Qazaxıstan və Türkmənistan Türk Kiprinə qarşı təhlükəli addım atdı...

Elşad Həsənov: “Ola bilsin ki, Aİ həmin ölkələr qarşısında bu şərti qoyub”
Qazaxıstan və Türkmənistan Türkiyənin Güney Kıbrıs adlandırdığı, rəsmi adı Kipr Respublikası olan ölkədə səfirlik açıb. Qazaxıstanın Kiprdə ilk səfiri olan Nikolay Jumakanov etimadnaməsini prezident Nikos Xristodulidisə təqdim edərkən deyib ki, Qazaxıstan Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Qeyd edək ki, Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bütün adanı əhatə edir. Türkmənistanın Kiprdə ilk səfiri Toyli Komekov bu ölkənin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb. Görüşdən sonra X sosial şəbəkəsində paylaşım edən Kombos Türmənistanın Kiprdə səfirlik açmasını “ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi” kimi qiymətləndirib. İlk olaraq 2024-cü il dekabrın 19-da Özbəkistanın səfiri (həmçinin, İtaliyadakı səfir) Abat Fayzullayev öz etimadnaməsini Kipr prezidentinə təqdim edib. Bu ölkələr Kipri daha əvvəl tanısalar da, Türkiyə ilə münasibətlərə zərər verməmək üçün ora səfir təyin etməmişdilər.
Maraqlıdır, türk dövlətləri nə edir? Bəs Şimali Kipr Türk Respublikasının maraqları?
“ŞKTR Türk Dövlətləri Təşkilatında təmsil olunmaq istəyir, amma...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Qazaxıstan və Türkmənistanın, bu dövlətlərdən əvvəl Özbəkistanın Yunan Kiprini tanımaları narahatlıq doğurur: “Ancaq məsələ ondadır ki, bu dövlətlərin Kipr Respublikasında səfirlik açması beynəlxalq qanunlara uyğundur. Çünki Kipr Respublikası BMT-nin üzvüdür. Müstəqilliyini 1983-cü ildə qazanan Şimali Kipr Türk Respublikasını isə yalnız Türkiyə tanıyıb. Digər dünyadakı dövlətlərin heç biri ŞKTR-i rəsmən dövlət kimi tanımayıb. Baxmayaraq ki, Kipr türkləri öz kefindən bu addımı atmayıb. Onlara qarşı 60-cı illərdən başlayaraq yunanlar irqçilik siyasəti aparıblar. Məqsəd o idi ki, adanı türklərdən tamamilə təmizləyib, sonra da Yunanıstana birləşdirsinlər. 1974-cü il iyulun 20-də Türkiyə adaya ordu yeridərək Kipr türklərini etnik genosiddən xilas etdi. Ondan sonra da aparılan danışıqlar bir nəticə vermədi və Kipr türkləri 1983-cü ilin 15 noyabrında müstəqilliklərini elan etdilər. ŞKTR 2004-cü ildə o vaxt BMT Baş katibi olan Kofi Annanın sülh planına səs verdilər. Ancaq bunun qarşılığında türklərin maraqları nəzərə alınmadı. 2004-cü ildə Yunan Kipri Avropa İttifaqına üzv qəbul edildi. Məlum olduğu kimi, ŞKTR Türk Dövlətləri Təşkilatında təmsil olunmaq istəyir. Ancaq tanınmadığı üçün Orta Asiyanın türkdilli dövlətləri bu məsələdə tərəddüd edirlər. Digər tərəfdən, türkdilli dövlətlərin bu addımı atması Avropa İttifaqı amili ilə bağlıdır. Fikrimcə, Özbəkistan, Qazaxıstan və Türkmənistanın Cənubi Kiprlə (Yunan Kipri) bağlı atdıqları addım Avroittifaqın tələblərindən qaynaqlanır. Məsələ ondadır ki, Aİ Orta Asiya ölkələrinə böyük sərmayələr yatıracağını vəd edib. Orta Asiyada yerləşən türkdilli dövlətlər istəmirlər ki, regionda yalnız Çin və Rusiyanın təsir dairəsi güclü olsun. Ola bilsin ki, Aİ həmin ölkələr qarşısında bu şərti qoyub. Çünki Kipr Respublikası Aİ-nin 27 üzvündən biridir. Yəni Aİ hansısa qərar qəbul edəndə Kipr Respublikasının razılığı lazımdır. Məsələnin bu tərəfi də var”.
Vidadi ORDAHALLI