Qaza tələbat dövrü yenidən qayıdır - Azərbaycan qazından "bərk tutun"...

Təbii qaz uzun müddət yaşıl keçiddə, yəni qalıq yanacaqların bərpa olunan enerji mənbələri ilə əvəz edilməsində mühüm rol oynamağa davam edəcək. Məhşur “Wood Mackenzie” şirkəti tərəfindən aparılan araşdırmaya görə, təbii qazın təmizliyi”onu uzun müddət ən çirkli qalıq yanacaq hesab edilən kömür və bərpa olunan enerji mənbələri arasında körpü edəcək. Qaz elektrik enerjisi istehsalında, sənayedə və nəqliyyatda öz əsas rolunu gələcək onilliklər ərzində saxlayacaq.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, son rübdə təbii qaza tələbat 80% artıb və onun qlobal enerji balansında payı hazırda dörddə bir həddinə yaxınlaşır. Elektrikləşdirmə və bərpa olunan enerjinin inkişafı sürətlə gedir, lakin onlar uzun müddət bəşəriyyətin sürətlə artan enerji tələbatını tam ödəyə bilməyəcək. Enerji mənbəyi kimi qaz etibarlı, çevik və kömürə alternativdir. Hazırda kömürlə işləyən elektrik stansiyaları bütün qlobal enerjinin təxminən üçdə birini istehsal edir. “Wood Mackenzie”nin proqnozuna görə, Cənub-Şərqi Asiyada qazla elektrik enerjisi istehsalının artımı xüsusilə nəzərə çarpacaq. Vyetnam, İndoneziya, Malayziya və Filippin kimi ölkələrin 2050-ci ilə qədər ümumi gücü 180 qiqavat artıracağı gözlənilir. Çin və Hindistanda qaza tələbat əsrin ortalarına qədər 95 milyard kubmetr artacaq, bu da onların kömürdən asılılığını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Enerji istehsalı ilə yanaşı, qaz aşağı karbonlu texnologiyaların inkişafında da mühüm rol oynayır. Söhbət karbon tutma və saxlama texnologiyalarından və mavi hidrogenin istehsalından gedir. Yaşıl hidrogen sənaye miqyasında istifadə etmək üçün çox bahalı olaraq qalır, buna görə də təbii qazdan istifadə olunmaqla mavi hidrogenin istehsalı çox vacibdir. “Wood Mackenzie” hesab edir ki, hökumətlər təbii qazın yaşıl keçid zamanı təmin etdiyi enerji təhlükəsizliyi ilə xalis sıfır emissiyaya nail olmaq arasında balans yaratmalıdır. Qaz İxrac Edən Ölkələr Forumunun ekspertləri isə “2050-ci il üçün perspektivlər” adlı hesabatında yazıblar ki, 2050-ci ilə qədər qlobal qaz hasilatı 1,239 trilyon kubmetr artacaq. Hasilat 2023-cü illə müqayisədə 31% artaraq 5,32 trilyon kubmetrə çatacaq. Qaz hasilatının 2030-cu ilə qədər ildə 1,6% artacağı, sonra 2030-cu illərdə 1%-ə, 2040-cı illərdə isə 0,6%-ə qədər azalacağı gözlənilir. Yaxın Şərqin mütləq hasilat artımında lider olacağı, Afrikanın isə ən yüksək artım templərini göstərəcəyi və qlobal təbii qaz bazarlarında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcəyi proqnozlaşdırılır. Yaxın Şərqdə qaz hasilatının 2050-ci ilə qədər təxminən 461 milyard kubmetr artacağı gözlənilir. Bu, əhəmiyyətli ehtiyatlar, infrastrukturun genişləndirilməsi və aşağı karbon qazı həllərinə diqqət yetirməklə əldə olunacaq. Yaxın Şərqi Avrasiya izləyir və burada hasilatın 362 milyard kubmetr artacağı proqnozlaşdırılır. Hasilat burada 1,2 trilyon kubmetrə qədər artacaq. Bu artım maye qaz infrastrukturuna investisiyaların artırılması ilə dəstəklənir. Şimali Amerika 2050-ci ilə qədər hasilatı 107 milyard kubmetr artıracaq. Asiya-Sakit okean regionu və Latın Amerikası müvafiq olaraq 91 milyard kubmetr və 87 milyard kubmetr həcmində hasilatı artıracaqlar. “Shell” şirkətinin ekspertləri qeyd edirlər ki, mayeləşdirilmiş təbii qaza qlobal tələbat 2040-cı ilə qədər ildə 630-718 milyon tona qədər arta bilər. Şirkət proqnozunu əvvəlki 625-685 milyon tonla müqayisədə artırıb. Ümumi qlobal maye qaz ticarəti 2024-cü ildə bir il əvvəl olan 404 milyon ton göstəricidən 407 milyon tona yüksəlib ki, bu da son 10 ilin ən aşağı illik artımıdır. “Shell” hesab edir ki, bu dinamika bazarda yeni təchizatların məhdud həcmi ilə əlaqədardır: “Yenilənmiş proqnozlar göstərir ki, inkişaf və karbonsizləşdirmə məqsədlərinə çatmaq üçün dünyanın enerji istehsalı, istilik və kondisioner, sənaye və nəqliyyat üçün daha çox qaza ehtiyacı olacaq”.
Bütün bunlar təbii qaz istehsalçısı kimi Azərbaycanı da maarqlandırır. Proseslərin gedişi göstərir ki, ölkə təbii qaz istehsalını və bundan əldə etdiyi gəlirləri artıracaq. Burada bir məsələni də qeyd edək ki, Rusiya ilə geosiyasi münasibətlərin qopmasından sonra Avropa İttifaqı təcili şəkildə etibarlı və şaxələndirilmiş enerji mənbələri axtarışına çıxıb. Brüsselin yaşıl keçid və iqlim bəyanatları fonunda Bakı ideologiya yox, real enerji təhlükəsizliyi təklif edir. 2022-ci ildən etibarən Azərbaycan ardıcıl olaraq Avropaya qaz ixracını artırır. SOCAR-ın məlumatına görə, 2024-cü ildə Avropa İttifaqına Azərbaycan qazının ixracı 12,8 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 26 faiz çoxdur. 2025-ci ildə bu göstəricinin 14 milyard kubmetri keçəcəyi gözlənilir - xüsusən də İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan kimi ölkələrdən artan tələbat fonunda. Burada həlledici rol Cənub Qaz Dəhlizinə məxsusdur. Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırılır, onlardan 10-u Avropa ölkəsidir, 8-i Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Qərb ekspertləri Azərbaycanı panavropa qaz təchizatçısı adlandırır. Şübhəsiz, qaz təchizatının coğrafiyası genişləndikcə, bu status bir qədər də güclənəcək. Çünki, hazırda bəzi Avropa ölkələri qazpaylama şəbəkəsini Azərbaycanın hesabına yaradır, bir çoxlarında belə şəbəkə ümumiyyətlə, yoxdur, digərlərində isə mövcud şəbəkələrin genişləndirilməsinə zərurət var və ölkəmiz də həmin prosesdə investor kimi iştirak etməyi planlaşdırır. Qaz təchizatı coğrafiyasının genişlənməsində, əlbəttə, interkonnektorların da böyük rolu olacaq. Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobilyo Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib ki, Aİ Azərbaycandan dayanıqlı qaz təchizatına ümid edir. Avropa İttifaqının enerji üzrə ekspertləri hesab edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarınnı Qərbə nəqlində daşıyıcı missiyasına malikdir. Ona görə də Azərbaycanın digər region ölkələrinin yanacağının cəlbində və daşınmasında rolu və etibarı daha böyük olduğundan Avropa İttifaqı yeni sazişlərin imzalanmasını da Bakı ilə əlaqələndirir.
Tahir TAĞIYEV