İlham Əliyevin Pakistan səfərinə qarşı Ermənistanda hazırlıqlar başladı...

Azərbaycan və Pakistan arasında əlaqələrin dinamik inkişafı Ermənistanda getdikcə daha böyük qorxu mənbəyinə çevrilib. Bunu erməni ekspertlərinin, mediasının prosesə yanaşmasından da açıq şəkildə görmək mümkündür.
Sözügedən xüsusda “armenianreport” portalı yazır: “Azərbaycan mediası hansı ikrah hissi doğursa da, onları oxumaq vacibdir. Bu yolla biz qarşı tərəfin bütün planlarından xəbərdar olacağıq. İndi öyrəndik ki, İslamabadda Azərbaycan prezidenti İlham Əliyevin bu ay baş tutması gözlənilən Pakistana rəsmi səfərinə hazırlıq gedir. Qarşıdan gələn səfərlə bağlı mühüm detallar da var.
Pakistanın ingilisdilli “Business Recorder” nəşrinin məlumatına görə, səfər zamanı iki ölkə arasında bir sıra strateji sazişlər imzalanacaq. Onların infrastruktur, enerji və müdafiə kimi sahələri əhatə edəcəyi dəqiqləşdirilir. O cümlədən, Azərbaycanın Pakistanda 2 milyard dollardan çox investisiya layihələri həyata keçirdiyi məlumdur. Məbləğ, deməyə ehtiyac yoxdur, təsiredicidir. Bu, açıq şəkildə Pakistanın Azərbaycana qarşı xüsusi münasibətini ifadə edir. Əslində biz bunu artıq 44 günlük müharibə görmüşük. Pakistan Azərbaycanı dəstəkləyib. Təəssüf ki, İmran Xanın həbsinə baxmayaraq, Pakistan dövlətinin özü beynəlxalq ictimaiyyətdən heç bir kəskin qınaq almayıb. İndi də Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq genişləndirilir.
Belə ki, Əliyevin İslamabada hazırkı səfəri zamanı JF-17 Blok 3 qırıcılarının alınmasına keçmək planları aparılır. Pakistan əvvəlcə JF-17 qırıcılarının daha əvvəlki versiyasını təklif edib, lakin Azərbaycan bu təyyarələri köhnəldiyini nəzərə alaraq, onların modernləşdirilmiş Blok-3 versiyasına maraq göstərməyə başladı. Bu təyyarələrin Çindən ilk alıcısı Pakistan olub, sonra iki ölkə qırıcıların birgə istehsalına başlayıb. Çinin aviasiya sənayesi 2010-cu illərdə sürətli inkişaf dövrünə qədəm qoydu və nəticədə daha müasir texnologiyaya əsaslanan JF-17 Block-3 döyüş təyyarəsi yaradıldı. O, Rusiyanın MiQ-29 RD-33 mühərrikinin xeyli təkmilləşdirilmiş versiyasından istifadə edir. JF-17 Blok-3 daha müasir və güclü Çin WS-13 mühərriki ilə təchiz edilib. JF-17 Block-3 ilk uçuşunu 2019-cu ilin dekabrında etdi. 2023-cü ilin martında JF-17 Block-3 çoxməqsədli qırıcılarının ilk partiyası Pakistan Hərbi Hava Qüvvələrində xidmətə girib. 4+ nəsil qırıcı hesab edilsə də, beşinci nəsil avionika və silahlardan istifadə edir. Dizayn və xüsusiyyətləri baxımından İsveç-Amerika Gripen E ilə müqayisə edilə bilər. Eyni zamanda, bu seçim daha aşağı əməliyyat xərclərinə görə daha büdcə variantlıdır. Ümumiyyətlə, Pakistanın Azərbaycana yenidən kömək edəcəyini deməyə bütün əsaslar var. Bu şərtlər altında Ermənistan necə olacaq? Hərbi Hava Qüvvələrimizi gücləndirmək lazımdır. Burada qeyd etmək yerinə düşər ki, ABŞ-dan F-16 və ya Fransadan “Rafale”, Almaniya-Britaniya istehsalı olan “Eurofighter” almaq Azərbaycan üçün çətindir və cəlbedici deyil. Biz isə Ermənistan Hərbi Hava Qüvvələrinin Fransanın “Rafale” qırıcılarını qəbul etməsini təmin etməklə hazırlaşmalıyıq. Eyni zamanda, biz hava hücumundan müdafiə sistemimizi gücləndirməliyik və ən əsası, Bakının planlarını pozmaq üçün müttəfiqlərimizə təzyiq göstərməliyik.
Aydındır ki, tezliklə qlobal əhəmiyyətli çox ciddi hadisələr baş verə bilər. Xüsusilə, İran ordusu artıq yüksək hazırlıq vəziyyətinə gətirilib ki, bu da Amerika-İsrail tandemi tərəfindən İrana hücum ehtimalının artması ilə bağlıdır. Deməyə əsas var ki, Bakıda hadisələr bu cür inkişaf etsə, onlar bu məqamdan yararlanmağa, Zəngəzurun ələ keçirilməsi ilə bağlı çoxdankı planlarını həyata keçirməyə çalışacaqlar. Dünyada nə baş verdiyini hamı görür! Planetimizdəki vəziyyət heç vaxt bu qədər gözlənilməz, bu qədər qarışıq olmamışdı. Təkcə ABŞ və Rusiyanın yaxınlaşması nəyəsə dəyər! Yeri gəlmişkən, Vaşinqton və Moskva düşmənin Zəngəzurla bağlı planlarına qarşı olmaya da bilər. Azərbaycana silah satmaqda davam edən İsrail isə hadisələrin belə inkişafının tərəfdarıdır. Əgər əvvəllər bu cür tədarüklərin dayandırılacağına dair heç olmasa bir az ümid var idisə, yəhudilərin təsirindən hədsiz dərəcədə asılı olan Trampın prezidentliyi dövründə bunu unutmaq lazım gələcək. Göründüyü kimi, vəziyyət çox həyəcanlıdır. Amma problem haqqında susmaqdansa, bu barədə məlumat vermək daha yaxşıdır”. Lakin burada bir daha xatırladaq ki, Azərbaycan heç də Ermənistana hücum etmək niyyətində deyil. Ölkəmiz açılacaq kommunikasiya xətlərinin necə adlandırılmasından asılı olmayaraq, yüklərin və sərnişinlərin maneəsiz keçidi ilə bağlı ortaq məxrəcə gəlinməsini istəyir. Bu fonda Zəngəzur dəhlizi Avrasiyanın orta xəttində Şimal-Cənub, Şərq-Qərb dəhlizində çox vacib nöqtələrdən bir olacaq. Ekspertlər qeyd edir ki, dəhlizin açılması ilə bölgədə yeni iqtisadi imkanlar özünü biruzə verəcək. Həmçinin yaxın yüz ildə bölgənin gələcəyi onun tarixi keçmişinə qayıdışı ilə nəticələnəcək. Bununla regiondakı demoqrafik vəziyyət, siyasi xəritələr, digər göstəricilər tarixi reallığına qovuşacaq. Hazırda bəzi regional ölkələr bununla bağlı mövqelərini nümayiş etdirir. Bəzi qlobal güclər isə bu yolun tezliklə açılmasını istəyir.
Nahid SALAYEV