmilərini və hərbi maşınlar, avadanlıqları daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 təyyarəsi bazaya gəlib.
O da qeyd edilib ki, Baqram Hərbi Hava Bazası və bütövlükdə Əfqanıstan həm İran, həm də Çinə qarşı müharibədə gələcək hərbi əməliyyatlar keçirmək üçün son dərəcə strateji məkan olaraq qalır.
Maraqlı gedişdir. Bütövlükdə nə baş verir, ABŞ yenidən Əfqanıstana qayıdır?
“Vaşinqton Baqramdakı bazadan İrana qarşı istifadə edə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, prinsipcə, taliblərin belə bir addım atması təəccüblü deyil: “Əvvəla, 1994-cü ildə Əfqanıstanda Taliban hərəkatının yaradılmasında Birləşmiş Ştatların gizli rolu olub. İlk baxışdan Taliban ABŞ-ın düşməni kimi təsir bağışlasa da, reallıq heç də belə deyil. ABŞ zaman-zaman bu radikal qüvvələrdən öz məqsədləri üçün istifadə edib və istisna deyil ki, bundan sonra da istifadə edəcək. ABŞ-ın gizli dəstəyi olmasaydı, Taliban 1996-cı ildə Kabildə hakimiyyəti ələ keçirərək Əfqanıstanın 90 faizinə nəzarət edə bilməzdi. 2001-ci ildə baş verən məlum 11 sentyabr hadisələrindən sonra Taliban rejimi ciddi müqavimət göstərmədən ABŞ-ın Əfqanıstana daxil olmasına şərait yaratdı. Nə sirdir ki, ABŞ ora daxil olandan sonra Əfqanıstanda narkotik istehsalı və ticarəti dəfələrlə artdı. Ona görə də bütün bunlar əsla təsadüfü deyil və baş verənlər arasında əlaqə var. Yenə həmin ABŞ, ozamankı Bayden administrasiyası 2021-ci ilin avqustunda Əfqanıstandan qoşunları çıxararaq ölkəni Talibana təhvil verdi. O vaxtdan Əfqanıstanda ciddi sosial-iqtisadi problemlər var. Bir sıra ölkələr Əfqanıstanla diplomatik münasibətlərə malik deyil, sanksiyalar var, ərzaq çatışmır, əhalinin sosial durumu daha da pisləşib. Ona görə də, görünür, Taliban hökuməti Baqram Hərbi Hava Bazasını ABŞ-a verməklə bunun müqabilində nələrsə almaq istəyir. Söhbət hansısa iqtisadi və digər yardımlardan gedə bilər. Ancaq bu gün Taliban hökumətinin ən çox ehtiyac duyduğu şey maliyyə yardımıdır. Vaşinqton Baqramdakı bazadan İrana qarşı istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, Taliban hökumətinin Tehranla münasibətləri gərgindir. Hətta bu səbəbdən Əfqanıstan-İran sərhədində bir neçə dəfə toqquşma da baş verib. Digər tərəfdən, ABŞ Əfqanıstandan gedəndən sonra Çin orada bir sıra layihələr həyata keçirir. Pekin görsə ki, Baqramdan bu ölkəyə qarşı istifadə ediləcək, o zaman Əfqanıstanla münasibətlərə yenidən baxa bilər”.
Vidadi ORDAHALLI