Tramp bunu da etsə, Avropa-ABŞ düşmənçiliyi geridönməz prosesə çevriləcək...

Xaqani Cəfərli: "Strateji müttəfiqlik başa çatarsa, bunun yerini strateji rəqabət ala bilər"
ABŞ Müdafiə Nazirliyi Rumıniya və Polşa da daxil olmaqla Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmağı planlaşdırır. Bu barədə "NBC News" adı açıqlanmayan altı amerikalı və avropalı rəsmiyə istinadən məlumat yayıb.
"Sözügedən birliklər Bayden administrasiyasının Rusiyanın işğalından sonra Ukrayna ilə həmsərhəd ölkələrin müdafiəsini gücləndirmək üçün 2022-ci ildə yerləşdirdiyi 20 minlik qüvvələrin bir hissəsidir.
Çıxarılacaq qoşunların sayı hələ də müzakirə olunur, lakin təklif Bayden dönəmində göndərilən qoşunların yarısının çıxarılmasını əhatə edə bilər", - Bayden ictimaiyyəti deyir.
Rumıniya və Polşada yerləşən Amerika qoşunlarının sayının azaldılması ilə bağlı daxili müzakirələr ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya liderləri ilə danışıqlar yolu ilə atəşkəsə nail olmağa çalışdığı vaxta təsadüf edir. Avropalı mənbələrə görə, Pentaqon bu təklifi təsdiq edərsə, ABŞ-ın Avropadakı uzunmüddətli müttəfiqlərindən imtina etməsi ilə bağlı qorxular artacaq, Avropa mənbələri isə Rusiyanı ciddi təhdid hesab edir.
Bu addım reallaşarsa ABŞ-Avropa münasibətlərinin perespektivlərinə necə təsir edəcək? Eyni zamanda, Trampın bu qərarı Avropa-Rusiya münasibətlərinə və Ukrayna müharibələrinə necə təsir göstərəcək?
Baki-xeber com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, ABŞ Müdafiə Nazirliyinin Rumıniya və Polşa da daxil olmaqla Şərqi Avropadan 10 minə qədər hərbçini çıxarmaq niyyəti, bununla bağlı ilk addımların atılması Tramp adminstrasiyasının Avropadan çəkilmək siyasətinin bir hissəsidir: "Bu addım, heç şübhəsiz ki, ABŞ-Avropa münasibətlərinin perespektivlərinə mənfi təsir edəcək. Çünki bu, faktiki olaraq 80 ildən artıq davam edən Avro-Atlantik strateji müttəfiqliyinin başa çatmasıdır. ABŞ-ın Avropadakı qoşunlarını çıxarması bunun sonu olacaq. Strateji müttəfiqlik başa çatarsa, bunun yerini strateji rəqabət ala bilər. Trampın Avropya yönəlik qərarları və Vaşinqton rəsmilərinin açıqlamaları da prosesin məhz bu istiqamətdə getdiyini göstərir. Əgər yaxın həftələrdə geri dönüş istiqamətində addımlar atılmasa, ABŞ-la Avropa arasında strateji rəqabət qalıcı prosesə çevriləcək.
Tramp administrasiyasının Avro-Atlantik strateji müttəfiqliynə son vermək niyyəti, heç şübhəsiz ki, Ukraynanın müdafiəsinə mənfi təsir göstərəcək. Bu bir tərəfdən Rusiyanı daha da təcavüzkarlaşdıracaq, digər tərəfdən Ukraynanın müdafiə qabliyyətini zəiflədəcək.
Ancaq bunun nə Avropa, nə də Ukrayna üçün fəlakətli olacağını düşünmürəm. Avropa dünyanın ən böyük ikinci iqtisadiyyatına malikdir. Avropa Birliyi iqtisadiyyatının daha çox böyümək potensialına var. Avropa dövlərinin ABŞ-ın iştirakı olmadan da özlərini müdafiə etmək üçün hər cür imkanları var. Rusiya çox böyük itkilərə məruz qaldığı üçün Ukraynada sürətli uğur qazanmaq imkanını itirib. ABŞ-ın dəstəyinin azalması Rusiyanın hərbi məğlubiyyətinin qarşısını ala bilər, amma qalib gəlməsini təmin edə bilməz".
Akif NƏSİRLİ