Tramp Ərdoğana “son 2 min ildə heç kim...” sözlərilə nə demək istədi?..

Abutalıb Səmədov: “Həqiqətən də Suriya ərazisi min illərdir müxtəlif dövlətlərin nəzarəti altında olub və heç biri onu axıra qədər öz əlində saxlaya bilməyib”
ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verib.
Tramp “Netanyahuya dedim ki, Türkiyə ilə problemin varsa, mən onu həll edə bilərəm. Çünki mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Amma sən də məntiqli olmalısan. Netanyahuya onu da dedim ki, israillilər Türkiyə ilə ola biləcək hər hansı problemi həll etmək üçün sağlam düşüncə ilə hərəkət etməlidirlər” - deyə bildirib.
ABŞ prezidenti həmçinin qeyd edib: "Mənim Ərdoğanla gözəl münasibətim var. Mən onu sevirəm, o da məni sevir - və bu, medianı qəzəbləndirir”.
Ərdoğanın Suriyadakı rolundan danışan Tramp qeyd edib ki, "Ona (Ərdoğana) dedim: Təbrik edirəm, 2000 ildə heç kimin əldə edə bilmədiyi şeyə nail oldun. Suriyanı ələ keçirdin. O, "Xeyr, mən etmədim” dedi. Mən isə “Əlbəttə etdin, sən bunu etdin” dedim. "Ərdoğan çox güclü insandır və heç kimin edə bilmədiyi bir şey etdi. O, həqiqətən çox ağıllıdır", - deyə Tramp vurğulayıb.
Tramp Ərdoğana nə demək istəyir ki, 2 min ildə heç kimin edə bilmədiyini sən etdin, Suriyanı tutdun? Tramp həm tarixi, həm də siyasi olaraq nə demək istəyir? 2 min il bundan əvvəl Suriya kimin əlində idi, kim tutmağa çalışırdı ki? Trampın dediklərinin arxasında müasir dövrlə bağlı hansı tarixi, hansı siyasi mətləblər var?
“Suriyada Türkiyənin birdəfəlik möhkəmləndiyini, Türkiyənin Suriyanı öz nəzarətinə götürdüyünü söyləmək...”
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki,Trampın Netanyahu ilə birlikdə keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər təbiidir, maraqlıdır, əhəmiyyətlidir və kifayət qədər ciddi mətləblərdən xəbər verir: “Tarixə ekskrusiya edib Ərdoğana deyir ki, sən 2 min il ərzində başqalarının bacarmadığını bacardın. Əslinə qalsa, bu reallıqdan uzaq bir bəyanatdır. Çünki həqiqətən də Suriya ərazisi min illərdir müxtəlif dövlətlərin nəzarəti altında olub və heç biri onu axıra qədər öz əlində saxlaya bilməyib. XX əsrin əvvəllərində Suriya, Suriyanın əsas ərazisi Osmanlı imperiyasının tərkibində idi və Birinci Dünya müharibəsindən sonra bu ərazilər Osmanlı imperiyasının əlindən çıxdı. Necə ki, əvvəlki dövrlərdə bu əraziləri Misir, Ərəb xilafəti və digər ərəb dövlətləri, farslar öz nəzarətlərində saxlaya bilməmişdilər. Təbiidir ki, Bəşər Əsədin hakimiyyətinin devrilməsində Türkiyə həlledici rol oynadı. Uzun müddət Bəşər Əsəd Rusiya ilə birlikdə cəhdlər göstərdi ki, İdlibdən, Türkiyə ilə sərhəddən Türkiyənin qüvvələrini uzaqlaşdırsın, Rusiya prezidenti Putinlə dəfələrlə İdlib məsələsi müzakirə olundu. Çünki Bəşər Əsəd Suriya ərazisinin 80 faizindən çoxunu nəzarətə götürə bilmişdi. Əsas təhlükənin İdlibdən gələcəyini hiss edirdi. Ancaq Ərdoğan dayandı, çox böyük çətinliklərlə olsa da dayandı, ordakı müxtəlif qruplaşmalara yardımlar göstərdi və son nəticədə də həmin o qruplaşmaların gücü ilə Bəşər Əsəd Suriyadan qovuldu, qaçmaq məcburiyyətində qaldı. Ancaq bunu son hesab etmək mümkünsüzdür”.
A.Səmədovun fikrincə, hazırda da Suriya uğrunda mübarizə davam edir və burda İsrail ən aktiv mövqe tutan dövlətlərdən biridir. A.Səmədov qeyd etdi ki, Rusiyanın başı müəyyən qədər Ukraynaya qarışıb, o da yəqin bu reallığı qəbul etməyəcək, Türkiyənin Suriya üzərində təsirini azaltmaq üçün əlindən gələni edəcək. “ABŞ-ın indiki prezidenti Ərdoğana hörmət etdiyini bildirir, ona dəyər verdiyini, “bizim heç bir problemimiz olmayıb” deyir. Əslinə qalsa, onun birinci prezidentliyi dövründə çox ciddi probelm var idi. Onun xatırlatdığı “keşiş məsələsi” çox ciddi qarşıdurmaya gətirib çıxarmışdı, Tramp Ərdoğanı Türkiyə iqtisadiyyatını çökdürməklə hədələmişdi və Türkiyə lideri o dövrdə də qəti şəkildə bəyan etmişdi ki, nə qədər mən hakimiyyətdəyəm keşiş təhvil verilməyəcək. Ancaq təhvil vermək məcburiyyətində qaldı.
İndi Suriyada Türkiyənin birdəfəlik möhkəmləndiyini, Türkiyənin Suriyanı öz nəzarətinə götürdüyünü söyləmək, hesab edirəm ki, yanlışdır. Bu mübarizə hələ uzun illər davam edəcək və ABŞ da bu mübarizənin həmişə içərisində olacaq. Trampın prioritetləri başqadır. Hələlik ilk növbədə Ukrayna müharibəsini bitirmək istəyir, İranla bağlı problemləri həll etmək və yeni nüvə razılaşmasına nail olmaq niyyətindədir. Növbədə Qrenlandiya və Arktika ilə bağlı çox ciddi planları var. Təbiidir ki, bunların həll olunmasına nail ola bilsə, Suriyaya da daha ciddi müdaxilə etməyə çalışacaq. Məlumdur ki, Trampın birinci prezidentliyi dövründə kürd terrorçu qruplarına kifayət qədər ciddi yardımlar göstərilirdi, onların təmsilçiləri ən yüksək səviyyədə qəbul olunurdu. Bundan sonra da, yəqin ki, onlara bu dəstəklər göstəriləcək. Türkiyənin Suriyada möhkəmlənməsi nə ABŞ-ı, nə İsraili, nə İranı, nə Rusiyanı, təbii ki, qane etmir. Ona də Türkiyə kifayət qədər ehtiyatlı, diqqətli olmalı və ən əsası, öz iqtisadi, hərbi gücünü artırmağa çalışmalıdır ki, Suriyada öz təsirini uzun illər saxlaya bilsin.
İndiki şəraitdə əsas təhlükə İsraillə bağlıdır. İsrail kifayət qədər aktiv addımlar atır, Suriyanın Türkiyənin protektoratı olduğunu bəyan edir və bu vəziyyətin İsraili qane etmədiyini deyir, işi hətta müharibə həddinə qədər gətirib çıxarmağa səy göstərirlər. Amma ABŞ-ın müdafiə etmədiyi İsrail, təbiidir ki, Türkiyəyə qarşı heç nə edə, Türkiyənin hərbi gücü qarşısında dayana bilməz. Türkiyə də İsraillə kəskin qarşıdurmaya getməkdə maraqlı deyil. Əgər İsrail məcbur etməsə, bunun daha da kəsinləşməsini Türkiyə istəmir. Trampın bu mövqeyi eyni zamanda İsraili də reallığa yaxınlaşdırmağa xidmət edir. Ərdoğan kifayət qədər güclü liderdir, ən qatı addımlar atmağa qadir olan liderdir və Türkiyəyə qarşı kəskin hərəkətlər etmək İsrail üçün çox təhlükəlidir. Güman edirəm ki, bu xəbərdarlıqdan Netanyahu da düzgün nəticə çıxaracaq və bundan sonra vəziyyəti gərginləşdirməyə çalışmayacaq. Ancaq Trampın bu qədər özünə güvənməsi və ən ağır məsələləri də asanlıqla həll edəcəyini bəyan etməsi də bizim üçün yeni deyil. Çünki dəfələrlə görmüşük ki, o, bu cür bəyanatlar verib və sonradan anlayıb ki, hər şey onun düşündüyü qədər asan deyil. Suriya məsələsi də çox ağır məsələdir, çox ciddi məsələdir. Ümid edək ki, burda ciddi silahlı qarşıdurma olmadan problemi həll etmək mümkün olacaq və İsrail vəziyyəti daha da gərginləşdirmək xəttindən imtina edəcək” - deyə A.Səmədov bildirdi.
İradə SARIYEVA