AŞPA komissarı bil(m)ir ki, Bakıda mühakimə olunanlar əsir yox, erməni müttəhimlərdir?...

Akif Nağı: “AŞPA komissarının özü də çox yaxşı bilir ki, dedikləri başdan-ayağa yalandır”
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl O'Flaherti Bakıda mühakimə olunan erməni əsilli şəxslərin müdafiəsinə qalxıb. AŞPA komissarı bütün iş-gücünü atıb erməni məhbusların vəziyyəti ilə maraqlanır.
“Azərbaycanda saxlanılan erməni “əsirlərin” vəziyyəti Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl O'Flaherti üçün prioritet məsələdir. O, Bakıda erməni məhbusların saxlanma şəraitini və onların keçdiyi məhkəmə proseslərini diqqətlə izləyir”.
“Mən Bakıya səfərlə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparıram. "Bu, həm onlardan, həm də məndən vaxt tələb edir", - Maykl O'Flaherti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorqyanın sualını cavablandırarkən deyib.
Guya Azərbaycanda insan haqları ilə bağlı “problem” var, komissar da bunu “həll etmək” istəyir.
AŞPA komissarı Bakıda məhkəməsi keçirilən ermənilərin “əsir” yox, müttəhim olduğunu, onların hansı cinayətlərdə ittiham edildiyini bilə-bilə onları “əsir” adlandırır.
O'Flaherti bilmir ki Bakıdakılar hərbi əsir deyillər?
AŞPA komissarı bilmir ki, Bakıda mühakimə olunanlar əsir yox, erməni müttəhimlərdir?.
“Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının bütün gerçəklikləri bilə-bilə ağ yalan danışması onun tutduğu qərəzli və ədalətsiz mövqe ilə bağlıdır”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin məhkəməsi gedir və bu prosesdən bəzi dövlətlər, bəzi təşkilatlar ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. A.Nağının sözlərinə görə, Ermənistan hökuməti bir tərəfdən sülh prosesinə sadiq olduğunu deyir, digər tərəfdən də, məhkəmə prosesi ilə bağlı dezinformasiya yayırlar, erməni rəsmiləri, erməni mediası gerçəkləri təfrif edir. “Ermənistan rəsmiləri və mətbuatı bununla da məsələnin əsl mahiyyətinin üstündən xətt çəkməyə çalışırlar. Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi cinayət törədilib, Azərbaycanın torpaqları işğal olunub. Bu prosesdə iştirak edən hər kəs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də Bakıdakı məhkəməni “Nürnberq məhkəməsi” kimi dəyərləndirirlər. Necə ki, vaxtilə faşistlər “Nürnberq məhkəməsi”ndə öz layiqli cəzalarını aldılar. Bununla bağlı geniş tədqiqat işləri, məhkəmə prosesi getdi, sonra da faşistlər cəzalandırıldılar. Azərbaycan da beynəlxalq hüquqa uyğun olaraq bu prosesi aparır, hətta yüksək dərəcədə humanistlik göstərərək Ermənistandan və yaxud başqa ölkələrdən onları müdafiə etmək üçün gələn vəkillərə mane olmur, onların müdafiəyə cəlb olunmasını təmin edir. Onlar da gedib ağ yalan danışırlar. Azərbaycanın bu cür humanist yanaşmasını Ermənistan tərəfi və havadarları dəyərləndirmir. AŞPA komissarının özü də çox yaxşı bilir ki, dedikləri başdan-ayağa yalandır. Bütün faktları azacıq da olsa araşdırsalar, vəkillərin dedikləri sözləri sətiraltı oxusalar görərlər ki, iddialar tamamilə yalandır.
Erməni əsilli məhbusların guya “dəhşətli şəraitdə” saxlanıldıqlarını iddia edirlər. Onlar harda dəhşətli şəkildə saxlanılırlar? Bu boyda yalan danışmaq olmaz axı. Biz özümüz bundan nəticə çıxarmalıyıq ki, onlara nə qədər şərait yaratsaq da, onlara nə qədər güzəştə getsək də yenə də yalan danışacaqlar, Azərbaycanın humanist münasibətini də əks istiqamətə yönəldəcəklər. Heç kəsə sirr deyil ki, Azərbaycanda istintaqa cəlb olunan istənilən şübhəli şəxslərin saxlanılma şəraitinə xüsusi diqqət yetirir, xüsusən də bu ermənilərin saxlanılma şəraitində”.
A.Nağının sözlərinə görə, Ermənistanda saxlanılan azərbaycanlılar buraxılarkən onların hansı dəhşətli vəziyyətdə olduqlarını dəfələrlə görmüşük, onlar orda işgəncələrə məruz qalıblar. A.Nağı qeyd etdi ki, ermənilər azərbaycanlı girov və əsirləri çox pis vəziyyətdə olan şəraitdə saxlayıblar. “Bütün bunları o “komissarlar” çox yaxşı bilirlər, amma azərbaycanlılarla bağlı bu faktları ortaya gətirib demirlər ki, ermənilər onlara qarşı qeyri-insani davranış göstəriblər. Əslində əsl əsir, girov Ermənistanın saxladığı azərbaycanlılardır. Bir dənə hesabat hazırlayıb ortaya qoymurlar ki, Ermənistan işğal dövründə bütün istiqamətdə bütün beynəlxalq prinsipləri, öhdəlikləri, dünyanın insanlıq qanunlarını pozub, o cümlədən, əsirlərə, girovlara münasibətdə həddindən artıq vəhşi davranış nümayiş etdirib. Bunu bunlar görmürlər. Müxtəlif vaxtlarda ya könüllü şəkildə Azərbaycan tərəfə keçmiş, ya qarşılıqlı müharibə şəraitində əsir düşmüş ermənilər burdan gedəndə sanki kurortdan gedirlər. Onların üzünə baxanda bilmək olur ki, burda hansı şəraitdə saxlanılıblar. İndi də Azərbaycan məhbuslara ən yüksək şərait yaradıb. Müəyyən qurumların onların saxlanılma şəraiti ilə tanış olması üçün şərait də yaradıb və görürlər ki, onlar burda çox yüksək şəraitdə saxlanılırlar. Dünyanın heç bir ölkəsində bu cür cinayətlarlar üçün belə yüksək şərait təmin olunmur. Onlar bunu bilirlər və bilərəkdən yalan danışırlar və Azərbaycana qarşı əsassız iddialar irəli sürməyə çalışırlar. Məqsəd də o erməniləri müdafiə etmək deyil, sadəcə olaraq onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Bizim işimiz onların dediklərinə əhəmiyyət vermədən vaxtaşırı müəyyən faktlarla, sübutlarla, videoçəklişlərlə onların dediklərinin yalan olduğunu göstərmək, ortaya qoymaq olmalıdır. Lazım olarsa, hansısa bir beynəlxalq heyətdən ibarət olan komissiya da gəlib baxsın, hər şeyi öz gözləri ilə görsünlər”.
A.Nağı deyir ki, bu məhkəmədə iştirak edən beynəlxalq səviyyəli vəkillər fikirlərini yazsınlar, biz müzakirə edək, amma onların fikirləri bizim vəkillərin fikirlərindən üstün olmamalıdır. Azərbaycan vəkillərinin kifayət qədər peşəkar, kifayət qədər savadlı olduğunu deyən A.Nağı qeyd etdi ki, bizim vəkillərimiz məsələyə daha obyektiv yanaşır. Məhkəmənin kifayət qədər obyektiv keçirildiyini deyən A.Nağı hesab edir ki, xaricdə oturan rəsmi şəxslər, qurum təmsilçiləri bu obyektivliyi görməlidir. “Avropa Şurasının İnsan hüquqları üzrə komissarının bütün gerçəklikləri bilə-bilə ağ yalan danışması onun tutduğu qərəzli və ədalətsiz mövqe ilə bağlıdır. O çox gözəl bilir ki, Azərbaycanda erməni hərbi əsiri yoxdur və Bakıda məhkəməsi keçirilənlər konkret cinayətlərdə ittiham olunurlar. Bunu bilə-bilə yalan danışmağı seçirlər”-deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA