Trampa qarşı çıxan tələbələrə repressiya başladı - bu da Amerika “demokratiyası”...

Mübariz Göyüşlü: “İsrail əleyhinə olan tələbələrə qarşı həyata keçirilən bu xoşagəlməz siyasətin ABŞ-ın özünə də ziyan vuracağı gözləniləndir”
Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın daxili və xarici siyasətində radikal dəyişikliklərin şahidi olduq. Mediadan tutmuş dövlət qurumlarına, özəl təşkilatlara qədər Trampın yürütdüyü siyasətin təsirini görənlər çox oldu. ABŞ prezidentinin sərt siyasətindən tələbələrə də “pay” düşüb. Tramp ona qarşı çıxanların hamısına qarşı həyata keçirdiyi repressiyayanı tələbələrə də tətbiq edir.
Belə ki, ABŞ Fələstin tərəfdarı olan etirazlar aksiyalarında iştirak edən tələbələr üçün vizaları ləğv etməkdə davam edir. Məlumatlara görə, indiyə qədər ən azı 300 belə hal baş verib.
Şərhçilər qeyd edir ki, universitetlər arasında İsrailin siyasəti ilə razılaşmayan tələbələrə qarşı yönəlmiş genişmiqyaslı repressiya kampaniyası ilə bağlı qorxular artır. KİV-in məlumatına görə, söhbət ABŞ-ın aparıcı universitetlərinin həm hazırkı tələbələri, həm də məzunları da daxil olmaqla yüzlərlə insandan gedir. Los Ancelesdə Kaliforniya Universitetinin rektoru Julio Frenk altı hazırkı tələbə və altı məzunun vizalarının ləğv edildiyini təsdiqləyib. Stanford Universiteti dörd tələbə və iki məzunun vizasının ləğvini təsdiqləyib.
Ötən il Fələstini müdafiə edən etirazların mərkəzində olan Kolumbiya Universiteti də dörd beynəlxalq tələbənin vizasını ləğv etdiyini təsdiqləyib. Tədbirlər ABŞ prezidenti Donald Trampın yanvarın 30-da “antisemitizmlə mübarizə” məqsədi ilə imzaladığı fərmandan sonra həyata keçirilib. Sənəd hakimiyyət orqanlarına Fələstinə dəstək aksiyalarında iştirak edən əcnəbi tələbələri deportasiya etmək üçün əsas verir. ABŞ dövlət katibi Marko Rubio martın 27-də açıq şəkildə “Həmasa dəstək verməkdə” ittiham etdiyi azı 300 tələbənin vizalarının ləğv edildiyini bildirib. Martın 25-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları Massaçusetsdə universitetin doktorantı Rumeisa Öztürkü saxlayıblar. Qız iftara çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bundan əvvəl fələstinli fəal və Kolumbiya Universitetinin məzunu Mahmud Xəlil saxlanılıb. Universitetlər arasında İsrailin siyasətləri ilə razılaşmayan tələbələrə qarşı yönəlmiş genişmiqyaslı repressiya kampaniyası ilə bağlı qorxular get-gedə artır.
“Bu addım demokratik dəyərlərə ziddir və ayrıseçkilikdir, bu isə normal hesab edilə bilməz”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Tramp ilk dəfə deyil bu istiqamətdə addım atır, birinci prezidentlik dövründə də o, İsraili açıq şəkildə dəstəkləyib. “Biz Trampın birinci prezidentlik dövründə də onun İsraili dəstəkləyən açıq çıxışlarını görmüşdük. İndi də bunu müşahidə edirik. Burda təəccüblü heç nə görmürük, Tramp özü də bi siyasəti gizlətmir, İsraili açıq şəkildə dəstəklədiyini hər çıxışında, hər addımında göstərir. Bunu müsbət qiymətləndirmirəm.
Bütövlükdə, İsrail əleyhinə olan tələbələrə qarşı həyata keçirilən bu xoşagəlməz siyasətin ABŞ-ın özünə də ziyan vuracağı gözləniləndir. Bu addım demokratik dəyərlərə ziddir və ayrıseçkilikdir, bu isə normal hesab edilə bilməz”.
M.Göyüşlü hesab edir ki, Trampın bu siyasəti təhsil məsələsinə qatması və tələbələrə qarşı bunu tətbiq etməsi yanlışdır və qınanılmalıdır. M.Göyüşlünün sözlərinə görə, tələbələrin bu şəkildə cəzalandırılması, Fələstin tərəfdarı olan etirazlar aksiyalarında iştirak edən tələbələr üçün vizaların ləğv edilməsi tendensiyasının davam etdirilməsi mənfi hal olmaqla, demokratiyaya, fikir azadlığına ziddir. “Trampın bu siyasəti ABŞ üçün ziyanlı nəticələr vəd edir. Bu cür ayrıseçkilik siyasəti ABŞ kimi böyük ənənələri olan dövlət üçün müsbət bir göstərici deyil”-deyə M.Göyüşlü bildirdi.
İradə SARIYEVA