Avropa - Mərkəzi Asiya 1-ci sammiti Zəngəzur dəhlizinin adını da çəkmədi...

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) faktiki olaraq alternativi olmayan yeganə marşruta çevrilib
Səmərqənddə təkcə Avropa və Mərkəzi Asiya dövlətlərinin deyil, həm də qonşu regionlardan olan müşahidəçilərin diqqətini cəlb edən birinci Aİ-Mərkəzi Asiya sammiti bir neçə gün əvvəl işini başa vurdu.
Göstərilən aşırı marağa səbəb sammitin keçirildiyi geosiyasi kontekstdir. Məlum oldugu kimi, Ukrayna və Yaxın Şərqdəki müharibələr, ABŞ-ın açdığı tarif müharibələri - bütün bunlar dünyanın geosiyasi axarını qeyri-sabit məcraya yönəldir. Belə bir şəraitdə Səmərqənd sammiti ümidverici görünür və Avrasiyanın müxtəlif regionları arasında əməkdaşlığın beynəlxalq məsələlərdə gərginliyin azaldılmasına və qitədə iqtisadi əməkdaşlığa töhfə verəcəyinə inam yaranır.
Səmərqənddə müzakirə olunan məsələlərdən biri də nadir faydalı qazıntıların birgə işlənməsi olub.
Avropa Komissiyasının məlumatına əsasən, Aİ-yə üzv ölkələrin tələb etdiyi bütün nadir filizlər Çindən gətirilir. Bu da onu birbaşa rəqibindən kəskin asılı vəziyyətə salır. Hələ illər əvvəl Avropa İttifaqı digər mənbələrdən tədarükü şaxələndirmək yolu ilə bu asılılığı aradan qaldırmaq barədə qərar qəbul edib. Lakin Avropa qarşısında seçim o qədər də böyük deyil. Dünyada nadir metalların əsas ehtiyatları Çin, ABŞ, Rusiya və Avstraliyada yerləşir, yalnız məhdud miqdarda Kanada, Hindistan, Cənubi Afrika və Cənub-Şərqi Asiyada da var. Avropa ilə Rusiya, ABŞ və Çin arasındakı münasibətlərdə yaranan gərginliyə görə onlar artıq Aİ üçün etibarlı xammal bazası sayılmır. Başqa mənbələrdən isə Aİ ölkələrinə nadir filizlərin göndərilməsi kifayət qədər baha başa gəlir. Bu, Qırmızı dəniz və Süveyş kanalında gəmiçiliklə bağlı problemlərə görə də böyük risqlər yaranır.
Eyni zamanda, Avropa İttifaqı bəzi Afrika ölkələri ilə razılığa gəlməyə çalışdı, hətta bu qitənin ölkələrinə əməkdaşlıq proqramı təklif edildi, amma bu, həm də geosiyasi vəziyyət və bir sıra Afrika dövlətləri ilə Avropa İttifaqının ayrı-ayrı üzvləri, ilk növbədə, Fransa arasında münasibətlərin mürəkkəbləşməsi səbəbindən müsbət nəticələrə gətirib çıxaprmadı.
Bütün bunları göz altına alaraq, Mərkəzi Asiya bu gün Aİ üçün ən etibarlı və gələcəyə ümid verən tərəfdaş sayılır. Bununla yanaşı, tərəflər bir neçə onilliklər ərzində davam edən iqtisadi sahədə kifayət qədər yaxşı əlaqələrə malikdir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen nadir filizlərin işlənməsi sahəsində əməkdaşlığın yeni formulunu təklif edib. O, Aİ-nin təklifinin digər maraqlı tərəflərin yanaşmalarından fərqləndiyini vurğulayıb. "Onlardan bəziləri müstəsna olaraq vacib xammalın istismarı və çıxarılmasına yönəlib. Bununla belə, Avropa fərqli bir şey təklif edir. Biz yerli sənayenin inkişafında sizin tərəfdaşlarınız olmaq istəyirik", - von der Leyen bildirib.
"Biz hasilat və emaldan tutmuş yeni tədqiqat laboratoriyalarının açılmasına və yerli mütəxəssislərin hazırlanmasına qədər bütün xammal dəyər zənciri boyunca birlikdə yerli sənayelər qura bilərik" dedi.
İstənilən iqtisadi əməkdaşlıq o zaman səmərəli ola bilər ki, onu etibarlı nəqliyyat kommunikasiyaları təmin etsin. Xüsusən də okeana çıxışı olmayan Mərkəzi Asiya ölkələrı üçün bu çox vacib məsələdir. Son üç ilə qədər tərəflər arasında ticarətin əsas kanalı Rusiya idi. Rusiya ərazisindən Mərkəzi Asiyanı Avropa İttifaqı ölkələri ilə birləşdirən çox səmərəli kommunikasiyalar keçirdi. Ancaq Rusiya-Ukrayna müharibəsinin başlaması və Rusiyaya qarşı sanksiyaların nəqliyyat sektoruna da təsir etməsi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) faktiki olaraq alternativi olmayan yeganə marşruta çevrildi və hazırda ölkələr arasında artan ticarət həcmini stimullaşdırır.
Sammitdə, həmçinin, “yaşıl enerji”nin Avropaya ixracı perspektivləri də müzakirə olunub. Sammitdə müzakirə edilən digər layihələrdə də birbaşa və ya dolayısı ilə Azərbaycanın vasitəçiliyindən söz açılıb. Çünki Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat-kommunikasiya sektorunda layihələr Bakının maraqları ilə sıx bağlıdır. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Avropa və Mərkəzi Asiya arasında əməkdaşlığın güclənməsində Azərbaycanın rolu və əhəmiyyəti daha da artacaq.
İndiki mərhələdə Aİ Mərkəzi Asiya ölkələri ilə nə şimaldan Rusiya, nə də cənubdan İran üzərindən əlaqələr qurmaq imkanına malikdir. Təkcə bu geosiyasi faktor Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini alternativsiz statusa daşıyır.
İqtisadi səmərəlilik baxımından yenə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi şimal və cənub alternativindən daha cəlbedicidir. Çunki alternativ cənub və şimal nəqliyyat dəhlizi ilə yüklərin ilk məntəqədən son mənzilə çatdırılması 10 və 12 günə çəkirsə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində bu müddət 6,5 günə enir. Gələcəkdə Zəngəzur dəhlizi açılarsa bu müddət daha bir gün qısaldıla bilər.
O ki qaldı Zəngəzur dəhlizinin sözügedən sammitdə müzakirəyə çıxarılmamasına, bu dəhliz iki tərəf - Azərbaycan və Ermənistan arasında razılasdırılmalıdır. Lakin bu iki ölkədən heç biri bu sammitdə işturak etmirdi. Bu da normaldır, görünür, tərəflər sırf iqtisadi əqdlərin müzakirə edildiyi və bağlandığı bir toplantıya siyasi çalar qatmaq istəməyiblər.
Digər tərəfdən, bu sammitdə razılaşdırılan əqdler əsasında yükdaşımaların intensivləşməsi hələ bir neçə il çəkəcək. Görünür, tərəflər ümud edir ki, ovaxta qədər Zəngəzur dəhlizi onların müdaxiləsi olmadan da açıla bilər. Lakin indiki mərhələdə - Zəngəzur dəhlizi bağlı olduğu halda belə Orta Dəhliz Gürcüstan üzərindən fəaliyyətdədir. Bütün bunları nəzərə alaraq sammitdə nəqliyyat-kommunikasiya məsələsinin geniş müzakirəsinə lüzum görülməyib.
Akif NƏSİRLİ