Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasını bu şəxslər pozdu...

Bundan sonra Ermənistanın, erməni diasporunun və lobbisinin Azərbaycanı "etnik təmisləmə"də günahlandırması erməni həyasızlığının daha yüksək pilləsi sayılacaq
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verdikcə daha maraqlı və daha ifşaedici nüanslar üzə çıxır. Bu nüanslar isə Ermənistan hökumətinin və erməni diaspora təşkilatlarının əməllərini ifşa edir.
Məsələn, separatçı rejimin "xarici işlər naziri" David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub.
O deyib ki, inteqrasiya mümkünsüz idi. Separatçı "hakimiyyət" də buna razı deyilmiş.
D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.
Babayan davam edərək deyib ki, heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü.
Ola bilsin ki, bəziləri üçün bu adi etiraf sayılır, amma bu etiraf Ermənistan hökumətinin siyasətini ifşa edir, eyni zamanda, bu etiraf erməni lobbisinin təbliğat alibilərini fiaskoya uğradır.
Belə ki, erməni lobbisi və diaspora təşkilatları 2023-cü ilin sentyabrında keçirilən bir günluk məhdud antiterror əməliyyatından sonra təbliğatlarını onun üzərində qurublar ki, guya Azərbaycan Ordusu Qarabağda etnik təmizləmə aparıb. Lakin Babayanın etiraf etməsi ki, "vəzifəli şəxslər", yəni separatçı qurumun "hakimiyyəti" inteqrasiyanın əleyhinə idi. Deməli, əhalinin köçməsinə də onlar komanda veriblər. Erməni diasporunun əldə bayraq etdiyi "etnik təmizləmə" alibisi indiyə qədər dəfələrlə ifşa edilib. Birincisi, əhali köç edərkən Azərbaycan televiziyaları yol boyu onları suala tuturdu ki, niyə köçürsünüz, sizi kim köçməyə təhrik və ya məcbur edir. Onların, demək olar, hamısı cavab verirdi ki, "rəhbərlik" bizə köçmək əmri verdi. "Rəhbərlər" əslində həmin vaxt bazar və mağaza piştaxtalarının boşalmasını da təşkil ediblərmiş ki, əhali Ermənistana köçsün. Bunu da köçən əhali yolda muxbirlərə danışmışdı.
Ardınca isə Ermənistanın baş naziri Nikol Paşinyan əhalinin köçündən dərhal sonra bəyan etdi ki, antiterror əməliyyatı zamanı əhaliyə qarşı zorakılıq tətbiq edilməsi müşahidə olunmayıb. Əhaliyə qarşı zorakılıq tətbiq edilməyibsə, "etnik təmizləmə" hansı vasitələrlə həyata keçirilib? Əlbəttə, zorakılıq və ya qısnama tətbiq etmədən etnik təmizləmə həyata keçirilə bilməz. Zorakılığı ordu həyata keçirə bilərdi, lakin buna dair bir fakt belə yoxdur. Qısnamanı isə digər etnik mənsubiyyətə malik mülki əhali tətbiq edə bilərdi, amma həmin ərazidə ermənilərdən başqa etnik qrup olmayıb.
İndi isə David Babayan etiraf edir ki, "vəzifəli şəxslər"in hamısı inteqrasiyanın əleyhinə idi. "Vəzifəli" şəxslər həm də əhalinin "liderlər"i idi, əhali onların sözü ilə oturub-dururdu. "Liderlərin" inteqrasiyanın əleyhinə olması isə o deməkdir ki, onlar çıxış yolunu əhalinin Ermənistana köçürülməsində görüblər.
Ona görə də Ermənistan hakimiyyətinin, erməni diasporu və lobbisinin bundan sonra da Azərbaycanı "etnik təmizləmə"də suçlaması artıq erməni həyasıclığının daha yüksək mərhələsi sayılmalıdır.
Akif NƏSİRLİ