“Dövlətlərin ərazi bütövlüyü” prinsipinə ABŞ Konqresində belə absurd baxanlar çoxdur?..

Tural İsmayılov: “Təəssüf ki, ABŞ Konqresində siyasi vicdanını itirmiş xeyli adam təmsil olunur”
ABŞ Konqresinin üzvü Viktoriya Sparts deyib ki, Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verməlidir və insanlar qarşıdan gələn seçkilərdə prezident Zelenskinin əleyhinə səs verməlidir.
Baki-xeber.com-un məlumatına görə, əslən ukraynalı olan Sparts “The Telegraph”a açıqlamasında deyib ki, Ukrayna qalib gəlsəydi, torpağı əlində saxlamaqda haqlı olardı. Amma indi belə bir vəziyyətdə deyil. Konqresmen, əks halda ukraynalıların ölkənin qalan hissəsini də itirəcəkləri barədə xəbərdarlıq edib.
Sparts, həmçinin, Trampın Putinlə başlatdığı dialoqu dəstəklədiyini və müharibənin uzanmasına görə Baydenin məsuliyyət daşıdığını bəyan edib.
"Zelenski yenidən seçilərsə, bu, ölkə üçün geri dönülməz itki olacaq" deyən Sparts, Ukraynada hökumət dəyişikliyinin davamlı sülh üçün vacib olduğunu iddia edib.
ABŞ konqresində dövlətlərin ərazi bütövlüyü prinsipinə belə yaramaz münasibət sərgiləyən deputatlar çoxdurmu?
"Dövlətlərin ərazi bütövlüyü" prinsipinə ABŞ konqresində belə absurd baxanlar çoxdur?..
Siyasi ekspert Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Təəssüf ki, ABŞ Konqresində siyasi vicdanını itirmiş xeyli adamlar təmsil olunur. Dövlətlərin ərazi bütövlüyü, beynəlxalq hüquqla bağlı məsələlərdə onların nə qədər absurd, mənasız qərarlar ala, mövqelər sərgiləyə biləcəyini biz çox yaxından görmüşük, müşahidə etmişik. Bundan əvvəlki dövrlərdə də biz dəfələrlə ABŞ Konqresində bu tip yaramaz konqresmenlərin, eyni zamanda, senatorların “haqdan-ədalətdən” dəm vurduğunu müşahidə etmişik”-deyə bildirdi.
T.İsmayılovun sözlərinə görə, hətta bu konqresmenlərin bəzilərinin çirkli pullar, rüşvət və korrupsiya bataqlığında olması ayrı-ayrı dövrlərdə ifşa edilib. O qeyd etdi ki, bəziləri hətta ABŞ-da çinayət məsuliyyətinə cəlb olunub. “Bizim torpaqlarımız 30 il ərzində işğal altında olanda ABŞ konqresmenlərinin içərisindəki bu absurd adamların “bəyatlarını”, boğazdan yuxarı açıqlamalarını çox görmüşük. Ukraynanın, Ukraynanın ərazi bütövlüyünün ABŞ konqresmenlərinin dezinformasiya hücumlarına məruz qalması da bu qəbildəndir. Bu gün Viktoriya Sparts və o qəbildən olan bir çoxları ağlını itirmiş kimi davranır, Ukraynanın ərazi bütövlüyünü şübhə altına almağa çalışırlar, eyni zamanda Ukraynanın daxilindəki ictimai-siyasi proseslərlə bağlı xalqın iradəsinə zidd mövqelər ortaya qoyurlar. Təəssüflər olsun ki, dünyada ABŞ konqresmenlərinin belə yaramaz davranışlarına normal adekvat reaksiya verilmir”- deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA