Ermənistanda “yaşıl enerji” 40 faizdir? - Prezident kimi aldadır?..

Rəsul Cahangirli: “Əgər belədirsə, o zaman nəyə görə ekoloji baxımdan zərərli “Metsamor” AES-in fəaliyyətini dayandırmır?”
Bu günlərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniya prezidenti ilə birgə mətbuat konfransı zamanı deyib ki, Ermənistanın enerji balansında “Yaşıl enerji”nin payı 40 faizdir:
“Müzakirələr zamanı Qara dəniz elektrik kabeli məsələsi də gündəliyə daxil edilib. Düşünürəm ki, gələcəkdə Almaniyanın köməyi və Aİ tərəfdaşlarının dəstəyi sayəsində biz bu layihənin bir hissəsi ola biləcəyik. Bu gün Ermənistanın enerji balansında “yaşıl enerji”nin payı təxminən 40 faiz təşkil edir və bu pay artacaq. Bizdə artıq elektrik enerjisi olacaq və biz onu ixrac etməliyik”.
Görünən odur ki, Ermənistan prezidenti ağ yalan danışır. Çünki Ermənistan kimi ölkənin qısa müddətdə buna nail olması mümkün deyil. Azərbaycan kimi maliyyə imkanları böyük olan ölkə illərdir bu sahəyə böyük sərmayə yatırır, amma “yaşıl enerji”nin çəkisi o qədər deyil. 2024-cü ildə Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 faiz olub. Belə olan halda Ermənistanın enerji balansında “yaşıl enerji”nin payı necə 40 faiz ola bilər?
“Qısa bir müddətdə Ermənistanın enerji balansında “yaşıl enerji”nin payını 40 faizə çatdırması mümkünsüzdür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, Ermənistan prezidenti Almaniyadan olan investorları şirnikləndirmək üçün rəqəmləri təhrif edir: “Ermənistanda elektrik enerjisinin əsas hissəsi “Metsamor” Atom Elektrik Stansiyasında və idxal qazı hesabına işləyən istilik elektrik stansiyalarında istehsal edilir. Ermənistan əhalinin qaza olan tələbatını Rusiyadan idxal olunan qaz hesabına təmin edir. İrandan idxal edilən qaz isə istilik elektrik stansiyalarına yönəldilir. Bəli, Ermənistanda bir neçə su elektrik stansiyası var. Ancaq bu ölkədə günəş elektrik stansiyalarının çəkisi elə də böyük deyil. Çünki Ermənistan dağlıq ölkədir. Ən başlıcası, beş il əvvəl Ermənistan elektrik enerjisinə olan tələbatının bir hissəsini Qarabağ hesabına təmin edirdi. Çünki torpaqlarımız işğal altında olanda Kəlbəcərdə və Zəngilanda bir neçə SES tikilmişdi. İstehsal edilən elektrik enerjisi Ermənistana ötürülürdü. Bir sözlə, qısa bir müddətdə Ermənistanın enerji balansında “yaşıl enerji”nin payını 40 faizə çatdırması mümkünsüzdür. Əgər belədirsə, o zaman Ermənistan nəyə görə ekoloji baxımdan zərərli “Metsamor” AES-in fəaliyyətini dayandırmır? Tam əksinə, ABŞ-ın yardımı ilə Ermənistan yeni AES tikmək istəyir. Ona görə də Ermənistan prezidentinin “yaşıl enerji” istehsalı ilə bağlı səsləndirdiyi rəqəmlər reallığa uyğun deyil. Bununla onlar istəyir ki, Avropa ölkələri Ermənistanda bu sahəyə sərmayə qoysun”.
Vidadi ORDAHALLI