Belçikadan absurd “Dağlıq Qarabağ qətnaməsi”...

Bəhruz Quliyev: “Bu qətnamələr qətiyyən reallığı əks etdirmir və siyasi sifariş əsasında hazırlanmış sənədlərdir”
Belçikadan Azərbaycana qarşı qərəzli addım. Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsində dinləmələr keçirilib. Dinləmələr çərçivəsində Azərbaycanla bağlı iki qətnamə gündəmə gətirilərək müzakirələr keçirilib.
Qətnamələrdən biri Azərbaycanda insan hüquqları və jurnalistlərin müdafiəsi məsələsinə, digəri isə “Dağlıq Qarabağ”dakı vəziyyət mövzusuna həsr edilib. Hər iki sənəddə ölkəmizə qarşı erməni lobbisinin sifarişi ilə hazırlanmış iddialar yer alıb. Qətnamədə bəyan edilib ki, guya Qarabağda ermənilər etnik təmizləməyə məruz qalıb. Qətnamədə başqa absurd iddialar da var. Düzdür, Belçika Federal Parlamentində Azərbaycanla bağlı absurd qərarlar yeni deyil. 44 günlük Vətən müharibəsindən üzü bəri dəfələrlə Belçika beynəlxalq hüququ pozaraq separatçıları müdafiə etməyə çalışıb. Bunun növbəti dəfə təkrarlanması onu göstərir ki, Belçika bu pozucu fəaliyyətindən əl çəkmək istəmir.
“Belçika parlamentinin qərarı obyektivlikdən, beynəlxalq hüququn prinsiplərindən kənar, qərəzli mövqeyin məhsuludur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Avropa İttifaqına üzv ölkələrin əksəriyyətində Azərbaycana qarşı antipatiya var: “Və illərdir bu həqiqət bizə məlumdur. Bu gün Belçikada qəbul edilən hər hansı sənəd də məhz bu münasibətlərin təzahürüdür. Biz onsuz da Avropadan Azərbaycanla bağlı müsbət qərar və ya qətnamə gözləmirik. Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycanla bağlı qəbul olunmuş iki qətnamə də obyektivlikdən, beynəlxalq hüququn prinsiplərindən kənar, qərəzli mövqeyin məhsuludur. Hər iki sənəddə - istər insan hüquqları və jurnalistlərin guya sıxışdırılması ilə bağlı olan hissədə, istərsə də “Dağlıq Qarabağ”la bağlı bölümdə - erməni lobbisinin təsiri açıq şəkildə hiss olunur. Bu qətnamələr qətiyyən reallığı əks etdirmir və göründüyü kimi, siyasi sifariş əsasında hazırlanmış sənədlərdir. Xüsusilə, qətnamədə Qarabağda ermənilərin guya etnik təmizləməyə məruz qalması ilə bağlı irəli sürülən iddia əsassız, həqiqətdən uzaq və tarixi faktlarla ziddiyyət təşkil edir. Bəllidir ki, Azərbaycan çoxmillətli, multikultural ölkədir və bütün dövrlərdə, ermənilər də daxil olmaqla, burada müxtəlif etniklər yaşayıb. Qarabağda da yanaşma eyni formada olub. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, ölkənin suveren ərazilərində bütün vətəndaşların hüquqları, o cümlədən etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin təhlükəsizliyi və rifahı təmin olunacaq. Təəssüf ki, Belçika kimi bir ölkənin parlamenti obyektiv mövqe tutmaq əvəzinə, regiondakı reallıqları düzgün qiymətləndirmədən, birtərəfli, qərəzli və siyasi motivli qətnamə qəbul etməklə beynəlxalq ictimaiyyətə yanlış mesaj verir. Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmiş və beynəlxalq hüquq çərçivəsində hərəkət etmişdir. Belə sənədlər regionda sülh və sabitliyə xidmət etmir, əksinə, yeni gərginliklərin yaranmasına zəmin yaradır. Belə məsuliyyətsiz və birtərəfli qərarları qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti real faktlara əsaslanmağa, regionda sülh prosesini dəstəkləməyə çağırırıq. Sonda onu da deyim ki, bu sənədin bizim üçün heç bir hüquqi əhəmiyyəti yoxdur. Sadəcə, buna Qərbin münasibəti və siyasi təzyiq elementi kimi baxmaq olar”.
Vidadi ORDAHALLI