ABŞ-Rusiya barışığı Ermənistan iqtisadiyyatını çökdürür...

Rusiya və Ermənistan arasında münasibətlər əvvəlki kimi pisləşməyə doğru gedir. Hesab edilir ki, Kreml yaxın tezlikdə Ermənistanın cəzalandırlması tədbirlərinə başlaya bilər.
Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun apardığı araşdırmalara əsasən, İrəvanla Moskva arasında iqtisadi əlaqələrin kəsilməsi Ermənistanın ərzaq təhlükəsizliyinin sistemli şəkildə destabilləşməsinə səbəb olacaq.
Araşdırmalar göstərir ki, Ermənistanın Rusiya ilə xarici ticarət əlaqələri respublikanın ərzaq, enerji və iqtisadi təhlükəsizliyini təmin edir. Ermənistan rəhbərliyi siyasi və hərbi sahədə əməkdaşlığı məhdudlaşdırmaqla yanaşı, Qərb ölkələri ilə tərəfdaşlıq 0yolu ilə ticarət-iqtisadi əlaqələri şaxələndirmək niyyətində olduğunu bildirib. Lakin bu, istənilən nəticəni vermir: "Ermənistanın milli iqtisadi modelinin formalaşması hərbi münaqişələr, enerji böhranı, siyasi qeyri-sabitlik kontekstində baş tutub. Ermənistan iqtisadiyyatının başqa bir xüsusiyyəti miqrasiya axını problemi, qeyri-sabit hərbi-siyasi vəziyyət, zəif bazar və xarici maliyyələşdirmə mənbəyindən asılı olmayaraq yüksək səviyyədə risklərdir”. Qeyd olunur ki, 1990-1995-ci illərdə Ermənistanda ümumi daxili məhsul (ÜDM) ildə orta hesabla 10% azalıb. 1995-2000-ci illərdə ÜDM-in orta illik artım tempi qeydə alınıb. 2000-2005-ci illərdə artım - sürətlənib. Bu, əlverişli xarici iqtisadi vəziyyət, ilk növbədə Rusiya ilə iqtisadi əlaqələrin inkişafı ilə əlaqədar olub. 2005-ci ildən bəri ÜDM-in orta illik artım tempi zaman keçdikcə azalıb və proses 2020-ci illərə kimi davam edib. Bu dövrdə Ermənistanın iqtisadi artım templərinin aşağı düşməsi tendensiyası əlverişsiz regional və qlobal iqtisadi şərait, 2014-2015-ci illərdən etibarən Rusiya ilə Qərb arasında münasibətlərin kəskin şəkildə pisləşməsi, beynəlxalq ticarət sisteminin yenidən qurulmasına səbəb olan, eləcə də 2020-ci ildə COVID-19 pandemiyasının nəticələrinin yaratdığı qlobal iqtisadi tənəzzüllə əlaqəli olub. 2021-2024-cü illərdə Ermənistan iqtisadiyyatının bərpası bir neçə faktora əsaslanıb. Birincisi, 2021-ci ilin bərpa artımı 2020-ci ilin aşağı bazası ilə bağlı olub. İkincisi, 2022-ci ildə (12,6%) və 2023-cü ildə (9,4%) sürətlənmiş artım hissənin yenidən bölüşdürülməsi ilə bağlı olub. Bu zaman erməni şirkətləri Rusiyaya təkrar ixrac həyata keçiriblər. Üçüncüsü, artım amili Ermənistana daimi və ya müvəqqəti yaşamaq üçün köçmüş Rusiyadan olan fiziki şəxslərin hesabına baş tutub. Dördüncüsü, ABŞ və Aİ-nin “sanksiyalarından” yayınmaq üçün bir sıra Rusiya şirkətlərinin Ermənistan yurisdiksiyasına verilməsi Ermənistanın iqtisadi inkişafına daha da mühüm töhfə verib. Bu amillərə görə Ermənistanda daxili tələbatın və investisiya aktivliyinin genişlənməsi müşahidə olunurdu”. Amma indi vəziyyət dəyişir. Bunu erməni iqtisadçı Akop Köçəryan da təsdiq edir.
O qeyd edir ki, Ermənistanda son bir neçə ildə qeydə alınan yüksək iqtisadi artım və büdcə gəlirlərində görünməmiş gəlir indi keçmişdə qalıb. Yeni geosiyasi reallıqlar kontekstində Ermənistanın iqtisadiyyatı və büdcəsi, yumşaq desək, yaxşı heç nə vəd etməyən böyük problemlərlə üz-üzədir: “Rusiya-Ukrayna münaqişəsi və son illərdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar hakimiyyətin iradəsindən asılı olmayaraq Ermənistanın faydalanması üçün əlverişli şərait yaradıb. Bütün bu münaqişə ərzində bizim bank sistemimiz Rusiyanın nəhəng maliyyə axınlarına və əmtəə hərəkətlərinə xidmət zonasında olmuşdur. Rusiyadan külli miqdarda pul gəlib və Ermənistan vasitəsilə başqa ölkələrə gedib, Rusiya bazarına sanksiyalar altında olan malların tədarükünə xidmət edib. Nəticə Ermənistana heç vaxt ehtiyac duymadığı irimiqyaslı idxal baş verdi. Bu mallar reeksport məqsədi ilə idxal edilib ki, bu da Ermənistanın xarici ticarət dövriyyəsinə təsir edib. Son illərdə onlar dəfələrlə artıb. Üstəlik, yerli iqtisadiyyatın ixrac imkanlarının azalması fonunda onlar artıb”. Köçəryan vurğulayıb ki, Ermənistan vasitəsilə təkcə Rusiya bazarına tədarük yox, həm də bəzi Rusiya mallarının təkrar ixracı həyata keçirilir: “Bu, bir anlıq həm iqtisadi artıma, həm də nəhəng xarici ticarət dövriyyələrinin formalaşmasına çox böyük təsir göstərdi. Təkcə bank sistemi vasitəsilə son üç ildə Rusiyadan Ermənistana 11 milyard dollardan çox vəsait daxil olub. Son 3 ildə Rusiyadan pul köçürmələri ən azı 4 dəfə artıb. Bu vəsaitlər Ermənistan bank sistemindən keçərək banklar üçün böyük mənfəət, eləcə də dövlət büdcəsinə gəlirlər təmin edib. Həmin pulların bir hissəsi Ermənistanın bank sistemində bu gün də qalmaqdadır. Amma gözlənilən geosiyasi proseslərdən sonra bunun daha uzun sürməsi ehtimalı azdır. Hakimiyyət bu fürsətdən istifadə edib Ermənistan iqtisadiyyatının gələcək inkişafı üçün uzunmüddətli resurslar yarada bilmədi. Daxili bazarın, maliyyə və iqtisadi mühitin diktə etdiyi problemlərlə üzləşən Ermənistana köçən insan kapitalı və biznes axını bir müddət sonra buranı tərk etdi. Rusiya-Ukrayna münaqişəsi Ermənistanın iqtisadi artımına və büdcə gəlirlərinə böyük təsir göstərdi. Xarici ticarətə və maliyyə axınlarına xidmət nəticəsində büdcə milyardlarla dram gəlir əldə ediib. Bununla belə, bütün bunlarla vidalaşmağın vaxtı çatıb. Dairə sıxılır. Bir vaxtlar Rusiya-Ukrayna münaqişəsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar iqtisadiyyatımıza çox böyük müsbət təsir göstərdiyi kimi, Rusiya-Amerika münasibətlərində gərginliyin azaldılması və Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün başlayan proseslər Ermənistan iqtisadiyyatı üçün problemlər yaradıb. Artıq bunlar ötən ilin ikinci yarısında, müəyyən istiqamətlərdə xarici təsirlərin zəiflədiyi vaxtda özünü göstərməyə başlayıb. Nəticədə iqtisadi artım tempi kəskin şəkildə azalıb. Dövlət büdcəsinə də böyük ziyan dəyib. Planlaşdırılmış məbləğlə müqayisədə ötən il vergi daxilolmaları 223 milyard drama yaxın az yerinə yetirilib. Son illər intensivləşən geosiyasi gərginliyin gözlənilən mümkün yumşaldılmasından sonra xarici amillərin Ermənistan iqtisadiyyatına və dövlət büdcəsinin gəlirlərinə mənfi təsiri daha çox olacaq. Bu, ilk növbədə, həm maliyyə, həm də ticarət axınının azalması ilə ifadə olunacaq. Bu hal son aylarda, xüsusən də ən azı yarıya qədər azalan xarici ticarət göstəricilərində açıq şəkildə özünü göstərir. Amma bununla da bitməyəcək. Təsirlər tədricən Ermənistanın son illərdə iqtisadi artımını süni şəkildə stimullaşdıran bütün digər sahələrə yayılacaq. Əgər Rusiya-Amerika münasibətlərinin bərpası ilə paralel olaraq iqtisadi sanksiyaların Rusiya bazarına təsiri tədricən yumşalsa, Ermənistan vasitəsilə təkrar ixrac öz əhəmiyyətini bütövlükdə itirəcək. Xarici ticarətə xidmətə yönəlmiş maliyyə axınları da azalacaq. Bu, həmin sektorun diktə etdiyi təsirlərin zəifləməsinə, həm iqtisadi artıma, həm bütövlükdə büdcə gəlirlərinə, həm də maliyyə sisteminə və valyuta bazarlarına təzyiqin artmasına gətirib çıxaracaq”. Ermənistan iqtisadiyyatı üçün miqrantların pul köçürmələrindən asılılıq və Rusiya, ABŞ və Aİ-dəki erməni diasporlarının köməyi ilə bağlı əhəmiyyətli problemə işarə edir. İndi bu diaspor da pulları azaldır və beləliklə, Ermənistanı böyük problemlər gözləyir.
Ramil QULİYEV