ABŞ-Çin ticarət müharibəsi qızışır... Pekin rüsumları 84 faizə qaldırdı, Tramp Amerika şirkətlərinə çağırış etdi - “Çini tərk edin”

Çin aprelin 10-dan etibarən ABŞ mənşəli mallara gömrük rüsumlarını 84 faizə qaldırıb. Qərar prezident Donald Trampın Çinə tətbiq etdiyi 104 faiz tarif qərarına cavab olaraq verilib.
Bu yeni vergi siyasəti ilə Çində yaşayan istehlakçıları ABŞ-dan idxal edilən avtomobillər, smartfonlar və ərzaq məhsullarında əhəmiyyətli qiymət artımları ilə üzləşdirəcək.
Bundan başqa, Çin istehlakçı assosiasiyaları bəzi Amerika brendlərinin Çin bazarından geri çəkilmə ehtimalı da istisna etmir: "İstehlak səbətində Amerika məhsullarının payı azalsa da, qiymətlər yerli məhsullardan yüksək olaraq qalacaq".
ABŞ-da yerləşən texnologiya və avtomobil şirkətlərinin də Çindəki gəlirlərində əhəmiyyətli dərəcədə azalma olacağı gözlənilir. Beynəlxalq iqtisadçı Meri Lavli ticarət müharibəsinin artıq şirkətlərin həyatda qalma müharibəsinə çevrildiyini deyib.
Çinin 84 faiz gömrük rüsumu qərarından dərhal sonra açıqlama verən Tramp Çinə iqtisadi təzyiqləri artırmağa davam edəcəklərini deyərək, Amerika şirkətlərinə açıq çağırış edib. Tramp, “Apple” kimi böyük şirkətlərin istehsalını ABŞ-a köçürdüyünü xatırladaraq, Amerika şirkətlərini Çini tərk etməyə çağırıb.
Bu arada, Çin Trampın yeni tarifləri ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Pekin administrasiyası ABŞ-ın beynəlxalq ticarət qaydalarını pozan birtərəfli qərarlarına son qoyulmasını tələb edib.
Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb. Birləşmiş Ştatlar ölkə səviyyəsində Çinin ən iri idxal bazarıdır. Ötən il Çinin ABŞ-a ixracı 462 milyard dollar, ABŞ-dan idxalı isə 143 milyard olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir.
TAHİR