Ərdoğanın müşavirindən İrəvana açıq mesaj - Azərbaycanın şərtlərini qəbul etməyənə qədər...

İrəvan sülh sazişinin bağlanması üçün Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyənə qədər Türkiyə Ermənistan istiqamətində heç bir müsbət addım atmayacaq.
Trend xəbər verir ki, bunu Türkiyə prezidentinin təhlükəsizlik və xarici işlər üzrə müşaviri Çağır Erhan ADA Universitetinin Xankəndi şəhərində keçirilən 7-ci Siyasi Forumunda bildirib.
Ç. Erhan əlavə edib ki, bəzi Qərb ölkələrində o cümlədən Fransada müşahidə olunan erməni-yönümlü mövqe regionda möhkəm sülhün əldə olunması səylərini ləngitmək təhlükəsi daşıyır.
“Avropa İttifaqı kimi institutlarda Azərbaycana qarşı qəbul olunan qərarlar, məsələn, Azərbaycanın nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında iştirakının dayandırılması, regionda sülhün bərqərar olmasına yardımçı olmur”,- deyə o vurğulayıb.