Tramp Bayden kimi Gürcüstana təzyiqi davam etdirəcək - “Meqobari Aktı”...

Ramil Hüseynov: “Məsələnin kökündə Çinin Gürcüstanda artan iqtisadi təsiri dayanır”
Tramp administrasiyası ilk dəfə olaraq Gürcüstandakı hadisələrə rəsmi münasibətini açıqlayıb. Bununla bağlı Dövlət Departamentindən verilən yazılı açıqlamada deyilir:
“ABŞ 33 il ərzində Gürcüstanın, gürcü xalqının tərəfdaşı olub. Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Biz Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq niyyətində ciddi olduğunu nümayiş etdirmək üçün Gürcüstan hökumətinin ata biləcəyi addımları dəqiq müəyyən etmişik. “Gürcü Arzusu” hökumətinin davam edən antidemokratik hərəkətlərinə gəlincə, vitse-prezident Vensin Münhendə qeyd etdiyi kimi, demokratik mandat opponentlərin həbsə atılması və ya senzura ilə əldə edilə bilməz”.
Bundan başqa, martın 27-də Senatın Xarici Əlaqələr Komitəsində "Gürcü Arzusu" əleyhinə hazırlanmış qanun layihəsi - “Meqobari Aktı”nın respublikaçılar və demokratların səsləri ilə qəbul edilib.
Maraqlıdır, nə baş verir? İndiki administrasiya “Gürcü Arzusu” hökuməti ilə bağlı Bayden administrasiyanın siyasətini ümumən davam etdirir? Axı gözləntilər var idi ki, Tramp Gürcüstanla bağlı fərqli siyasət yeridəcək.
“Düşünmürəm ki, bunun insan hüquqları və demokratiya ilə hər hansı bir əlaqəsi var, bu, sadəcə bəhanədir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Tramp administrasiyasının Gürcüstan hakimiyyətinə təzyiq siyasətini davam etdirməsini Çin amili ilə əlaqələndirdi: “Düşünmürəm ki, bunun insan hüquqları və demokratiya ilə hər hansı bir əlaqəsi var. Bu, sadəcə bəhanədir. Çünki Tramp üçün sözügedən məsələlər prioritet əhəmiyyət kəsb etmir. Ən azından ona görə ki, Trampın özü avtoritarizmə meylli bir liderdir. Məsələnin kökündə Çinin Gürcüstanda artan iqtisadi təsiri dayanır. “Bir kəmər, bir yol” və Orta Dəhliz layihələrində iştirak Çin şirkətlərinin marağındadır. Çin şirkətləri bu layihələrə daxil olan digər layihələrin reallaşmasında iştirak edirlər. Qərblə Şərqi birləşdirən bütün layihələrdə iştirak Çin şirkətləri üçün prioritet təşkil edir. Bu çərçivədə Çin Gürcüstanda Anakliya dərin özüllü dəniz limanının tikintisində iştirak edir. Anakliya limanının tikintisi layihəsi Gürcüstanın yükdaşıma potensialını artırmaq, Şərqlə Qərbi birləşdirmək üçün böyük İpək Yoluna qoşulmaq məqsədilə 2016-cı ildə hazırlanıb. Limanın tikintisinə 2017-ci ilin dekabrında başlanılsa da, inşaat işləri altı ay sonra dayandırılıb. Tenderdə “TBS Holding” və Amerikanın “Conti International LLC” şirkətlərinin birgə yaratdığı “Anakliya Holding JSC” şirkətinin Anakliya Limanının İnkişaf Konsorsiumu qalib gəlib. Lakin Gürcüstan hökuməti 2020-ci ildə maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən “Anakliya Limanının İnkişaf Konsorsiumu” ilə müqaviləni ləğv edib. Hazırda Gürcüstanda Batumi və Poti limanları fəaliyyət göstərir. Əsas yüklər Poti limanı vasitəsilə daşınır. Lakin bu liman 1500 konteynerdən çox yükü olan gəmiləri qəbul edə bilmir. Ona görə də Gürcüstan Anakliya dərin özüllü dəniz limanının tikintisini Çinin iştirakı ilə sürətləndirib. Bu, strateji baxımdan da Çinin maraqlarına uyğundur. Çünki Gürcüstan “Bir kəmər, bir yol” və Orta Dəhliz layihələrində vacib halqadır. Vaşinqton istəmir ki, bu ölkədə Çinin iqtisadi-siyasi təsir imkanları genişlənsin. Bu səbəbdən Qərb Gürcüstanda hökumət əleyhinə mitinqlər təşkil edir, Bidzinə İvanişviliyə Bayden dönəmində sanksiyalar tətbiq edilsə də, Tramp onu hələ də ləğv etməyib. “Meqobari Aktı” qanun layihəsi bir tərəfdən sanksiyaları, digər tərəfdən isə Gürcüstanda demokratik inkişafın baş verməsi halında yardım göstərilməsini nəzərdə tutur”.
Vidadi ORDAHALLI